Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2012-01-27
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsi 2011-ci il ərzində görülmüş işlərə dair hesabatla çıxış etmişdir

    27 yanvar 2012-ci il tarixdə Baş Prokurorluğun Elm-Tədris Mərkəzində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən 2011-ci il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökümət təşkilatları nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilmişdir.
    Tədbirdə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev və Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi İnam Kərimov görülmüş işlər barədə ətraflı məlumat vermişlər.
    Bildirilmişdir ki, Ulu Öndər Heydər Əliyev siyasi irsinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 2011-ci il ərzində kompleks tədbirlər həyata keçirilməklə korrupsiyaya qarşı mübarizə mahiyyəti etibarı ilə yeni müstəviyə qalxmışdır.
Belə ki, ölkə rəhbərliyi tərəfindən mahiyyəti qabaqlayıcı və inzibati tədbirlərin birgə həyata keçirilməsi olan qətiyyətli siyasi iradənin ortaya qoyulması nəticəsində korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq standartlara cavab verən müasir qanunvericilik bazasının formalaşdırılması, dövlət idarəetməsində şəffaflığın təmin edilməsi, ədalətli məhkəmə sisteminin yaradılması məqsədi ilə köklü islahatların həyata keçirilməsi, habelə səmərəli antikorrupsiya qurumlarının təsis edilərək fəaliyyətə başlaması mümkün olmuşdur.
    Dövlət başçısının 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş Nazirlər Kabinetinin iclasında verdiyi göstərişlərə müvafiq olaraq, Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın 2011-ci ilin yanvar ayının 27-də keçirilmiş iclasında ölkəmizdə həyata keçirilən quruculuq işlərinə, istisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salan, Azərbaycanın işgüzar nüfuzuna xələl gətirən neqativ halların aradan qaldırılması, bu istiqamətdə işin təşkilinə görə cavabdeh olan dövlət təsisatlarının məsuliyyətinin artırılması, əhalinin haqlı narazılığına səbəb olan, sahibkarlığın inkişafına süni əngəllər yaradan, müxtəlif xidmət sahələrində mövcud olan korrupsiya halları barədə vətəndaşların müraciətlərinə təxirəsalınmadan baxılması ilə əlaqədar qarşıya konkret vəzifələr qoyulmuş, rüşvətxorluğa və korrupsiya kimi neqativ təzahürlərə qarşı daha ciddi mübarizə aparılması tələb edilmişdir. 
    Bütün bunların nəticəsində 2011-ci il korrupsiyaya qarşı mübarizə siyasətinin mahiyyəti etibarı ilə yeni bir mərhələyə qədəm qoyması ilə əlamətdar olmuş, bu müddət ərzində bir sıra mühüm qanunvericilik və praktiki tədbirlər həyata keçirilmişdir.
    Belə ki, Azərbaycan Prezidentinin 2011-ci il 11 mart tarixli fərmanı ilə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin prokurorluq işçilərinin ümumi say tərkibi 60 ştat vahidi artırılaraq 100 nəfərə çatdırılmış, eyni zamanda texniki işçilərin sayında da əhəmiyyətli dəyişiklik edilmişdir. Bundan əlavə, Nazirlər Kabinetinin 2011-ci il 3 iyun tarixli 89 saylı qərarı ilə idarə əməkdaşlarının maddi təminatının yaxşılaşdırılması məqsədi ilə xüsusi iş şəraitinə görə aylıq vəzifə maaşlarına 50 faiz məbləğində əlavə müəyyən edilmişdir.
     Eyni zamanda, dövlət başçısının təşəbbüsü ilə 18 mart 2011-ci il tarixdə Milli Məclis tərəfindən "Əməliyyat-axtarış fəaliyyəti haqqında" və "Prokurorluq haqqında" qanunlara dəyişikliklər edilməklə MDB məkanında, habelə Azərbaycan Prokurorluğunun tarixində ilk dəfə olaraq Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətləri verilmişdir. Qeyd olunan dəyişikliklərə əsasən Korrupsiya cinayətləri üzrə əməliyyat-axtarış tədbirlərinin yalnız Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən aparılması müəyyənləşdirilməklə bu sahədə prokurorluq orqanlarının qarşısında çox mühüm və məsuliyyətli vəzifələr qoyulmuşdur.
    Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində qeyd olunan normativ-hüquqi aktlardan irəli gələn vəzifələrin həyata keçirilməsi üçün 2011-ci il mayın 12-də Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin strukturunun təkmilləşdirilməsi, idarənin tərkibində olan struktur qurumların əsasnamələrinin təsdiq edilməsi haqqında Baş Prokurorluq üzrə müvafiq əmr imzalanmışdır. Həmin əmrə əsasən idarədə 4 yeni şöbə yaradılmış, iki şöbə ləğv edilərək onların bazasında yeni şöbələr təsis edilmiş və beləliklə, idarənin tərkibində olan şöbələrin sayı 7-yə çatdırılmışdır.
   Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq, korrupsiya ilə mübarizəni inzibati və iqtisadi metodların vəhdəti üzərində quran prokurorluq orqanları fəaliyyətini daha da təkmilləşdirməklə bu işi öz fəaliyyətinin prioritet xətti kimi müəyyən etmiş, Korrupsiyaya qarşı mübarizə idarəsi isə əvvəlki illərdə olduğu kimi 2011-ci il ərzində də fəaliyyətini uğurla davam etdirmişdir.
     Həmin müddət ərzində idarə tərəfindən vətəndaşların 1084 müraciətinə baxılmışdır. 2011-ci ildə idarəyə daxil olmuş cinayət xarakterli 234 müraciət və digər məlumatlardan (onlardan 100-ü müraciət, 134-ü digər məlumatlar) 128-i və ya 55 faizi üzrə cinayət işi başlanılmışdır. Korrupsiya halları ilə üzləşmiş vətəndaşlara ixtisaslaşmış cinayət təqibi orqanı kimi Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə birbaşa və maneəsiz müraciət etmək imkanının yaradılması məqsədilə idarənin nəzdində "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzi yaradılmaqla 2011-ci il 3 mart tarixindən fəaliyyətə başlamışdır. 
    Fəaliyyətə başladığı andan ötən müddət ərzində "Qaynar xətt" əlaqə mərkəzinə 3578 müraciət daxil olmuş, korrupsiya ilə əlaqədar olmayan bir sıra müraciət müəllifinə mülki, ailə, mənzil, inzibati və digər sahələrdə pozulmuş hüquqlarının bərpasına dair ətraflı izahlar verilmişdir.
    Daxil olmuş müraciətlər və onlara baxılmasının nəticələri üzrə aparılan təhlillər göstərir ki, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində dövlət başçısının rəhbərliyi altında həyata keçirilən qətiyyətli və düşünülmüş tədbirlər öz müsbət bəhrəsini verməkdədir. Belə ki, bir tərəfdən “Qaynar xətt” əlaqə mərkəzinə daxil olan zənglərin sayının azalması tendensiyası müşahidə olunur. Cari ilin mart ayında daxil olmuş müraciətlərin sayı 1028 olduğu halda, iyul ayında bu göstərici azalaraq 285, noyabr ayında isə 223-ə enmişdir. Digər tərəfdən isə əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində çoxsaylı vətəndaşların müraciətinin müsbət həll olunması təmin edilmiş, zəruri qabaqlayıcı tədbirlər həyata keçirilmiş və 27 müraciət üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanaraq 33 şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həmin cinayət işlərindən 14 üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün müvafiq məhkəmələrə göndərilmiş, digər cinayət işlərinin istintaqı davam etdirilir.
    "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciətlər üzrə aparılan təhlillər onu göstərir ki, bir sıra nazirliklər, komitələr və digər dövlət qurumlarında korrupsiyaya qarşı mübarizə işinin kifayət qədər düzgün təşkil olunmaması vətəndaşlar arasında haqlı narazılıqların yaranmasına səbəb olur ki, bu da vətəndaşların müvafiq dövlət qurumlarına o, cümlədən prokurorluğa müraciətlərin davam etməsi ilə nəticələnir.
    Belə ki, son zamanlar Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vətəndaşların haqlı tələblərinin təmin olunması sahəsində bir sıra müvafiq tədbirlərin həyata keçirilməsinə baxmayaraq nazirliyin yerli qurumları tərəfindən hələ də vətəndaşların süründürməçilik hallarına rast gəlinir.
Bununla yanaşı son zamanlar Dövlət Sosial Müdafiə Fondunun yerli şöbələrindən vətəndaşların şikayətlərinin daxil olması müşahidə olunur.
