Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2012-02-03
Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat Xidmətinin MƏLUMATI

           2012-ci il fevralın 3-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon və şəhər,  ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən 2011-ci ildə  görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş Kollegiya iclası keçirilmişdir.
             Kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən Baş prokuror Zakir Qaralov bildirmişdir ki,  son illər ərzində Azərbaycan Respublikasında həyata keçirilən müasir məzmunlu və gələcəyə istiqamətləndirilmiş məqsədyönlü siyasət nəticəsində ölkə həyatının bütün sahələrində yenidənqurma işləri həyata keçirilmiş, müstəqilliyimizin və suverenliyimizin əsasları daha da möhkəmləndirilmiş, dünyanı bürümüş maliyyə böhranı şəraitində vətənimizin iqtisadi qüdrəti artırılmış, yüksələn xətlə artan sosial-iqtisadi inkişaf göstəricilərinə nail olunmaqla, hüquqi və demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesləri yeni müstəviyə qaldırılmış, dünya birliyinə inteqrasiya prosesləri dönməz xarakter almışdır. Bu baxımdan, dövlət müstəqilliyimizin bərpasının 20 illiyini qeyd etdiyimiz 2011-ci il də Azərbaycan Respublikasının müstəqil inkişaf tarixinin mühüm dövrlərindən biri olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində göstərildiyi kimi,  2011-ci ildə əsas makroiqtisadi göstərici kimi əhalinin pul gəlirləri 19,6 faiz, 900 minə yaxın təqaüdçünün orta pensiyası 40 faiz, qeyri-neft sektoru 10 faiz artmış, sosial yardım alan ailələrin sayı 120 minə çatmış,  ilk dəfə olaraq valyuta ehtiyatları 40 milyard dollarlıq həddi keçmiş və investisiyaların həcmi 20 milyard dollara bərabər olmuş, 94 min yeni iş yeri açılmaqla son səkkiz ildə bu göstərici 1 milyondan artıq olmuş, inflyasiya 7,9 faiz, yoxsulluq 7,6 və işsizlik 5,4 faizlik səviyyəyə qədər aşağı enmişdir.
Azərbaycan Respublikasının yürütdüyü balanslaşdırılmış və müstəqil xarici siyasətin, bütün beynəlxalq məsələlərdə prinsipial mövqe tutmasının və praktiki hərəkətləri ilə özünü bütün dünyada etibarlı tərəfdaş kimi sübuta yetirməsinin, dünya birliyi dövlətlərinin mütləq əksəriyyətinin etimadını qazanmasının nəticəsidir ki, müstəqilliyinin bərpa edilməsinin 20 illik tarixi dövründə ən böyük uğura nail olaraq 155 ölkənin dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına üzv seçilmişdir.  
         Diqqətə çatdırılmışdır ki, 2011-ci ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində dövlət səviyyəsində Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında zəruri xarici siyasət tədbirlərinin həyata keçirilməsi təmin edilmiş,  paralel olaraq işğal olunmuş torpaqlarımızı azad etməyə qadir olan Milli Ordumuzun döyüş qabiliyyətinin və ölkəmizin hərbi qüdrətinin artırılması istiqamətində məqsədyönlü tədbirlər görülmüşdür. Ölkəmizin hərbi xərclərinin 3 milyard 413 milyon dollarlıq həddə çatması, müdafiə sənayemizin imkanları hesabına 600-ə yaxın çeşiddə hərbi təyinatlı məhsulların istehsalının həyata keçirilməsi onun göstəricisidir ki, Azərbaycan Respublikası öz ərazi bütövlüyünü bərpa etməyə qadirdir, möhtərəm Prezidentimiz-Ali Baş Komandan tərəfindən bu istiqamətdə həyata keçirilən siyasət  torpaqlarımızın işğaldan azad edilməsi  ilə nəticələnəcəkdir. 
