Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2012-01-25
Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətinin məlumatı

    Məlumat verildiyi kimi Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində "Kamran B.Ə" MMC-nin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 178.3.2 və 308.2-ci maddələri ilə başlanmış cinayət işinin istintaqı davam etdirilir. 
    İş üzrə şirkətin vəzifəli şəxsləri Babayev Ələkbər Tofiq oğlu, Hüseynov Qerman İsmayıl oğlu, Nağıyev Rüfət Qarabala oğlu və Əliyev Süleyman Adil oğlu təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
    İstintaqın hazırkı mərhələsində təqsirləndirilən şəxslər tərəfindən tikintisi başa çatdırılmamış binada 96 mənzilin ümumilikdə təxminən 300 vətəndaşa təkrar satılması, mənzil satışından əldə olunmuş 4.623.331 manat məbləğində pulun isə dələduzluq yolu ilə ələ keçirilməsi müəyyən olunmuşdur.
     Binanın tikintisini hazırda davam etdirən "Şaiq" MTK şirkəti ilə təxminən 100-dək zərərçəkmiş şəxslə bağlanmış yeni müqavilələr əsasında sonuncuların pozulmuş hüquqları bərpa edilmişdir. Eyni zamanda, cinayət işi üzrə digər zərərçəkmiş şəxslərə vurulmuş zərərin ödənilməsi və gələcəkdə qanunla nəzərdə tutulmuş əmlak müsadirəsinin təmin edilməsi məqsədilə təqsirləndirilən şəxslərə məxsus daşınar və daşınmaz əmlaklar müəyyən edilərək məhkəmə qərarı əsasında onların üzərinə həbs qoyulmuşdur.
     Həmçinin "Şaiq" MTK və "Orxan" MMC-nin fəaliyyətində vergi qanunvericiliyinə əməl olunması vəziyyətinin yoxlanılmasına dair məhkəmə qərarı icraya yönəldilmişdir.
Göstərilənlərlə yanaşı, cinayətin törədilməsində iştirak etmiş digər  təqsirli şəxslərin müəyyən edilməsi istiqamətində təxirəsalınmaz istintaq hərəkətləri aparılaraq  "Şaiq" MTK-nın satış üzrə meneceri Bağırov Elçin Kərəm oğlu təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Cinayət Məcəlləsinin 178.3.2 və 308.2-ci maddələri ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Hazırda da cinayətdə iştirakı ehtimal edilən şəxslərin və təqsirləndirilən şəxslər tərəfindən cinayət yolu ilə əldə olunmuş əmlakın müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
     24 yanvar 2012-ci ildə zərərçəkmiş şəxslərin bir qismi Korrupsiyaya qarşı mübarizə idarəsinin rəhbərliyi tərəfindən qəbul edilərək şikayət və müraciətləri dinlənilmiş, istintaqın gedişi və görülmüş işlər barədə onlara ətraflı məlumat verilmişdir.
     Hazırda cinayət işi üzrə istintaq davam etdirilir və görülmüş tədbirlər barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.