Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2012-02-20
Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə davam etdirilir

     Prokurorluq orqanları tərəfindən korrupsiya cinayətlərinin təhlükəli təzahürlərindən olan rüşvətxorluğa qarşı kəsərli mübarizə tədbirləri davam etdirilir.

 

     Belə ki, Bakı şəhər sakini Baş prokuror yanında Korrupsiyaya qarşı mü­barizə ida­­rəsinə müraciət edə­rək, iş stajının hesablanması və əlillik dərəcəsinin təyin olunmasını vəd edən "Mübariz" Müharibə Veteranlar Birliyinin idarə heyətinin sədri Seymur Şirinovun ondan 2.000 manat rüşvət tələb etdiyini bildirmişdir.

 

     Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində S.Şirinov 17 fevral 2012-ci il tarixdə birliyin Bakı şəhərində yerləşən inzibati binasında xidməti otağında vətəndaşdan 2.000 manat pulu rüşvət kimi alarkən Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanmışdır. S.Şirinov həmin pulları prokurorluq əməkdaşlarına təqdim etmiş və hal şahidlərinin iştirakı ilə götürülərək rəsmiləşdirilmişdir.

 

     Fakta görə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanmışdır.

 

     S.Şirinovun yaşadığı mənzilə baxış keçirilərkən oradan ayrı-ayrı şəxslərə məxsus 5 ədəd əmək kitabçası, şəxsiyyət vəsiqələrinin surətləri, 6 ədəd "Müharibə veteranı", 2 ədəd  "Mübariz" Müharibə Veteranlar Birliyinin üzvlük vəsiqələri, fiziki şəxs kimi özünün adına olan möhür və iş üçün əhəmiyyət kəsb edən sair sənəd və əşyalar aşkar edilərək götürülmüşdür.

 

     S.Şirinov təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

 

     Bundan başqa, vətəndaş Ağayev Əlifağa Dədəkişi oğlu Baş prokuror ya­nın­da Korrupsiyaya qarşı mü­barizə ida­­rəsinin "161 - Qaynar xətt" əlaqə mər­kəzinə müraciət edə­rək, Xəzər rayonunda  fəaliyyət göstərən özünə məxsus "Halal ərzaq" mağazasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi xidmətinin 1 saylı region üzrə Döv­lət Əmək Müfəttişliyinin vəzifəli şəxsləri tərəfindən aparılmış yoxlama zamanı əmək və əməyin mühafizəsi üzrə müəyyən edilmiş pozuntularla bağlı tərtib olunmuş protokola uyğun olaraq inzibati xəta ilə əlaqədar cərimənin tətbiq olunmaması üçün, həmin müfəttişliyin rəis müavini Dəmirov Teyyub Umud oğlunun ondan 1.500 manat rüşvət tələb etdiyini bildirmişdir.

 

     Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində T.Dəmirov 18 fevral 2012-ci il tarixdə xidməti otağında Ə.Ağayevdən 1.500 manat pulu rüşvət kimi alarkən Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən cinayət başında tutulmuşdur. T.Dəmirov həmin pulları prokurorluq əməkdaşlarına təqdim etmiş və hal şahidlərinin iştirakı ilə götürülərək rəsmiləşdirilmişdir.

 

     Həmin fakta görə başlanmış cinayət işi üzrə Teyyub Dəmirov Cinayət Məcəlləsinin rüşvət almaya görə məsuliyyət nəzərdə tutan 311.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

 

     Hazırda qeyd edilən cinayət işləri üzrə ibtidai istintaq davam etdirilir.