Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2012-01-26
Azərbaycan Respublikası Hərbi Prokurorluğunda 2011-ci ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilmişdir

    Yanvarın 26-da Azərbaycan Respublikası Hərbi Prokurorluğunda mərkəzi aparat işçilərinin, Naxçıvan Muxtar Respublikası və ərazi hərbi prokurorlarının iştirakı ilə geniş kollegiya iclası keçirilmişdir. Kollegiya iclasında 2011-ci ildə hərbi prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunmuşdur.
    İclasda hesabat məruzəsi ilə çıxış edən baş prokurorun müavini – hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev qeyd etmişdir ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 2011-ci ildə də dövlət müstəqilliyimiz daha da möhkəmləndirilmiş, demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi sürətləndirilmişdir. Ölkənin inkişaf dinamikasında ciddi keyfiyyət dəyişiklikləri baş vermiş, sosial-iqtisadi siyasətin uğurla həyata keçirilməsi nəticəsində böyük nailiyyətlər əldə olunmuşdur. Ölkə iqtisadiyyatının dinamik inkişafının Silahlı Qüvvələrin fəaliyyətinə də müsbət təsir etdiyini söyləyən hərbi prokuror bildirmişdir ki, son illər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordunun maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Bunun nəticəsində ordunun döyüş qabiliyyəti xeyli yüksəlmiş, şəxsi heyətin nizam-intizamı güclənmiş, nöqsanların aradan qaldırılması istiqamətində mühüm irəliləyişlərə nail olunmuşdur. Ötən il Silahlı Qüvvələrdə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində görülən işlər səmərəli olmuş, hesabat dövründə qeydə alınmış cinayətlərin 99,1 faizi açılmışdır.
    Hərbi prokuror qeyd etmişdir ki, 2010-cu ilə nisbətən ötən il Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə qeydə alınmış cinayətlər 6,7 faiz, hərbi xidmət əleyhinə olan cinayətlər 7,1 faiz, o cümlədən tabelik qaydaları əleyhinə olan cinayətlər 11,8 faiz, tabelik münasibətləri olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 4,5 faiz, fərarilik cinayətləri 25,9 faiz, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 31,6 faiz, maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 23,1 faiz, qeyri-hərbi cinayətlər 5 faiz, mülkiyyət əleyhinə olan cinayətlər 16,2 faiz, xuliqanlıq cinayətləri 66,7 faiz, silahlı birləşmələrdə ölüm halları 11,3 faiz, o cümlədən özünü öldürmə həddinə çatdırma cinayətləri 76,9 faiz azalmışdır. Hərbi hissəni və xidmət yerini döyüş şəraitində özbaşına tərk etmə halları baş verməmişdir. Hərbi birləşmələrdə törədilmiş bir sıra ağır və xüsusilə ağır cinayətlərin açılması təmin olunmuşdur. Bu növ cinayət hadisələrinin azalmasında hərbi prokurorluq orqanlarının Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili 
     Qoşunlar və digər hərbi qurumlarla qarşılıqlı sağlam və işgüzar əlaqələrinin yaranması, habelə birgə tədbirlərin çox böyük əhəmiyyəti olmuşdur. 
Diqqətə çatdırılmışdır ki, Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə bir sıra cinayətlərin qarşısının alınması üçün Respublika Hərbi Prokurorluğunun kollegiyalarında silahlı birləşmələrin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə həmin növ cinayətlər üzrə məhkəmə və istintaq təcrübəsi ümumiləşdirilməklə müzakirə edilmişdir. Baş vermiş cinayətləri doğurmuş səbəb və şəraitin aradan qaldırılması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsinə dair kollegiyanın qərarlarına əsasən silahlı birləşmələrin komandanlıqlarına təqdimatlar, ərazi hərbi prokurorlarına icmal-məktublar göndərilmişdir. Cinayətlərin qarşısının alınması məqsədilə Müdafiə Nazirliyi və digər qurumlarla birlikdə tədbirlər planları hazırlanaraq təsdiq edilmiş və icrası təmin olunmuşdur. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
    “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanundan və Prezident İlham Əliyevin “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə milli strategiya”nın təsdiq edilməsi barədə” 2007-ci il 28 iyul tarixli Sərəncamından, eləcə də dövlətimizin başçısının tapşırığına əsasən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın 2011-ci il yanvarın 27-də keçirilmiş geniş yığıncağında qarşıya qoyulan vəzifələrin icrası ilə əlaqədar hərbi prokurorluq orqanları mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən biri olan korrupsiya cinayətlərinə qarşı mübarizə sahəsində fəaliyyətini daha da gücləndirmişdir. Bu da mənimsəmə, israfçılıq, rüşvətxorluq, vəzifədən sui-istifadə etmə və digər cinayətlərin vaxtında aşkar olunmasına, cinayət törətmiş şəxslərin layiqli cəzaya məhkum edilməsinə şərait yaratmışdır. 
