Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2012-01-09
Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətinin məlumatı
     Yanvarın 9-da Azərbaycan Respublikasının Baş prokuroru yanında Prezident cənab cənab İlham Əliyevin 2008-ci il 27 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı"nın icrasının nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilmişdir.
 
     Əməliyyat müşavirəsində məruzə ilə çıxış edən baş prokuror Zakir Qaralov yola saldığımız 2011-ci ilin Azərbaycan Respublikasının müstəqil inkişaf tarixinin ən mühüm dövrlərindən biri olduğunu bildirmişdir. Prezident cənab cənab İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına ünvanlanmış bayram təbrikində səsləndirildiyi kimi, ölkə qarşısında duran bütün əsas vəzifələrin öz həllini tapdığını və uğurlu iqtisadi inkişafın təmin edildiyini diqqətə çatdırmışdır. Xüsusi vurğulanmışdır ki, düşünülmüş və praqmatik dövlətçilik siyasətinin nəticəsidir ki, 2011-ci ildə əhalinin pul gəlirləri 20 faiz, 900 minə yaxın təqaüdçünün orta pensiyası 40 faiz, qeyri-neft sektoru 10 faiz artmış, valyuta ehtiyatlarımız 40 milyard ABŞ dolları həddini keçmiş, 100 min yeni iş yeri açılmaqla son səkkiz ildə bu göstərici 1 milyona bərabər olmuş, inflyasiyanın səviyyəsi 8 faiz civarında qalmaqla yoxsulluğun səviyyəsi 8 faizdən də aşağı düşmüş, işsizliyin səviyyəsi 5,5 faizə qədər enmişdir. Artıq 600 növ hərbi yönümlü məhsullar istehsal edən Azərbaycanın hərbi xərcləri 3 milyard dollarlıq həddi keçməklə hərbi quruculuq işləri daha yüksək səviyyəyə qalxmışdır. Eyni zamanda, 2011-ci ildə 20 illik müstəqillik dövründə ən böyük tarixi qələbə qazanılaraq, Azərbaycan Respublikası dünyanın 155 ölkəsinin dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir.
 
     Baş prokuror vurğulamışdır ki, ötən il Azərbaycan Respublikası Prokurorluğu orqanları üçün də uğurlu hesabat dövrü olmuş, digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlər görülmüşdür. Prokurorluq orqanlarının səyləri, ilk növbədə dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbər göstərişlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə, prokurorluqda islahatların yeni məzmunda davam etdirilməsinə, "Prokurorluq haqqında" Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılmasına, mövcud çatışmazlıqlar və neqativ təzahürlərin təxirə salınmadan aradan qaldırılmasına yönəldilmiş, həmin vəzifələrin icrası istiqamətində əhəmiyyətli uğurlar əldə edilməklə müsbət iş göstəricilərinə nail olunmuşdur. 
 
     Digər hüquq mühafizə orqanları, ilk növbədə Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri ilə qarşılıqlı əlaqəli birgə fəaliyyətin nəticəsidir ki, 2011-ci il ərzində cinayətkarlığa qarşı mübarizə daha kəsərli olmaqla yeni müstəviyə qaldırılmış, cinayətkarlığın dinamika və strukturunda müsbət dəyişikliklər baş vermişdir. Hesabat dövründə görülmüş işlər sırasında korrupsiyaya qarşı mübarizə işinin səmərəliliyin artırılması, bu sahədə ixtisaslaşdırılmış cinayət təqibi orqanı kimi Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində Prezident cənab İlham Əliyevin dəstəyi ilə dövlət səviyyəsində həyata keçirilmiş tədbirlərin müstəsna əhəmiyyəti xüsusi vurğulanmışdır. Qeyd olunmuşdur ki, mütəmadi olaraq idarənin strukturu təkmilləşdirilməklə səmərəli fəaliyyəti təmin edəcək yeni şöbə və digər qurumların yaradılması, ilk dəfə olaraq, bu quruma əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətlərinin verilməsi, işçilərinin say tərkibi və vəzifə maaşlarının əhəmiyyətli dərəcədə artırılması böyük dövlət qayğısının təzahürüdür. Bütün bu işlər korrupsiyaya qarşı mübarizəyə istiqamətləndirilmiş fəaliyyətin daha səmərəli və çevik təşkili üçün hərtərəfli zəmin yaratmış, yola saldığımız hesabat ilində korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən zəruri tədbirlər həyata keçirilmişdir. 
 
