Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2011-11-24
Qaz partlayışı və dəm qazından zəhərlənmə hadisələrini doğuran səbəblərin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür

     Bakı şəhər prokurorluğu tərəfindən aparılmış araşdırmalarla müəyyən olunmuşdur ki, respublika ərazisində havaların soyuması ilə əlaqədar təbii qazdan istifadə intensivliyinin artması ilə bağlı cari ilin sentyabr-noyabr ayları ərzində Bakı şəhərində təbii qazdan istifadə zamanı qaz istehlakçıları tərəfindən müəyyənləşdirilmiş təhlükəsizlik qaydalarına əməl olunmaması, texniki normativlərə cavab verməyən qızdırıcılardan istifadə edilməsi və bu məsələlərdə səlahiyyətli orqanlar tərəfindən zəruri nəzarətin həyata keçirilməməsi səbəbindən vətəndaşların ölümü və xəsarət almaları ilə nəticələnmiş dəm qazından zəhərlənmə və qaz partlayışı hadisələrinin sayı artmışdır.

     Qeyd edilən müddətdə Binəqədi rayonu üzrə bu xarakterli 4, Yasamal rayonu üzrə 3, Nərimanov və Xətai rayonlarının hər biri üzrə 2, Nəsimi, Sabunçu və Səbail rayonlarının hər biri üzrə isə 1 hadisə qeydə alınmaqla nəticədə 15 nəfər ölmüş, 7 nəfər isə müxtəlif dərəcəli xəsarətlər almışdır.

     Həmin faktlarla əlaqədar müvafiq rayon prokurorluqlarında cinayət işləri başlanıb, istintaq aparılır.

     Baş vermiş hər bir hadisə üzrə prokurorluq orqanları tərəfindən digər əlaqədar hüquq mühafızə orqanları ilə birlikdə müvafiq araşdırmalar aparılmaqla təqsirkar şəxslərin qanunla müəyyənləşdirilmiş qaydada məsuliyyətə cəlb olunması, eyni zamanda hadisələrin baş vermə səbəblərinin müəyyənləşdirilməklə onları doğuran halların aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsi təmin olunur.

     Bakı şəhər prokurorluğu tərəfindən həmin məsələlər diqqət mərkəzində saxlanılmaqla qaz partlayışları və dəm qazından zəhərlənmə hadisələri üzrə başlanmış bütün cinayət işləri üzrə tam, hərtərfli və obyektiv istintaq aparılır.

     Fövqəladə Hallar Nazirliyi, "Azəriqaz" İstehsalat Birliyi və digər əlaqədar icra strukturları tərəfindən kütləvi informasiya vasitələri, o cümlədən televiziya kanalları, dövri mətbu nəşrlər vasitəsi ilə əhalidən yaşayış evlərində və ictimai binalarda təbii qazdan istifadə edən zaman diqqətli olmaları və gözlənilməz hadisənin baş verməməsi üçün texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələri barədə dəfələrlə xəbərdarlıq olunmalarına baxmayaraq qeyd edilənlərdən lazımi nəticə çıxarılmamışdır.

     Eyni zamanda aparılan təhlillə müəyyən edilmişdir ki, vətəndaşların yaşadıqları mənzillərdə quraşdırılmış qaz avadanlıqarında təbii qazdan istifadənin norma və qaydalarına əməl olunmasına nəzarətin aidiyyəti qurumlar tərəfindən lazımi səviyyədə həyata keçirilməməsi, mövcud nöqsan və qüsurların aradan qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirlərin vaxtında və mütəmadi həyata keçirilməməsi, istehlakçılar tərəfindən təbii qazdan istifadə edilməsi qaydalarına səhlənkar yanaşılması, habelə kustar üsulla hazırlanmış, müxtəlif ölkələrdən gətirilmiş standarlara uyğun olmayan qazla işləyən qızdırıcı cihazlardan istifadə edilməsi belə hadisələrin baş verməsinə səbəb olmuşdur.

     Vətəndaşların həyatı, sağlamlığı, ətraf mühitin mühafizəsi üçün təhlükəsizlik tələblərinə uyğunluğunu təsdiq edən sertifikatı olmayan malların Azərbaycan Respublikasında satılması və istifadə edilməsi qadağan olduğu halda bəzi hallarda qanunvericiliyin tələblərinə zidd olaraq belə malların respublika ərazisində istehsal edilməsi halları da mövcud olmuşdur.

     Belə ki, Respublika Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən aparılmış yoxlama zamanı müəyyən edilmişdir ki, fiziki şəxs Mehran Manoucheri Ahmad İran İslam Respublikasından qaz sobaları üçün ehtiyyat hissələri gətirərək paytaxtın Nərimanov rayonu ərazisində icarəyə götürdüyü anbarda onların yığımını həyata keçirmiş və üzərlərinə qanunsuz olaraq əmtəə nişanları bərkitməklə İİR-da istehsal olunmuş mal kimi satışını təşkil etmişdir. Ambara baxış zamanı 387 ədəd "SHAREGH TOOS", 32 ədəd "TEKSAN HAZAR" əmtəə nişanlı istilik qaz sobaları, 132 ədəd həmin sobalara aid reduktor, əmtəə nişanları və sair əşyalar aşkar edilmişdir. Cari ilin sentyabr-noyabr aylarında həmin şəxs tərfindən istehsal olunmuş qaz sobalarından satış məqsədi ilə paytaxtda fəaliyyət göstərən ticarət müəssisələrinə göndərilmiş 2468 ədəd sobanın satışdan çıxarılması istiqamətində komitə tərəfindən müvafiq tədbirlər görülür.

     Fakta görə Bakı şəhər prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 197 (əmtəə nişanlarından qanunsuz istifadə etmə), 200 (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

     Paytaxt ərazisində insanların ölümünə, onların xəsarət almalarına, ölkə iqtisadiyyatına və vətəndaşlara ziyan dəyməsinə səbəb olan qaz partlayışlarının qarşısının alınması, onları doğuran səbəb və şəraitin vaxtında aradan qaldırılması üçün konrket tədbirlərin həyata keçirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi barədə Bakı şəhər İcra Hakimiyyətinə təqdimat göndərilmişdir.

     Prokurorluq orqanları tərəfindən digər əlaqədar hüquq mühafızə orqanları, eyni zamanda qaz təchizatı sahəsinə dövlət nəzarətini həyata keçirən icra strukturları ilə əlaqəli şəkildə baş vermiş hər bir hadisə üzrə müvafiq araşdırmalar aparılmaqla, təqsirkar şəxslərin qanunla müəyyənləşdirilmiş qaydada məsuliyyətə cəlb olunması, həmçinin hadisələrin baş vermə səbəblərinin müəyyənləşdirilməklə onları doğuran halların aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsi təmin olunacaqdır.