          Hesabat məruzəsində xüsusi vurğulanmışdır ki, yola saldığımız hesabat ili    Azərbaycan Respublikası Prokurorluğu orqanları üçün də uğurlu bir dövr olmuş,  2011-ci ildə daxili işlər, milli təhlükəsizlik, ədliyyə və məhkəmə orqanları ilə əlaqəli şəkildə müstəqil dövlətçiliyimizin maraqlarının və ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa, ilk növbədə onun mütəşəkkil təzahürlərinə qarşı qətiyyətli mübarizənin təşkili, cinayət təqibi çərçivəsində vətəndaşların hüquq və  azadlıqlarının etibarlı müdafiəsinin təmini sahəsində bir sıra məqsədyönlü tədbirlər həyata keçirilmiş və görülmüş işlər öz müsbət nəticələrini vermişdir. Prokurorluq orqanlarının bütün səyləri, ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbər göstərişlərinə müvafiq olaraq qarşıda  duran  vəzifələrin layiqli icrasına, prokurorluğun hərtərəfli müasirləşdirilməsi məqsədlərinə xidmət edən islahatların yüksələn templərlə davam etdirilməsinə, «Prokurorluq haqqında» qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə işimizin səmərəliliyinin hərtərəfli artırılmasına  istiqamətləndirilmişdir. 
          Müsbət hal kimi diqqətə çatdırılmışdır ki,  Dövlət başçısı cənab İlham Əliyevin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı»nın icrası yekunlaşdırılmışdır. Prokurorluq orqanlarına dövlət səviyyəsində yüksək qayğı və diqqətin təzahürü olmaqla, fəaliyyətimizin bütün sahələrini əhatə edən Dövlət Proqramı Azərbaycan Prokurorluğunun tarixində hərtərəfli inkişaf və müasirləşdirilmə dövrünün əsasını qoymuş, 2009-2011-ci illər ərzində həyata keçirilən tədbirlərin nəticəsi olaraq prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun hərtərəfli təkmilləşdirilməsi, maddi-texniki təminatının müasir standartlar səviyyəsində yaxşılaşdırılması və işçilərin sosial müdafiəsinin daha da gücləndirilməsi, prokurorluğun işində yeni elmi-texniki nailiyyətlərdən geniş istifadə olunması və mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin yüksəldilməsi ilə nəticələnmişdir.
        Dövlət Proqramının icrası qaydasında yeni yaradılan Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən bir sıra mühüm proqramların, o cümlədən «Xüsusi məlumat» informasiya sisteminin, mərkəzi server qurulduqdan sonra tətbiqinə başlanılacaq «Azərbaycan Respublikasında qeydə alınmış cinayət xarakterli məlumatlar üzrə cinayət təqibinin nəticələrinə dair» («E-Cinayət») məlumat sisteminin yaradılması təmin edilmiş, «İmtahan» informasiya sistemi vasitəsilə prokurorluq əməkdaşlarının hazırlıq səviyyəsinin test üsulu ilə yoxlanılması həyata keçirilmişdir. Hüquqi təminat və informasiya idarəsinin İnformasiya texnologiyalarının tətbiqi xidmətinin imkanlarından istifadə olunmaqla, mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilərək  «Elektron hökumət» layihəsi çərçivəsində Baş Prokurorluqda «Elektron Sənəd Dövriyyəsi» Proqramının yaradılması üçün görülən tədbirlərin ilkin mərhələsi başa çatdırılmış və həmin proqramın geniş təqdimat mərasimi keçirilmiş, 2012-ci ilin əvvəlindən etibarən kağız dövriyyəsi ilə paralel sistemin real fəaliyyətinə başlanılmışdır. İnformasiya texnologiyalarının bu yeni metodunun Baş Prokurorluğun bütün qurumlarında hərtərəfli mənimsənilməsi və tətbiqi, sistemin normal fəaliyyətinin təmin olunması, mərhələ-mərhələ Bakı şəhər, respublika tabeliyində olan rayon və şəhər prokurorluqlarının sistemin işinə cəlb edilməsi barədə tapşırıqlar verilmişdir.
        Prokurorluğun fəaliyyətinin hüquqi tənzimlənməsi prosesinin müasir dövrün tələblərinə uyğun yeniləşdirilməsi sahəsində həyata keçirilmiş tədbirlərə uyğun olaraq, son üç il ərzində Baş Prokurorluq üzrə  «Prokurorluq haqqında» Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin təşkili məsələlərini tənzimləyən 47 əmrin, 15 təlimat və qaydaların icraya yönəldilməsi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində görülmüş işlərin nəticəsi olaraq, «Azərbaycan Respublikası Baş Prokurorunun əsas əmr və göstərişləri» adlı kitabın  yeni nəşrinin çapdan çıxması müsbət işlər kimi qiymətləndirilmişdir.