   Həmçinin Səhiyyə Nazirliyinin tabeliyində olan bəzi xəstəxanalarda və digər tibb-müalicə müəssisələrində dərman vəsaitlərinin alınması və sair bəhanələrlə qanunsuz olaraq vətəndaşlardan pul tələb olunması, həmçinin təhsil, bələdiyyələr, torpaq və xəritəçəkmə sahəsində, bank və digər kredit təşkilatlarında qanunsuzluqlar, bəzi yerli icra hakimiyyəti orqanlarında müraciətlərə baxılması zamanı vətəndaşların süründürməçilik hallarına yol verilməsi, hüquqmühafizə orqanlarında süründürməçilik və digər neqativ hallara yol verilməsi vətəndaşların haqlı narazılıqlarına səbəb olur.
    Hesabat dövrü ərzində Korrupsiyaya qarşı mübarizənin daha kəsərli aparılması üçün bütün dövlət orqanlarının birgə səylərinin tələb olunmasını nəzərə alaraq   prokurorluq  digər hüquqmühafizə orqanları ilə sıx əməkdaşlıq etmişdir.
    Belə ki, ötən il ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə digər hüquq mühafizə orqanlarından cinayət xarakterli 30 məlumat daxil olmuşdur. Onlardan Fövqəladə Hallar Nazirliyindən 9, Ədliyyə Nazirliyindən 9, Məhkəmə Hüquq Şurasından 1, Daxili İşlər Nazirliyindən 1, Dövlət Miqrasiya Xidmətindən 1, Milli Təhlükəsizlik Nazirliyindən 4 və digər hüquq mühafizə orqanlarından 5 məlumat olmuşdur. Həmin məlumatlar əsasında araşdırma aparılaraq 25-i üzrə cinayət işi başlanmış, onlardan 15 iş müvafiq məhkəmələrə göndərilməklə, 5 cinayət işi üzrə  ittihamedici hökmlər çıxarılmış, 10 iş isə məhkəmə baxışındadır.  10 cinayət işi üzrə hazırda ibtidai istintaq davam etdirilir. 
    Həmçinin korrupsiya ilə barışmaz mübarizəni prokurorluq orqanları daxildə də həyata keçirməkdədir. Belə ki, 2011-ci il ərzində 5 nəfər prokurorluq işçisi barəsində 4 cinayət işi istintaq edilmişdir. Həmin cinayət işlərindən 1-nin istintaqı yekunlaşdırılaraq baxılması üçün müvafiq məhkəməyə göndərilməklə ittiham hökmü çıxarılmış, 3-ü isə hazırda icraatdadır. Bundan əlavə korrupsiya hüquqpozmalarına yol vermiş prokurorluq işçiləri barəsində idarənin Daxili Təhlükəsizlik Xidməti tərəfindən aparılmış araşdırmalar nəticəsində 6 prokurorluq əməkdaşı  intizam tənbehi ilə cəzalandırılmaqla, onlardan 1-i prokurorluq orqanlarından xaric edilmişdir.
    Eyni zamanda, əməliyyat-axtarış fəaliyyətinin Prokurorluq orqanları üçün yeni sahə olması nəzərə alınaraq hesabat dövrü ərzində əsas diqqət əməliyyat-axtarış işi və onun təşkili ilə əlaqədar müvafiq əmr, təlimat və qaydaların hazırlanmasına verilmişdir. Bu sahədə İdarə tərəfindən hazırlanmış müvafiq təlimat və qaydalar Baş Prokurorluq üzrə əmrlərlə təsdiq olunaraq icraya yönəldilmişdir.
    Hesabat dövrü ərzində İdarəyə hazırlanan cinayətlər barədə 187 müraciət daxil olmuşdur ki, həmin müraciətlər üzrə həyata keçirilmiş təxirəsalınmaz və operativ əməliyyat tədbirləri nəticəsində korrupsiya cinayətləri törətmiş şəxslər cinayət başında yaxalanmış və onların barəsində 18 cinayət işi başlanılmışdır. Qeyd olunan cinayət işlərindən 8-i üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün müvafiq məhkəmələrə göndərilmiş, 10-u üzrə isə istintaq davam etdirilir.