    Dövlətimizin başçısının siyasi iradəsinə uyğun olaraq, korrupsiya ilə mübarizəni inzibati və inandırma metodlarının vəhdəti üzərində quran hərbi prokurorluq orqanları fəaliyyətini daha da təkmilləşdirməklə bu işi öz fəaliyyətinin prioritet xətti kimi müəyyən etmişlər. Ötən il respublika hərbi prokurorluq orqanları korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə sahəsində müvafiq işlər görərək 84 fakt üzrə cinayət işi başlamışdır. Respublika Hərbi Prokurorluğu tərəfindən hərbi komissarlıqlarda aparılmış yoxlamalar nəticəsində bir sıra hallarda çağırışçıların hərbi xidmətə çağırışdan əsassız azad edilmələri, onlara hərbi həkim komissiyalarının rəyinə əsasən qanunsuz möhlət verilməsi və çağırışçıların valideynlərindən rüşvət alınması ilə bağlı respublikanın bir neçə rayon hərbi komissarları barəsində Cinayət Məcəlləsinin 311.1-ci, 313-ü, 341.1-ci maddələri ilə cinayət işləri başlanmışdır.
    Həmin cinayət işlərindən Bakı şəhərinin Suraxanı və Xətai, həmçinin Cəlilabad və Ağdam rayon hərbi komissarlıqlarının vəzifəli şəxsləri barəsində aparılan cinayət işləri üzrə ibtidai istintaq yekunlaşaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilmiş, Binəqədi rayon, Sumqayıt şəhər və Gəncə şəhər Nizami rayon hərbi komissarlıqlarının vəzifəli şəxsləri barəsində başlanmış cinayət işləri üzrə istintaq isə yekunlaşma mərhələsindədir. Azərbaycan Respublikası Prezidentinin “Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında” 2009-cu il 22 iyun tarixli Fərmanında və Nazirlər Kabinetinin yanvarın 16-da keçirilmiş 2011-ci ilin yekunlarına dair iclasındakı nitqində rüşvətxorluğa və korrupsiyaya qarşı daha da ciddi mübarizə aparılması, ictimai nəzarətin gücləndirilməsi barədə verdiyi tapşırıqların icrası ilə əlaqədar prokurorluq orqanlarının üzərinə çox böyük məsuliyyət qoyulduğunu qeyd edən Xanlar Vəliyev bildirmişdir ki, bu qəbildən olan cinayətlərin aşkarlanması istiqamətində struktur qurumlar tərəfindən bir sıra işlər görülsə də, bu sahədə tədbirlər davam etdirilməlidir. 
    Hesabat dövründə hərbi prokurorluq orqanları törədilmiş cinayətlər nəticəsində hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın 50,6 faizinin istintaq zamanı ödənilməsini təmin etmişlər. 
Xüsusi vurğulanmışdır ki, 2011-ci ildə istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi sahəsində müəyyən müsbət işlər görülmüş, hərbi prokurorluq orqanları tərəfindən bir çox ağır, mürəkkəb və çoxepizodlu cinayət işlərinin istintaqı tamamlanmış, ibtidai istintaqın keyfiyyətinin yaxşılaşdırılması, qüvvədə olan cinayət-prosessual qanunvericiliyin tələblərinə dəqiq əməl edilməsi üzərində nəzarət gücləndirilmişdir.
     Ötən il hərbi prokurorluq orqanları tərəfindən əməliyyat-axtarış tədbirlərinin yerinə yetirilməsi üzərində prokuror nəzarətinin gücləndirilməsi nəticəsində axtarışda olanlardan 71 nəfər tapılıb istintaqa cəlb edilmişdir. Təhqiqat orqanlarının fəaliyyətində qanunların icrasına nəzarət qaydasında 129 yoxlama keçirilmiş, nəticədə 1936 qanun pozuntusu aşkar edilmiş, qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün 281 təqdimat göndərilmiş, 131 nəfərə xəbərdarlıq edilmiş, 63 cinayət işi başlanmış, təhqiqat orqanlarının icraatında olan işlər üzrə 123 yazılı göstəriş verilmiş, cinayət işlərinin başlanmasının rədd edilməsinə dair 26 qanunsuz qərar ləğv olunmuşdur. Kollegiya iclasında təhqiqat orqanlarının fəaliyyətində aşkar edilmiş nöqsanlar və qanun pozuntuları konkret misallarla təhlil edilmişdir. Hərbi prokuror ərazi hərbi prokurorlarından bu sahədə görülən işin səmərəliliyinin artırılmasını və ilkin təhqiqatın tam, hərtərəfli və keyfiyyətli aparılması üçün prokuror nəzarətinin daha da gücləndirilməsini tələb etmişdir. 