      Dövlət Proqramının icrası qaydasında  son üç ildə 6 tabe prokurorluq üçün yeni inzibati binaların  tikilməsi, 20-dən çox rayon və şəhər prokurorluğunda əsaslı təmir işlərinin aparılması, 17 struktur qurum üçün  inzibati binaların layihələndirilməsi və tikintisinə başlanılması, hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi üçün Bakı şəhəri, İ.Dadaşov küçəsində 3450 kv.m ərazisi, iki hissədən ibarət müasir və milli ornamentlərlə zəngin, yeni informasiya texnologiyalarının geniş tətbiqi üçün imkanları olan inzibati  binanın tikintisinin yekunlaşdırılması istiqamətində görülən işlər, avtomobil parkının yeniləşdirilməsi məqsədi ilə xidməti istifadə üçün 49 ədəd, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun ehtiyacları üçün isə 8 ədəd müxtəlif markalı avtomaşınların, habelə  10 ədəd müasir kriminalistika  avtomobillərinin alınması üçün həyata keçirilən tədbirlər müsbət dəyərləndirilmişdir. 
Eyni zamanda, Prokurorluğun fəaliyyətinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətlərini müəyyənləşdirən uzunmüddətli proqram və islahat tədbirlərinin fundamental əsası kimi  mühüm əhəmiyyətə malik  olan «Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı»nın hazırda icra mərhələsində olan tədbirlərin gündəlik nəzarətdə saxlanılması, onların yekunlaşdırılması istiqamətində konkret işlərin görülməsi barədə tapşırıqlar verilmişdir. 
         Mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürü kimi korrupsiya və rüşvətxorluğa  qarşı mübarizənin yeni müstəvidə daha səmərəli təşkilinin təmin edilməsinin  2011-ci ildə Azərbaycan Respublikası Prokurorluğunun qarşısında duran əsas vəzifələrdən biri olduğu diqqətə çatdırılmaqla, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin strukturunun daha da  təkmilləşdirilməsi, yeni məzmunlu  Mütəxəssislər qrupunun yaradılması,  idarəyə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətlərinin verilməsi, işçilərin ümumi sayı və aylıq vəzifə maaşlarının əhəmiyyətli dərəcədə artırılması, korrupsiya halları ilə rastlaşan vətəndaşların müraciətlərinə təxirəsalınmadan baxılması məqsədlərinə xidmət edən „161 - Qaynar xətt“ əlaqə mərkəzinin yaradılması Ölkə Prezidenti tərəfindən göstərilən qayğının və dövlət dəstəyinin təzahürü kimi qiymətləndirilmişdir.
       2011-ci il ərzində idarə tərəfindən rüşvətlə bağlı, vəzifədən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma və bu xarakterli digər faktlar üzrə 229 şəxs barəsində 142 cinayət işinin istintaqının tamamlanaraq aidiyyəti üzrə baxılması üçün müvafiq məhkəmələrə göndərilməsi, «161 - Qaynar xətt» əlaqə mərkəzinə daxil olan vətəndaş müraciətləri üzrə operativ tədbirlər görülməklə vəzifəli şəxslərin korrupsioner fəaliyyətləri ilə bağlı 27 cinayət işinin  başlanması, idarənin fəaliyyətinin  Avropa standartlarına uyğun təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, digər dövlətlərin hüquq mühafizə və ixtisaslaşdırılmış antikorrupsiya qurumları ilə əməkdaşlıq əlaqələrinin qurulması, “Tvinninq Proqramı“ çərçivəsində Avropa Birliyinin ekspertləri ilə birgə hazırlanmış və Litva Respublikasının Xüsusi İstintaq Xidməti ilə birgə həyata keçirilən „Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə dəstək“ layihəsinin uğurla başa çatdırılması kimi tədbirlərin əhəmiyyəti diqqətə çatdırılmışdır.
       «Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2009-cu il tarixli Fərmanının qeyd-şərtsiz icrası prokurorluq orqanlarının qarşısında duran əsas vəzifələrdən biri kimi müəyyənləşdirilməklə, Baş Prokurorluğun əlaqədar qurumları və bütün tabe prokurorlara  həmin Fərmanın və Baş Prokurorluq üzrə müvafiq əmrin yerinə yetirilməsi istiqamətində zəruri işlərin davam etdirilməsi, aşkarlanan korrupsiya hüquqpozmaları üzrə qətiyyətli tədbirlərin görülməsi və qabaqlayıcı tədbirlərin səmərəliliyinin, sahibkarlıq subyektlərinin fəaliyyətinə müdaxilələrin və əsassız yoxlamaların qarşısının alınması  barədə tapşırıqlar verilmişdir.
       Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2012-ci il tarixli iclasında korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin daha da  gücləndirilməsi barədə  Dövlət başçısı cənab  İlham  Əliyevin verdiyi tapşırıqlara müvafiq olaraq, 2012-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi, əlaqədar struktur qurumlar və tabe prokurorluqlar tərəfindən digər hüquq mühafizə orqanları ilə əlaqəli  şəkildə daha geniş miqyasda korrupsiya və rüşvətxorluğa qarşı qətiyyətli və sistemli mübarizə aparılması, mütəşəkkil cinayətkarlığın bu təhlükəli təzahürlərinin qarşısının alınması və onları doğuran səbəblərin aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlərin həyata keçirilməsinin təmin olunması barədə tapşırıqlar verilmişdir. 
       2011-ci il ərzində ədalət mühakiməsinin həyata keçirilməsində prokurorluğun iştirakının əsas sahəsi kimi dövlət ittihamının müdafiəsi işinin düzgün təşkili istiqamətində də bir sıra məqsədyönlü tədbirlərin reallaşdırıldığı, bu mühüm sahə üzrə müsbət iş göstəricilərinə nail olunduğu, Dövlət Proqramının tələblərinə müvafiq qaydada  kadr tərkibinin müasir tələblərə uyğun işləmək bacarığına malik əməkdaşlar hesabına mütəmadi yeniləşdirildiyi,  məhkəməyə qədər və məhkəmə baxışı mərhələlərində yol verilmiş çatışmazlıqların aradan qaldırılması sahəsində işin səmərəliliyinin artırıldığı, hesabat ilində peşəkarlıq səviyyəsində fəaliyyətlərinə görə 10 nəfər əməkdaşın xidməti qaydada fərqləndirildiyi  diqqətə çatdırılmış, idarə tərəfindən «Dövlət ittihamçısının məlumat kitabçası» və «Dövlət ittihamçılarının nümunəvi ittiham nitqləri» kimi əyani tədris vəsaitlərinin hazırlanması müsbət hal kimi dəyərləndirilmişdir. Qeyd edilənlərlə yanaşı, dövlət ittihamçılarının aşkar edilmiş pozuntular üzrə xüsusi qərarların çıxarılmasında təşəbbüskarlığının artırılması, əsassız, formal əsaslara və subyektiv meyarlara görə protestlər verilməsi hallarının qarşısının alınması, dövlət ittihamının müdafiəsi işinin keyfiyyətinə mənfi təsir göstərən hal kimi, cinayət işlərinin əvvəlcədən öyrənilməməsi kimi qüsurların  aradan qaldırılması və işin səmərəliliyinin artırılması barədə tapşırıqlar verilmişdir.
       Kollegiya iclasında vurğulanmışdır ki,  Ölkə Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinə müvafiq olaraq, müraciətlərə baxılması və vətəndaşların qəbulu işini fəaliyyətinin prioritet istiqaməti kimi müəyyənləşdirən Azərbaycan Respublikası Prokurorluğu  tərəfindən 2011-ci il ərzində bu istiqamətdə real nəticələri olan tədbirlərin həyata keçirilməsi, bütün instansiyalarda müraciətlərə mahiyyəti üzrə obyektiv baxılması və vətəndaşların prokurorluq orqanlarında təxirəsalınmadan maneəsiz qəbul edilməsinin təmin olunması ilə əlaqədar zəruri işlər görülmüş, bu sahədə işin düzgün təşkili məsələlərini tənzimləyən tam yeni məzmunlu  əmrin verilməsi, Müraciətlərə baxılması idarəsininin strukturu təkmilləşdirilməklə onun tərkibində Qəbul şöbəsinin yaradılması təmin olunmuşdur. Lakin bu sahədə  çatışmazlıqların hələ də mövcudluğu diqqətə çatdırılmaqla, tələb edilmişdir ki, müraciətlərə baxılması və vətəndaşların qəbulu işi gündəlik nəzarətdə saxlanılmaqla,  həmin fəaliyyət istiqaməti üzrə işin düzgün təşkili, bu sahəyə cavabdeh əməkdaşların məsuliyyətinin artırılması təmin olunsun.