    Həmin işlər arasında Səbail bələdiyyəsinin hüquqşünası Əlizadə Arif Məhəmməd oğlu, həmin bələdiyyənin Ərazi torpaq tikinti komissiyasının sədr müavini  Həsənov Cavid Hidayət oğlu və bələdiyyənin sədri İbrahimov  Mübariz İbadulla oğlunun 8000 manat rüşvət almaları faktı ilə, Tovuz rayon 28 saylı TSEK-in sədri Məmmədov Rəhim Nəbi oğlu və həkim ekspert cərrah Həsənov Əli Əsəd oğlunun 1000 manat rüşvət almaları faktı ilə, Qaradağ rayon  11 saylı TSEK-nın  sədri Gülmayılev Vahid İbrahim oğlunun 400 manat rüşvət alması faktı ilə, «Korçay» Dövlət Təbiət qoruğunun sabiq direktoru Bağırov Emil  Gündüz oğlunun 5900 manat rüşvət alması faktı ilə, Vergi Nazirliyinin əməkdaşı Cəlilov Xəyal Xəlil oğlu və sərəncamda olan Dadaşov İlham Əliş oğlunun 400 manat rüşvət almaları faktı ilə, «Evro Azia Az» MMC-nin icraçı direktoru Yusifov İlqar Kərim oğlu viza alınmasından ötrü Natiq Abbasovdan 3000 manat pulun rüşvət alması faktı ilə, Masallı rayon İcra Həkimiyyəti Başçısının  Masallı şəhəri izrə ərazi nümayəndəsi vəzifəsində işləyən Sadıqzadə Laçın Cəfər oğlu tərəfindən rayon sakini Alışov Rasim Mirzağa oğlundan 2000 manat rüşvət alması faktı ilə, «Təfəkkür» universitetinin həmkarlar komitəsinin sədri  Rüstəmov Ruzbeh Nadir oğlunun Cəfərov Nazim Nadim oğlundan 15000 manat rüşvət alması faktı ilə və digər işlər olmuşdur. 

    2011-ci ildə İdarənin İstintaq şöbəsində 287 cinayət işinin ibtidai araşdırması həyata keçirilmiş, 229 şəxs barəsində 142 cinayət işinin istintaqını isə tamamlanaraq baxılması üçün məhkəməyə göndərmişdir.
     Əvvəlki illərlə müqayisədə hesabat dövrü ərzində korrupsiya cinayətlərində ən təhlükəli formalarından olan passiv rüşvətxorluq (rüşvət alma) cinayətlərinin aşkar olunmuş və istintaq edilmiş cinayət faktlarının sayı əhəmiyyətli dərəcədə artmışdır. Belə ki, 2011-ci il ərzində 16 şəxs barəsində 11 iş rüşvət alma (passiv rüşvətxorluq), 3  şəxs barəsində 2 iş vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) işləri olmuşdur. 10 cinayət işi üzrə isə hal-hazırda istintaq davam etdirilir.
    İstintaqı aparılmış və hazırda icraatda olan cinayət işləri, habelə törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatlarla bağlı cinayət işinin başlanılması rədd edilmiş materiallar üzrə fiziki və hüquqi şəxslərə vurulmuş 17 milyon 165 min manat ziyandan 7 milyon 822 min manat və ya 45.5 % ödənilməsi təmin edilmişdir.
    Korrupsiya cinayətlərinin qarşısının alınmasında preventiv tədbirlərin müəyyənləşdirilməsi və həyata keçirilməsi istiqamətində işlər 2011-ci ildə də davam etdirilmiş, bu zaman əsas diqqət daha cox korrupsiya cinayətləri və hüquqpozmaları yayılmış sahələrin müəyyənləşdirilməsi və preventiv tədbirlərin təsir gücünün məhz bu istiqamətlərdə yönəldilməsinə verilmişdir.
Hesabat dövrü ərzində İdarə tərəfindən korrupsiyaya qarşı mübarizə fəaliyyətində qeyri-hökumət təşkilatları ilə sıx münasibətlərin qurulmasına xüsusi önəm verilmiş, bu əməkdaşlığın təzahürü kimi 2011-ci il aprelin 15-də Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası, Baş Prokurorluğun və korrupsiya ilə mübarizə aparan QHT-lərin məlumat və əməkdaşlıq şəbəkəsinin təşəbbüsü ilə korrupsiyaya qarşı mübarizə ilə bağlı forum keçirilmişdir. 
    Ötən müddət ərzində Avropa İttifaqının (Aİ) Şərqi Əməkdaşlıq və Qonşuluq Siyasəti kontekstində həyata keçirilən və Avropa standartlarına uyğun şəkildə təşkilati quruluş prosesinə dəstək vermək məqsədi daşıyan Tvinninq Proqramı çərçivəsində Aİ ekspertləri ilə birgə hazırlanmış və Litva Respublikasının Xüsusi İstintaq Xidməti ilə birgə həyata keçirilən "Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə dəstək" layihəsi uğurla başa çatdırılmışdır.
