Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2011-12-15
Korrupsiyaya qarşı mübarizə tədbirləri ardıcıl və sistemli olaraq davam etdirilir

     Prokurorluq orqanları tərəfindən mütəşəkkil cinayətkarlığın  təhlükəli təzahürlərindən olan korrupsiyanın, vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifadə hallarının qarşısının alınması, cinayət törətmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir.

     Belə ki, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Cəfərov Oqtay Səttar oğlu "Royalbank" ASC-yə qarşı depozit müqaviləsi əsasında banka qoyduğu 30.0 min manat pul vəsaitinin geri qaytarılması barədə Yasamal rayon məhkəməsi qarşısında iddia qaldırmışdır.

     Mülki işə məhkəmədə baxılarkən "Royalbank" ASC-nin Yasamal filialından 2009-2010-cu illər ərzində məxaric orderlərinə Oqtay Cəfərovun adından saxta imzalar edilməklə müxtəlif məbləğlərdə pul vəsaitlərinin cəmiyyətin Yasamal filialının keçmiş rəhbər vəzifəli şəxsləri tərəfindən mənimsənilməsi müəyyən edilmişdir.

     Fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmışdır.

      Digər bir cinayət işi şəxsiyyət vəsiqəsinin saxtalaşdırılmaqla dövlət əmlakının dələduzluq yolu ilə ələ keçirilməsi faktına görə başlanmışdır.

   Belə ki, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Zərdab şəhər sakini Səfərəliyeva Şəfəq Abdulməmməd qızı 26 dekabr 2006-cı il tarixdə yaşa görə əmək pensiyası təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun Zərdab rayon şöbəsinə müraciət etmiş və doğum tarixi saxtalaşdırılmış şəxsiyyət vəsiqəsini digər sənədlərlə birlikdə ərizəsinə əlavə edərək pensiya təyini üçün əsas olan 51 yaşa çatdığını göstərmişdir. Təqdim edilmiş sənədlər əsasında Fondun Zərdab rayon şöbəsində ona yaşa görə əmək pensiyası təyin edilmiş və bununla da Ş.Səfərəliyeva  qeyd edilən tarixdən 30 noyabr 2011-ci il tarixədək 4.6 min manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirmişdir.

     Fakta görə Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmışdır.

     Hazırda hər iki cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində istintaq davam etdirilir.