       Diqqətə çatdırılmışdır ki, 2011-ci ildə Azərbaycan Respublikası Prokurorluğu orqanlarında şəffaf və obyektiv meyarlara əsaslanan kadr siyasəti davam etdirilmiş, Dövlət Proqramında nəzərdə tutulmuş tapşırıqların icrası nəticəsində bu sahədə əhəmiyyətli uğurlara, kadrların seçilib yerləşdirilməsi və vəzifədə irəli çəkilməsi, onların fəaliyyətinin düzgün qiymətləndirilməsi, tərkibinin gənc hüquqşünaslar hesabına mütəmadi yeniləşdirilməsi və onların hazırlıqlı mütəxəssislər kimi formalaşdırılması işinin təşkilində müsbət göstəricilərə nail olunmuşdur. Ölkəmizdə uğurla reallaşdırılan dövlət gənclər siyasətinə   müvafiq olaraq, 2011-ci ildə ədalətli və şəffaf prosedurlar əsasında gənc kadrların prokurorluqda qulluğa sayca 10-cu qəbulunun həyata keçirilməsi, bu prosesdə uğur qazanmaqla Ədliyyə Akademiyasında icbari təhsil almış 108 gənc hüquqşünasın prokurorluqda qulluğa qəbul edilərək onların  tabe qurumlara təyinatlarının aparılması, ümumilikdə 2002-ci ildən başlayaraq bu yolla işə qəbul edilənlərin prokurorluğun kadr tərkibinin 50 faizini təşkil etməsi yüksək qiymətləndirilmişdir.
       Kollegiya iclasında qeyd edilmişdir ki, hesabat dövründə prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, ciddi nizam-intizam yaradılmaqla prinsipiallıq və neqativ hallara münasibətdə barışmazlıq şəraitinin formalaşdırılmasının nəticəsi olaraq, 68 əməkdaş intizam qaydasında cəzalandırılmış, 40 nəfərə şiddətli töhmət və töhmət elan olunmuş, 9 əməkdaş tutduğu vəzifədən azad edilmiş, prokurorluqda xidmətlə bir araya sığmayan hərəkətlərə yol verdiklərinə görə 4 əməkdaş prokurorluq orqanlarından xaric olunmuşdur. Baş Prokurorluğun əlaqədar struktur qurumları və  bütün tabe prokurorlardan, bundan sonra da  bütün neqativ təzahürlərə qarşı barışmaz mübarizəni  qətiyyətlə davam etdirilməsi, xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi, möhkəm nizam-intizam yaradılması  məsələlərində prinsipiallığın daha da artırılması tələb edilmişdir.
      Kollegiya iclasında xüsusi vurğulanmışdır ki, prokurorluğun digər hüquq mühafizə orqanları, ilk növbədə Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri ilə qarşılıqlı əlaqəli birgə fəaliyyətinin nəticəsi olaraq cinayətkarlığa və onun mütəşəkkil təzahürlərinə  qarşı mübarizə yeni müstəviyə qaldırılmaqla bu sahədə müsbət uğurlar əldə edilmiş, əvvəlki hesabat dövrü ilə müqayisədə respublika üzrə qeydə alınmış ağır və xüsusilə ağır, o cümlədən qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd, qəsdən sağlamlığa az ağır zərər vurma, seksual xarakterli zorakılıq hərəkətləri, quldurluq və hədə-qorxu ilə tələb etmə cinayətlərinin sayı əhəmiyyətli dərəcədə azalmış, banditizm və cinayətkar birlik yaratma, adamları girov götürmə kimi cinayətlər ümumiyyətlə qeydə alınmamış, törədilmiş 24263 cinayətin 82,9 faizinin açılması təmin edilmişdir. Daxili işlər orqanları ilə birlikdə aparılmış məqsədyönlü istintaq və əməliyyat-axtarış  tədbirlərinin nəticəsi olaraq, əvvəlki illərdə törədilməklə uzun müddət ərzində bağlı qalan 246, o cümlədən 51 ağır və xüsusilə ağır cinayətlər açılmışdır. Keçmiş illərdə törədilməklə bağlı qalan 2 qəsdən adam öldürmə cinayətinin, o cümlədən, Daxili İşlər nazirliyi və Ədliyyə nazirliyinin Penitensiar Xidmətinin əməliyyat qurumları ilə əlaqəli şəkildə Gəncə şəhər sakini B.Nəsirovun 02 iyul 2006-cı il tarixdə Göygöl rayonu Çaykənd kəndi ərazisində, habelə  01 mart 2008-ci il tarixdə A.Juravlyovun Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisində qəsdən öldürülmələri kimi ağır cinayətlərin açılması təmin edilmiş və hər iki iş üzrə istintaq yekunlaşdırılmaqla təqsirləndirilən şəxslər məhkəmə məsuliyyətinə verilmişdir. 
