Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2011-12-01
Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun Mətbuat xidmətlərindən

     Bakı şəhərində fəaliyyət göstərən «Ekstreme» Məhdud Məsuliyyətli Cəmiyyətin sədri İsmayılov Dəyanət Əkbər oğlu «Smart Mobile» firmasının direktoru Vahabzadə Mehman Ramiz oğlunu və onun biznes ortağı Mikayılov Samid Rasim oğlunu təxminən 1.4 milyon ABŞ dolları məbləğində pul vəsaiti ilə bağlı aralarında yaranmış mübahisəni həll etmək bəhanəsi ilə noyabrın 20-də cəmiyyətin Nəsimi rayonunda yerləşən ofisinə dəvət etmişdir. Bundan sonra həmin şəxslərin ofisdən çıxmalarına məhdudiyyət qoyaraq qeyd edilən vəsaiti tam ödəyənə və mülkiyyətlərini onun adına keçirənə qədər onları ofisdə saxlayacağını, əks təqdirdə isə işgəncə veriləcəyini bildirmişdir.

     Noyabrın 26-da Dəyanət İsmayılov Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərinə getmiş, onlara nəzarət etməyi isə ofisdə mühafizəçi işləyən Mətləb Eyvazovla qardaşı Rüfət İsmayılova tapşırmışdır.

     Həmin şəxslərin girov saxlanılmaları ilə bağlı Daxili İşlər Nazirliyinə daxil olmuş məlumat əsasında noyabrın 28-də həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində səkkiz gün girov saxlanılan Mehman Vahabzadə və Samid Mikayılov qeyd edilən ofisin binasında bağlı qapılar arxasında ayrı-ayrı otaqlarda aşkar edilərək azad olunmuşlar.

     Fakta görə noyabrın 29-da Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 145.2.1 və 145.2.4-cü (qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır. İş üzrə prokurorluğun və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmışdır.

     Mətləb Eyvazov və Rüfət İsmayılov Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

     Dəyanət İsmayılovun istintaqa cəlb edilməsi istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.