    Hesabat dövründə dövlət ittihamının müdafiəsi şöbəsi tərəfindən birinci instansiya məhkəmələrinin hökm və qərarlarından verilmiş 50 apelyasiya protestinin 49 faizi təmin olunmuşdur.
Cinayətkarlığın profilaktikası üçün məhkəmə qərar və hökmlərinin rolunun artırılması, məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə hesabat dövründə 132 məhkəmə prosesi səyyar qaydada keçirilmişdir. 
    Ötən il vətəndaşların qəbuluna, onların müraciətlərinə baxılmasına xüsusi diqqət yetirilmiş, bu sahədə işin daha da səmərəli təşkil olunması hərbi prokurorluq orqanları əməkdaşlarından tələb edilmişdir. 
     2011-cu ildə Azərbaycan Respublikasının hərbi prokurorluq orqanlarında vətəndaşların 1945 müraciətinə baxılmış, 763 vətəndaş mərkəzi aparatda qəbulda olmuş, ərazi hərbi prokurorluqlarında 2324 vətəndaşın fərdi qəbulu aparılmış, bilavasitə hərbi hissə və birləşmələrdə 1158 nəfər qəbul edilərək müraciətləri üzrə müvafiq qərarlar qəbul olunmuşdur.
Ədliyyə general-leytenantı Xanlar Vəliyev Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciəsi, terror, habelə əsir düşmüş şəxslərə işgəncə verilməsi və erməni silahlı qüvvələrinin törətdikləri digər cinayət əməlləri ilə bağlı Hərbi Prokurorluqda aparılan istintaq barədə kollegiya iclasının iştirakçılarına məlumat verərək bildirmişdir ki, həmin cinayət işi üzrə hazırda intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir. 
    Görülmüş müsbət işlərlə yanaşı, kollegiya iclasında “Prokurorluq haqqında” qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar da ətraflı təhlil olunmuşdur.
    Hərbi qulluqçuların hüquqi maarifləndirilməsi sahəsində də mühüm işlər görülmüş, hərbi prokurorluğun əməkdaşları müntəzəm olaraq hərbi hissələrdə olmuş, hərbi qulluqçular qarşısında çıxışlar, məruzələr, söhbətlər aparmışlar.
    Xanlar Vəliyev diqqətə çatdırmışdır ki, hərbi prokurorluq orqanlarının hərbi qulluqçularının sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 yanvar tarixli qərarına əsasən vəzifə borclarını layiqincə yerinə yetirən hərbi prokurorluğun 94 əməkdaşına respublika hərbi prokurorunun əmri ilə məharət dərəcələri verilmişdir.
    Azərbaycan Respublikası baş prokurorunun və respublika hərbi prokurorunun müvafiq əmrləri ilə 29 işçi vəzifədə irəli çəkilmiş, xidməti fəaliyyətlərində fərqlənmiş 77 əməkdaş həvəsləndirilmiş, 1 işçi medalla təltif olunmuş, 42 əməkdaşa rütbələr verilmiş 17 işçi intizam məsuliyyətinə cəlb edilmiş, o cümlədən bir nəfər prokurorluq orqanlarından xaric edilmiş, bir nəfər isə tutduğu vəzifədən kənarlaşdırılmışdır.
    Hərbi prokurorluğun maddi-texniki vasitələrlə, xidməti bina, nəqliyyat və rabitə vasitələri, habelə başqa növ təminatlarla təchiz edilməsi üçün müvafiq işlər görülmüşdür. 
Sonra məruzə ətrafında müzakirələrdə İstintaq idarəsinin rəisi Cəfər Cəfərov, Silahlı Qüvvələrin təhqiqat orqanlarında qanunların icrasına nəzarət şöbəsinin rəisi Səfər Əhmədov, Bakı hərbi prokuroru Zöhrab Kazımov, Lənkəran hərbi prokuroru İmran Əhmədov çıxış etmişlər. 
    Respublika hərbi prokuroru Xanlar Vəliyev kollegiyaya yekun vuraraq bildirmişdir ki, hərbi prokurorluq orqanları Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin prokurorluq orqanlarına göstərdiyi yüksək qayğı və etimadı layiqincə doğrultmaq, qanunun aliliyini, hərbi idarəçilik orqanlarında insan və vətəndaş hüquq və azadlıqlarına əməl olunmasını, habelə cinayətkarlığa qarşı mübarizəni təmin etmək üçün bütün zəruri tədbirləri bundan sonra da dönmədən həyata keçirəcəklər.