Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2012-02-23
Baş Prokurorluqda Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədilmiş soyqırımı ilə bağlı Hərbi Prokurorluqda istintaq olunan cinayət işlərinə dair brifinq keçirilmişdir
     Fevralın 22-də Baş Prokurorluğun Elm-Tədris Mərkəzində Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədilmiş soyqırımı ilə bağlı Respublika Hərbi Prokurorluğunda istintaq olunan cinayət işlərinə dair brifinq keçirilmişdir.

     Tədbirdə Baş prokurorun böyük köməkçisi Azər Əsgərov bildirmişdir ki, Azərbaycan xalqının tarixinə Xocalı faciəsi kimi daxil olmuş 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüquq normalarına zidd olaraq, keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə Xocalı şəhərinə hücum edərək azərbaycanlılara qarşı soyqırımı cinayətini törətmişlər.
 
     Qeyd edilmişdir ki, 1988-ci ildən etibarən Ermənistanın Azərbaycan Respublikasına qarşı apardığı elan olunmamış müharibə nəticəsində erməni silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində, həmçinin Ermənistanda saxlanılan azərbaycanlı əsir və girovlara dözülməz işgəncələr verilməklə, bir qisminin öldürülməsi və şikəst edilməsi, təxribat və terror aktlarının törədilməsi, əhalinin məcburi köçürülməsi, yaşayış məntəqələrində maddi sərvətlərin, tarixi mədəniyyət abidələrinin dağıdılması, habelə ermənilərin törətdikləri digər ağır cinayət faktları ilə əlaqədar prokurorluq və digər hüquq mühafizə orqanları tərəfindən cinayət işləri başlanmış, istintaq aparılır.
 
     Azərbaycan xalqına qarşı törədilmiş bu ağır cinayətlərin istintaq edilməsi və onlara hüquqi qiymət verilməsinin, həmin cinayətlərin təşkili və törədilməsində iştirak etmiş təqsirkar şəxslərin müəyyənləşdirilərək mövcud qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb olunması, habelə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması faktları barəsində beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılması məqsədilə 2003-cü il dekabrın 18-də Azərbaycan Respublikası baş prokurorunun, daxili işlər və milli təhlükəsizlik nazirlərinin əmri ilə birgə istintaq-əməliyyat qrupu yaradılmışdır.

     Azər Əsgərov çıxışında Xocalı faciəsinə ilk dəfə olaraq siyasi-hüquqi qiymətin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin səyi nəticəsində Milli Məclisin 1994-cü il fevralın 24-də keçirilmiş iclasında "Xocalı soyqırımı (genosid) günü" haqqında qərar qəbul edilməklə verildiyini xüsusi vurğulamışdır.

     Brifinqdə Xocalı soyqırımı ilə əlaqədar Azərbaycan Respublikası Hərbi Prokurorluğunda istintaq olunan cinayət işləri ilə əlaqədar Respublika Hərbi Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin xüsusi istintaq şöbəsinin rəisi, istintaq-əməliyyat qrupunun rəhbəri Mehman Poladov çıxış etmişdir.

     O bildirmişdir ki, 1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycan Respublikasına əsassız ərazi iddiaları irəli sürməsi və qondarma Dağlıq Qarabağ probleminin ortaya atılması azərbaycanlıların kütləvi şəkildə qırğını və əsrlər boyu yaşadığı tarixi ərazilərdən deportasiyası, şəhər və kəndlərin, tarixi mədəniyyət abidələrinin dağıdılması, milli genofondun məhvinə yönəlmiş digər cinayətkar qəsdlərlə müşayiət olunmuşdur. 1991-1992-ci illərdə Ermənistan silahlı qüvvələri və Dağlıq Qarabağdakı qanunsuz erməni silahlı birləşmələri keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində azərbaycanlılar yaşayan kəndləri işğal etmiş, Xocalıda, Qaradağlıda, Meşəlidə soyqırımı törətmiş, bununla da həmin ərazilərdə etnik təmizləmə əməliyyatları həyata keçirilmişdir. Eyni zamanda, terror və soyqırımı siyasəti yeridən Ermənistan və işğal olunmuş ərazilərdəki separatçı rejim tərəfindən 1994-cü ilədək çoxsaylı insan tələfatı ilə nəticələnən 373 terror aktı törədilmişdir.

