Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2011-12-20
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğun məlumatı

     Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq tərəfindən birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə etmə və aldatma yolu ilə onlara məxsus külli miqdarda əmlakı ələ kecirmək məqsədilə dələduzluqla məşğul olan şəxslər ifşa olunaraq yaxalanmışlar.

     Belə ki, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhər sakini, 1981-cı il təvəllüdlü Ağacanov Elçin Tapdıq oğlu özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Azərbaycan Respublikasının vətəndaşının (şəxsin adı və soyadı özünün xahişi ilə açıqlanmır) etibarından sui-istifadə edərək ona 50 min manat pul müqabilində Milli Təhlükəsizlik Nazirliyinə işə düzəldəcəyi barədə yalan vəd vermişdir. Elçin Ağacanov bu məqsədlə Bakı şəhəri Bayıl qəsəbəsinin ərazisində yerləşən restoranların birində həmin vətəndaşın 50 min manat pulunu ələ keçirməyə cəhd edərkən cinayət başında yaxalanmışdır.

     Faktla bağlı Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə İdarəsində Azərbaycan Respub­likası Cinayət Məcəlləsinin 29, 178.3.2-ci (etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirməyə cəhd) maddəsi ilə cinayət işi başlanılmış, Elçin Ağacanov təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

     Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş daha bir əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yaşayan, 1963-cü il təvəllüdlü Cavadov İlqar Məcnun oğlu ifşa edilmişdir.

     Belə ki, Azərbaycan Respublikasının vətəndaşı (şəxsin adı və soyadı özünün xahişi ilə açıqlanmır) Milli Təhlükəsizlik Nazirliyinə ərizə ilə müraciətində göstərmişdir ki, İlqar Cavadov onu Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə işə düzəldəcəyi barədə yalan vəd vermiş, bunun üçün 80 min manat pul istəmiş və aralarında olan sövdələşməyə görə ilkin ödəniş kimi 5 min manat verilməsi barədə razılaşmışlar.

     Bakı şəhərinin Sabunçu rayonu ərazisindəki kafelərin birində ilkin ödəniş kimi 5 min manat pulu ərizəçidən alarkən hal şahidlərinin iştirakı ilə keçirilmiş əməliyyat tədbiri nəticəsində İlqar Cavadov cinayət başında yaxalanmışdır.

     Faktla bağlı Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə İdarəsində Azərbaycan Respub­likası Cinayət Məcəlləsinin 178.2.4-cü (etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanılmış, İlqar Cavadov təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

     Cinayət işləri üzrə bütün halların araşdırılması üçün zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

     Elçin Ağacanovun və İlqar Cavadovun qanunsuz hərəkətlərinin yuxarıda gös­­tərilənlərlə məhdudlaşmadığı ehtimal olunduğundan, onların hüquqazidd əməl­­lərindən zərər çəkmiş digər vətəndaşlardan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə və Milli Təhlükəsizlik Nazirliyinin ərazi orqanlarına müraciət etmələri xahiş olunur:

Əlaqə telefonları: 440-81-58 və 405-99-99.