     Zakir Qaralovun məruzəsində görülmüş işlər sırasında xüsusi vurğulanmışdır ki, 2011-ci ildə Azərbaycan Prezidentinin 2008-ci il 27 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı"nın icrası başa çatdırılmışdır. Prokurorluğa dövlət səviyyəsində həmişə yüksək qayğı və diqqət göstərən, onun problemlərinin həlli istiqamətində zəruri tədbirlərin görülməsini təmin edən Prezident cənab İlham Əliyevin Azərbaycan Prokurorluğunun 90 illik yubileyi ərəfəsində təsdiq etdiyi həmin Dövlət Proqramı prokurorluğun tarixində yeni təkmilləşmə, hərtərəfli inkişaf və müasirləşdirmə dövrünün əsasını qoymuş, 2009-2011-ci illər ərzində prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi, maddi-texniki təminatının yaxşılaşdırılması və işçilərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində konkret vəzifələr müəyyənləşdirmişdir. Prokurorluq orqanlarının fəaliyyətinin bütün istiqamətlərini əhatə edən Dövlət Proqramında nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi hüquq sisteminin inkişafı prosesində prokurorluğun rolunun artırılması, cinayətkarlığa qarşı mübarizə və istintaq aparılmasında digər hüquq mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi, prokurorluğun işində müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunması, mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, "Prokurorluq haqqında" Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin yüksəldilməsi, dövlət ittihamının müdafiəsində peşəkarlığın artırılması, beynəlxalq əlaqələrin genişləndirilməsi, habelə prokurorluq əməkdaşlarının sosial təminatının yaxşılaşdırılması və maddi-texniki bazanın möhkəmləndirilməsi ilə nəticələnmişdir. Baş prokurorun müavinlərinin və idarə rəislərinin sədrliyi ilə yaradılmış komissiyalar və işçi qruplarının səmərəli fəaliyyəti nəticəsində Dövlət Proqramının icrası ilə əlaqədar təsdiq edilmiş Tədbirlər planının müəyyən edilmiş müddətlər ərzində və keyfiyyətli icrası təmin olunmuşdur.
 
     "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı"nın icrası ilə əlaqədar görülmüş işlər barədə baş prokurorun müavini Namiq Əsgərov geniş məlumat vermişdir. 
 
     Dövlət Proqramı və onun icrası ilə əlaqədar müvafiq Tədbirlər planında "Prokurorluq haqqında" Qanunla müəyyənləşdirilmiş konkret fəaliyyət istiqamətləri üzrə nəzərdə tutulmuş tapşırıqların icrası ilə əlaqədar müzakirələrdə iştirak edən Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Nazir Bayramov və Hüquqi təminat və informasiya idarəsinin rəisi Natiq Hüseynov ətraflı çıxış etmişlər. 
 
     Baş Prokurorluğun Təşkilat-analitik idarəsinin rəisi Əzizağa Həsənovun məlumatı əsasında 2012-ci ilin birinci yarımili üçün iş planı təsdiq edilmişdir. 
 
     Əməliyyat müşavirəsinə yekun vuran baş prokuror Zakir Qaralov tərəfindən prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi üçün fundamental əsas olmuş Dövlət Proqramının icra mərhələsində olan tədbirlərin yerinə yetirilməsi vəziyyətinin hərtərəfli müzakirələri keçirilməklə nəzərdə tutulmuş tədbirlərin qısa müddətlərdə yekunlaşdırılması, "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı"nın icrasının nəticələri barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Nazirlər Kabinetinin məlumatlandırılması, 2012-ci ilin əvvəlindən tətbiqinə başlanılan "Elektron Sənəd Dövriyyəsi" sisteminin real işləməsi və mərhələlərlə Bakı şəhər, respublika tabeliyində olan rayon və şəhər prokurorluqlarının həmin sistemin işinə cəlb edilməsi, dövlət başçısı cənab İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın icrası ilə əlaqədar Tədbirlər planının işlənilib hazırlanması və təsdiqindən sonra onun icrası üçün zəruri tədbirlərin görülməsi, prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi istiqamətində ən qəti tədbirlərin görülməsi, nizam-intizamın daha da möhkəmləndirilməsi, Təşkilat-analitik idarəsi və Baş Prokurorluğun digər əlaqədar qurumları tərəfindən bütün sahələrdə tabe prokurorluqların fəaliyyətinə nəzarətin daha da gücləndirilməsi, neqativ hallara qarşı prinsipiallığın artırılması, Baş Prokurorluğun geniş Kollegiya iclasının keçirilməsi ilə əlaqədar zəruri təşkilati hazırlıq işlərinin aparılması barədə konkret tapşırıqlar verilmişdir.