Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2011-11-03
Valyutadəyişmə məntəqəsinin sahibi İlyas Vahabovu qətlə yetirməkdə təqsirli bilinən şəxslər barəsində həbs qətimkan tədbiri seçilmişdir

     Məlumat verildiyi kimi, 19 sentyabr 2011-ci il tarixdə saat 21.30 radələrində Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 11/5, mənzil 23-də yaşamış 1966-cı il təvəllüdlü Vahabov İlyas Abbas oğluna yaşadığı binanın qarşısında naməlum şəxslər tərəflndən bıçaq xəsarətləri yetirilmiş və o, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilsə də aldığı xəsarətlərdən ertəsi gün xəstəxanada ölmüşdür.

 

     Faktla bağlı sentyabrın 20-də Sumqayıt şəhər prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

 

    Azərbaycan Respublikası Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin, Baş Prokurorluğun, Sumqayıt şəhər prokurorluğu və Sumqayıt şəhər Polis İdarəsinin birgə həyata keçirdikləri intensiv, təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan  ağır cinayətin Bakı şəhər sakinləri - 1997-ci il təvəllüdlü Səlimbəyli Vaqif Etibar oğlu və 1993-cü il təvəllüdlü Əbilov Anar Cavanşir oğlu tərəfindən törədilməsi müəyyən olunaraq tutulmuşlar.

 

     İstintaqla müəyyən edilmişdir ki, Vaqif Səlimbəyli İlyas Vahabovun işlədiyi valyutadəyişmə məntəqəsindən evinə gedərkən üstündə pul apardığını bilmiş, həmin pulu ələ keçirib aralarında bölüşdürmək barədə dostu Anar Əbilovla razılığa gələrək qabaqcadan əlbir olub sentyabrın 19-da saat 21:30 radələrində İlyas Vahabovun yaşadığı ünvana gələrək pusquda dayanıb onu gözləmişlər. Sonuncu dalana daxil olarkən Vaqif Səlimbəyli özü ilə gətirdiyi və silah qismində istifadə etdiyi bıçaqla İ.Vahabova iki zərbə yetirmişdir. Aldığı xəsarətlərdən İ.Vahabov ertəsi gün xəstəxanada ölmüşdür.

 

     Vaqif Səlimbəyli və Anar Əbilov törətdikləri hərəkətlərə görə Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində Sumqayıt şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

 

     Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.