Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2011-09-23
Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətinin məlumatı

   Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq onun fəaliyyətininin prioritet istiqamətlərindən olan  korrupsiyaya qarşı mübarizənin daha ciddi aparılması barədə göstrərişlərinə müvafiq olaraq prokurorluq orqanları tərəfindən bu istiqamətdə ardıcıl və sistemli tədbirlər davam etdirilir.

 

    Son günlər Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən mütəşəkkil cinayətkarlığın   təzahürlərindən sayılan  korrupsiyanın  təhlükəli növlərindən olan rüşvət cinayətlərinin aşkar edilməsi və tutduqları vəzifədən qulluq mənafeyinə zidd istifadə edən məmurların cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə bir sıra uğurlu əməliyyat-istintaq tədbirləri həyata keçirilmişdir. 

    Vətəndaş Asif Pirverdiyev və Fərhad  Tağıyevin prokurorluğa müraciəti əsasında başlanılmış cinayət işi üzrə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı departamentinin Göranboy rayonu ərazisində yerləşən «Korçay» Dövlət Təbiət qoruğunun sabiq direktoru Emil Bağırov  müavini Zamanpur Füzuli Nizami oğlu ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 2009-cu ilin aprel - sentyabr aylarında qoruğa mühafizə yegeri vəzifəsinə işə götürmək müqabilində rayon sakinləri olan Asif Pirverdiyev, Fərhad Tağıyev, Sadiq Əliyev, Vasif Pirverdiyev, Zahir Namazovun hər birindən 1000 ABŞ dolları, Elşad Kazımovdan  1100 ABŞ dolları,Taleh Cəfərovdan 500 ABŞ dolları, Vüsal Alıyevdən isə 800 ABŞ dolları, ümumilikdə 8 nəfərdən 7400 ABŞ dolları məbləğində rüşvət tələb edib almışlar.
 

    Bundan başqa, sabiq direktor Emil Bağırov qoruğun digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 2009-cu ilin aprel ayından 2010-cu ilin dekabr ayınadək olan müddət ərzində öz qulluq mövqelərindən istifadə edib aldatma və etibardan sui-istifadə etmək yolu ilə qoruq əməkdaşlarının adlarına olan əmək haqqı kartlarını ələ keçirib həmin kartlar vasitəsi ilə işçilərin küllü miqdarda - 14987.29 manat məbləğində əmək haqqı vəsaitlərini müxtəlif bankomatlardan çıxarıb mənimsəmişlər.

     Törətdiyi cinayət əməllərinə görə  Emil Bağırov  Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla  özgə əmlakını talama, ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığına görə cinayət məsuliyyəti nəzərdə tutan  309.2, 313, 179.3.2, 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4, 311.3.1, 311.3.2, 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü, bundan başqa həmçinin o və  Füzuli Zamanpur qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar rüşvət almaya görə Azərbaycan Respublikası CM-nin 311.3.1 və 311.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı  həbs qətimkan tədbiri seçilmişdir.
 
    Vətəndaş Rabil Məmmədquliyev korrupsiya halları  ilə üzləşmiş vətəndaşlara birbaşa və maneəsiz müraciət etmək imkanı verən idarənin  "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzinə müraciət edərək sərnişindaşıma fəaliyyəti ilə məşğul olduğu Gəncə-Göygöl rayonunun Xaqani kənd marşrutu üzrə xəttə özbaşına  buraxdığı mikroavtobusun nəqliyyat müfəttişləri tərəfindən alınaraq saxlanılmış nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsinin qaytarılması və xəttə ikinci mikroavtobusun buraxılmasına icazə verilməsi üçün Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin       «Avtonəqliyyatservis» departamentinin Gəncə 1 saylı regional nəqliyyat Məhdud Məsuliyyətli Cəmiyyətinin rəisi Şəmistan Nağıyevin müqavilə üzrə həmin marşrutu istismar edən «Həsən Süleymanoğlu» Məhdüd Məsuliyyətli Cəmiyyətin dispetçeri  Həsən Əliyev vasitəsilə ondan 2000 manat rüşvət tələb etdiyini və tələb olunan  rüşvətin müqabilində 1500 manat pulu verməsi barədə onlarla razılaşdığını bildirmişdir.
 
    Müraciətin araşdırılması ilə əlaqədar 20 sentyabr 2011-ci il tarixdə  saat 15 radələrində Həsən Əliyev şikayətçi  Rabil Məmmədquliyevlə birlikdə "Avtonəqliyyatservis» departamentinin Gəncə 1 saylı regional nəqliyyat Məhdud Məsuliyyətli Cəmiyyətinin binasından çıxdıqdan sonra Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə  İdarəsinin əməkdaşları tərəfindən saxlanıldıqda, rüşvət kimi verilmiş və şikayətçinin  prokurorluq orqanına müraciəti üzrə  protokolla rəsmiləşdirilmiş seriya və nömrələri ilə  eynilik təşkil edən 100 və 50 manatlıq əskinazlardan  200 manatı onun üzərində, 1300  manat isə Cəmiyyətin rəisi Şəmistan Nağıyevin iş otağında yazı stolunun siyirtməsindən aşkar edilərək hal şahidlərinin iştirakı ilə götürülərək rəsmiləşdirilmişdir.
 
    Toplanmış material üzrə başlanmış cinayət işi üzrə törətdiyi  əməllərinə görə cinayət başında yaxalanmış  Şəmistan Nağıyev və  Həsən Əliyev  Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən  rüşvət almaya görə məsuliyyət nəzərdə tutan 311.3.1-ci maddəsi ilə təqsirləndirilən şəxs  qismində cəlb edilmiş və barələrində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilmişdir.
 

    Bundan başqa vətəndaş Cəfər Yusifovun ona  əlillik dərəcəsinin təyin olunması üçün  ondan 1000 manat  rüşvət tələb edilməsi barədə sentyabrın 17-də  "Qaynar xətt" əlaqə mərkəzinə  etdiyi müraciəti üzrə də  təxirəsalınmaz  tədbirlər həyata keçirilmiş, cinayət törətmiş şəxslər ifşa olunaraq məsuliyyətə cəlb  olunmuşlar.

 

     Belə ki, Azərbaycan  Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tovuz rayon 28 saylı Tibbi Sosial-Ekspert Komissiyasının sədri  Rəhim Məmmədov və həmin komissiyanın  ekspert-cərrahı Əli Həsənov cinayət əlaqəsinə girərək, tələb olunan zəruri sənədləri komissiyaya təqdim edən və dəfələrlə müraciət edən Cəfər Yusifova  2-ci qrup əlillik dərəcəsinin təyin olunmasının 1000 manat müqabilində mümkün olacağını bildirməklə  ondan rüşvət istəmişlər.

 

      Keçirilmiş əməliyyat tədbirləri nəticəsində 21 sentyabr 2011-ci il tarixdə Rəhim Məmmədov və ekspert-cərrah Əli Həsənov 28 saylı Tibbi Sosial Ekspert Komissiyasının fəaliyyət göstərdiyi binada Cəfər Yusifovdan 1000 manat rüşvət alarkən cinayət başında  yaxalanmışlar.

 

     Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1-ci (bir qrup şəxs tərəfindən rüşvət alma) maddəsi ilə cinayət işi başlanılmış,Rəhim Məmmədov və Əli Həsənova həmin maddələrlə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. 

 

Hazırda cinayət işləri üzrə ibtidai istintaq davam edir, nəticəsi barədə ictimaiyyətə əlavə məlumat verilməsi təmin ediləcəkdir.