    Bundan əlavə, Litva Respublikasının Baş prokuroru Darius Valis və Litva Xüsusi İstintaq Xidmətinin Baş direktoru Zimantas Paseviçiusun 2011-ci il aprelin 26-dan 29-dək Azərbaycanda səfərdə olarkən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsi ilə Litva Respublikasının Xüsusi İstintaq Xidməti arasında "Davamlı Əməkdaşlıq haqqında" Memorandumun imzalanması  adıçəkilən qurumlar arasında layihə müddəti bitdikdən sonra qarşılıqlı əməkdaşlığın davam etdirilməsi baxımından əlamətdar hadisə olmuşdur. 2011-ci il ərzində idarə tərəfindən BMT-nın Korrupsiya Əleyhinə Konvensiyasının implementasiyası, habelə İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı çərçivəsində, Avropa Şurasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlətlər Qrupu (GRECO), Beynəlxalq Antikorrupsiya Agentliklərinin Assosiasiyası (IAACA), Beynəlxalq Prokurorlar Assosiasiyası (IAP) ilə, həmçinin korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq uğurla davam etdirilmişdir.
    Tədbir çərçivəsində  həmçinin Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi və korrupsiya ilə mübarizə aparan QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi arasında Əməkdaşlıq Memorandumunun rəsmi imzalanması  mərasimi keçirilmişdir.
     Münasibətlərin genişləndirilməsində qarşılıqlı maraqlara əsaslanan Memorandumda korrupsiya qarşı mübarizə sahəsində  müxtəlif istiqamətlər üzrə  əməkdaşlıq  barədə razılıq əldə edilmişdir. Memorandumda  o cümlədən, davamlı əlaqələr çərçivəsində vətəndaşlarda korrupsiyaya qarşı  dözülməz münasibətin – vətəndaş mövqeyinin  formalaşdırılması üçün antikorrupsiya  biliklərinin yayılması, maarifləndirmə məqsədilə birgə layihələrin həyata keçirilməsi, o cümlədən korrupsiyaya qarşı mübarizəyə dair nəşrlərin və sosial reklam məqsədi daşıyan digər əyani vəsaitlərin birgə hazırlanması, yayılması, birgə səylər nəticəsində vətəndaşlarda korrupsiyanın qarşısının alınması, aradan qaldırılmasının, bu sahədə nailiyyətlər əldə  edilməsinin  mümüknlüyünə inam hissinin formalaşdırılması üçün səylərin gücləndirilməsi nəzərdə tutulmuşdur. 
    Daha sonra isə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən hazırlanmış “Korrupsiya cinayətləri: aşkar edilməsi, istintaqı və ittihamın müdafiə edilməsi” adlı vəsaitin təqdimetməsi keçirilmişdir. İdarə tərəfindən nəşr edilmiş və xidməti istifadə üçün nəzərdə tutulan bu kitab idarənin fəaliyyətində inzibati tədbirlərlə yanaşı qabaqlayıcı, önləyici tədbirlərin yerinə yetirilməsi istiqamətində hüquqi maarifləndirmə baxımından atılmış növbəti addımdır. Kitabda korrupsiya cinayətlərinin aşkar edilməsində yeni informasiya texnologiyalarının rolu, beynəlxalq təcrübə, ayrı-ayrı korrupsiya cinayətlərinin istintaq xüsusiyyətləri və sair məsələlərlə bağlı yazılar və analitik təhlillər öz əksini tapmışdır. 
    Cari il yanvarın 16-da Dövlət başçısı cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkəmizdə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salan, Azərbaycanın işgüzar nüfuzuna xələl gətirən neqativ halların aradan qaldırılması, habelə əhalinin haqlı narazılığına səbəb olan, sahibkarlığın inkişafına süni əngəllər yaradan rüşvətxorluq və korrupsiya kimi neqativ təzahürlərə qarşı daha ciddi mübarizə aparılması sahəsində vermiş olduğu göstərişlərə uyğun olaraq Baş  prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən bundan sonra da korrupsiya hüquqpozmalarını doğuran səbəb və şəraitin müəyyən edilməsi və cinayətlərin qarşısının alınması istiqamətində sistemli, ardıcıl və qətiyyətli mübarizə tədbirlərinin davam etdirilməsi təmin ediləcəkdir.