Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2011-12-05
Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun Mətbuat xidmətlərindən

    2011-ci il noyabrın 28-də vətəndaş Ramin Məmmədov Daxili İşlər Nazirliyinin "102" xidmətinə  müraciət edərək yaşadığı ünvanda iki mərtəbəli evin tikintisinə görə Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin sahə müvəkkili, polis mayoru Toğrul Hüseynovun hər mərtəbə üçün ondan 1000 manat tələb etdiyini bildirmişdir.  

    Daxili İşlər Nazirliyinin və Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu  tərəfindən həyata keçirilmiş operativ tədbirlərlə Toğrul Hüseynov dekabrın 3-də  xidməti otağında həmin vətəndaşdan 1000 manat rüşvət alarkən yaxalanmışdır.

    Fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

    Törətdiyi əmələ görə təqsirləndirilən şəxs qismində cəlb edilən Toğrul Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

    Respublikanın hüquq mühafizə orqanları tərəfindən korrupsiya hüquqpozmaları və korrupsiyaya şərait yaradan halların qarşısının alınması və aşkarlanması istiqamətində tədbirlər davam etdirilir.