      Hesabat məruzəsində qeyd edilmişdir ki, 2011-ci ildə Azərbaycan Prokurorluğunun fəaliyyətinin əsas istiqamətlərindən olan istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin aparılan islahatlara müvafiq olaraq yeni müstəvidə  təşkili istiqamətində görülən işlərin müsbət nəticələri olmuş, il ərzində bütün istintaq orqanları üzrə 15661 cinayət işinin istintaqı yekunlaşdırılmaqla, ittiham aktları təsdiq olunan 9650 iş məhkəmələrə göndərilmiş, ümumi müddət pozuntusu ilə istintaq olunma faizi 7,7-ə bərabər olmuş, cinayət işləri üzrə maddi ziyan ödətdirilməsi ilə əlaqədar səmərəli tədbirlərin həyata keçirilməsi,  istintaq üzərində  prokuror nəzarətinin daha da gücləndirilməsi təmin edilmişdir. Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin əməkdaşları tərəfindən  çoxsaylı ağır və xüsusilə ağır cinayətlərin peşəkarlıq səviyyəsində  istintaqının aparılması təmin edilmişdir. Belə ki, 2010-cu ilin sentyabrında  Lənkaran rayonunun Qumbaşı kənd sakini Elşən Hüseynovun odlu silahdan açılmış atəşlə öldürülməsi və digər şəxsə xəsarətlər yetirilməsi, 2011-ci ilin iyul ayında  «Azər-Ross» MTK-nın həmtəsisçisi Ə.Piriyevin öldürülməsi və mühasibin qəsdən öldürülməsinə cəhd edilməsi  faktları üzrə də idarə əməkdaşları tərəfindən keyfiyyətli istintaq aparılması və qanunauyğun tədbirlərin görülməsi təmin olunmuşdur.  
      Bakı şəhər prokurorluğu orqanları tərəfindən də fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılması və cinayətkarlığa qarşı kəsərli mübarizənin təmin olunması istiqamətində məqsədyönlü tədbirlərin görüldüyü, Nərimanov rayonu ərazisində ər-arvad Əkbərovların qətlə yetirilmələri, Nəsimi rayonunda xəbərsiz itkin düşmüş Reyhan İsgəndərlinin meyitinin Xızı rayonu ərazisində aşkar edilməsi  kimi xüsusilə ağır cinayətlərin açıldığı, konkret cinayət işləri üzrə peşəkarlıq səviyyəsində istintaq aparıldığı müsbət hal kimi dəyərləndirilmişdir. Peşəkar istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində  Sumqayıt şəhərində İlyas Vahabovun yaşadığı binanın qarşısında naməlum şəxslər tərəfindən öldürülməsi, Siyəzən rayonu ərazisində naməlum kişi meyitinin aşkar edilməsi, Şirvan şəhərində Azər Məmmədovun və Xaçmaz rayonunda Dövlət Reyestr Xidmətinin rayon şöbəsinin əməkdaşı Cümşüd Xudaverdiyevin qəsdən öldürülmələri hadisələrinin açılması və başlanmış cinayət işlərinin peşəkarlıq səviyyəsində istintaqının aparılması  xüsusi vurğulanmışdır.
      Kollegiya iclasında, görülmüş müsbət işlərlə yanaşı, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil  olunmaqla, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsində, cinayətkar hərəkətlər nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş zərərin ödənilməsi, vətəndaş müraciətlərinə baxılması və onların qəbulu ilə əlaqədar işin təşkilində yol verilən çatışmazlıqların qısa müddətlər ərzində aradan qaldırılması   üçün konkret tapşırıqlar verilmişdir. Baş Prokurorluğun əlaqədar struktur qurumları və müvafiq tabe prokurorlar tərəfindən daxili işlər orqanları ilə əlaqəli şəkildə 2011-ci ilin nəticələrinə görə artımı müşahidə olunan cinayətlərin profilaktikası istiqamətində zəruri tədbirlərin görülməsi, eyni zamanda, cəzanın labüdlüyü prinsipinin təmin edilməsi məqsədilə, bağlı qalmış cinayətlərin açılması və təqsirkar şəxslərin layiq olduqları məsuliyyətə cəlb olunması üçün müvafiq tədbirlər görülməsinin zəruriliyi diqqətə çatdırılmışdır.