Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2011-08-24
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin məlumatı

     2011-ci il avqustun 18-də Xətai Rayon Polis İdarəsinə Bakı şəhər sakini Azər Məmmədovun özünə məxsus "Volkswagen-Passat" markalı avtomaşınla evdən çıxması və bir daha geri qayıtmaması barədə məlumat daxil olmuşdur.

 

     Bir gün sonra - avqustun 19-da saat 07:00 radələrində, itkin düşərək polis tərəfindən axtarılan Azər Məmmədovun üzərində kəsici-deşici alətlə yetirilmiş çoxsaylı xəsarətləri olan meyiti Şirvan şəhəri ərazisində aşkar edilmişdir. Şəhər prokurorluğu və şəhər Polis Şöbəsi əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülmüş, digər zəruri istintaq-əməliyyat hərəkətləri aparılmışdır.

 

     Faktla bağlı Şirvan şəhər prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

 

     DİN-in Baş Cinayət-Axtarış İdarəsi, Şirvan şəhər prokurorluğu, Şirvan şəhər və İmişli rayon Polis Şöbələri əməkdaşlarının birgə həyata keçirdikləri intensiv, təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan  ağır cinayətin İmişli rayon sakinləri Tural Qarayev və Turqut Məmmədov tərəfindən törədilməsi müəyyən olunaraq tutulmuşlar.

 

     İlkin ifadələrində onlar törətdikləri cinayət əməlini etiraf edərək bildirmişlər ki, avqustun 19-da Bakı şəhərində olarkən gecə saat 02:00 radələrində Bakı metropoliteninin "28 May" stansiyasının yaxınlığında mərhum A.Məmmədovun taksi kimi idarə etdiyi avtomaşını saxlatdırıb Şirvan şəhərinə gedəcəklərini bildirmişlər. Sürücü ilə 80 manata razılaşaraq Şirvan şəhərinə çatdıqdan sonra əvvəlcədən öz aralarında razılaşdıqları plana uyun olaraq, sürücünü çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirmiş və meyiti hadisə yerinə atdıqdan sonra avtomaşını sürərək getmişlər.

 

     Mərhum A.Məmmədova məxsus "Volkswagen-Passat" markalı avtomaşın İmişli rayonu ərazisində aşkar edilmişdir.

 

     Hazırda cinayət işi üzrə istintaq Şirvan şəhər prokurorluğunda davam etdirilir.