Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2012-01-06
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə məlumatı
     Yanvarın 2-də saat 20:30 radələrində paytaxtın Nizami rayonunda - M.Əliyev küçəsində yerləşən və çoxsaylı insanların istirahət etdiyi "Neolit" restoranının qarşısında ictimai qaydanın kobud surətdə pozulmaqla vətəndaşların rahatlığına qəsd edən və cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi ilə müşaiyət olunan qərəzli xuliqanlıq hadisəsi qeydə alınmışdır. 
 
     Belə ki, həmin tarixdə Bakı şəhər sakini, heç bir yerdə işləməyən Hüseynli Şahin Rabil oğlu sərxoş vəziyyətdə əylənmək üçün qeyd edilən restorana gələrək özünə məxsus "Jaguar" markalı avtomobili restoranın qarşısında düzgün saxlamadığı üçün restoranın əməkdaşları ilə aralarında mübahisə yaranmışdır. Restoranın əməkdaşlarının iradlarını qəbul etməyən Şahin Hüseynli intizama dəvət edilsə də, əksinə o, bundan daha da əsəbiləşərək ictimai qaydanı kobud surətdə pozmaqla, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi ilə müşaiyət olunan hərəkətlər edərək avtomobilinin yük yerində gəzdirdiyi özünə məxsus 16 kalibrli, yivsiz qoşalülə ov tüfəngindən restoranın giriş qapısına atəş açmışdır. Bu zaman restoranda istirahət edən çoxsaylı insanlar vahiməyə düşərək restoranı tərk etmiş, foyedə olmuş Nağıyev Fəxrəddin Firdovsi oğlu isə açılmış atəş nəticəsində bədəninin müxtəlif nahiyyələrindən xəsarətlər almışdır.
Dərhal hadisə yerinə gəlmiş Nizami Rayon Polis İdarəsinin polis nəfərləri tərəfindən Şahin Hüseynli zərərsizləşdirilmişdir.
 
     Fakta görə Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah tətbiq etməklə) maddəsi ilə cinayət işi başlanmış, hadisə yerinə baxış keçirilmiş, Şahin Hüseynlinin cinayətdə istifadə etdiyi tüfəng maddi sübut kimi götürülmüşdür. İş üzrə müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq hərəkətləri aparılmışdır. Cinayətin törədilməsində təqsirli bilinən Şahin Hüseynliyə həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
    
     Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.