     Qeyd edilmişdir ki, Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar müharibə nəticəsində 20 min nəfər soydaşımız şəhid olmuş, 50 min nəfərdən artıq vətəndaşımız yaralanmış və əlil olmuş, minlərlə yaşayış məntəqəsi və yaşayış binası, təhsil və tibb müəssisəsi, iqtisadi obyektlər dağıdılmış, ərazilərimizin 20 faizinin işğalı nəticəsində bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində, həmçinin Ermənistanda saxlanılan azərbaycanlı əsir və girovlara dözülməz işgəncələr verilərək, onların bir qismi öldürülmüş və şikəst edilmişdir.
Bildirilmişdir ki, sülh və insanlıq əleyhinə törədilmiş həmin ağır və xüsusilə ağır cinayətlərin hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası baş prokurorunun 2009-cu il 30 mart tarixli əmri ilə Respublika Hərbi Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin xüsusi istintaq şöbəsi yaradılmışdır. Hərbi Prokurorluq tərəfindən bu qəbildən olan işlərin icraatı təzələnməklə istintaqın başa çatdırılması, həmin cinayətlərin təşkili və törədilməsində iştirak etmiş şəxslərin müəyyənləşdirilib mövcud qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb olunması, beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması faktları barəsində beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılması ilə əlaqədar zəruri tədbirlərin həyata keçirilməsi istiqamətində təxirəsalınmaz istintaq işləri aparılır.

     Xocalı faciəsi nəticəsində şəhərin 5379 nəfər əhalisi deportasiyaya məruz qalmış, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın vəhşicəsinə qətlə yetirilmiş, 8 ailə tamamilə məhv edilmiş, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almış, 1275 nəfər əsir və girov götürülmüşdür. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyildir. Erməni silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar Azərbaycan dövlətinə və vətəndaşlarına 140 milyon manat və ya 170 milyon ABŞ dollarından artıq ziyan vurulmuşdur.

     Xüsusi vurğulanmışdır ki, bəşəriyyətə qarşı ən dəhşətli cinayətlərdən olan Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından son 8 ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən ardıcıl tədbirlər bu dəhşətli faciənin beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almasına şərait yaradacaq və onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının layiqincə cəzalandırılması ilə nəticələnəcəkdir.

     Bildirilmişdir ki, Xocalı soyqırımı epizodu üzrə 3 min nəfər şahid və zərərçəkmiş şəxs qismində dindirilmiş, 2 min nəfər zərərçəkmiş şəxs qismində tanınmış, 800-dən artıq müxtəlif ekspertizalar keçirilmişdir. Nəticədə 39 nəfərin (onlardan 18 nəfər 366-cı alayın hərbi qulluqçuları, 8 nəfər Xankəndi və Əskəran daxili işlər şöbələrinin əməkdaşları, 5 nəfər digər vəzifəli şəxslərdir) və 8 nəfər mülki vətəndaşın Xocalı soyqırımında iştirakı tam sübuta yetirilmişdir. Onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin soyqırımına görə məsuliyyət nəzərdə tutan 103-cü maddəsi, habelə sülh və insanlıq əleyhinə, müharibə cinayətlərinə görə məsuliyyət nəzərdə tutan 113-cü (işgəncə), 107-ci (deportasiya), 115.4-cü (müharibə qanunlarını və adətlərini pozma), 116.0.17-ci (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar çıxarılmışdır. 366-cı alayın hərbi qulluqçularının və digər şəxslərin Xocalı soyqırımında iştirakı tam sübuta yetirilmiş, onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin soyqırımına görə məsuliyyəti nəzərdə tutan 103-cü, habelə 107-ci (əhalini deportasiya etmə və ya köçürtmə), 113-cü (işgəncə), 115.4-cü (müharibə qanunlarını və adətlərini pozma), 116.0.17-ci (zorlama, cinsi köləlik, məcburi fahişəlik, məcburi sterilizasiya, məcburi hamiləlik, habelə cinsi zorakılıqla əlaqədar başqa hərəkətlər etmə) maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirləndirilən şəxs kimi cəlb olunmaları barədə qərarlar çıxarılmışdır.

     Dağlıq Qarabağda qanunsuz fəaliyyət göstərən erməni silahlı hərbi birləşmələri və Ermənistanın silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərdə yaşayan Azərbaycan millətindən olan yerli əhalinin qanuni yerləşdiyi yerlərdən məcburi hərəkətlərlə didərgin salınması, yaşayış məntəqələrində və dövlət obyektlərində maddi sərvətlərin, mədəniyyət abidələrinin talanması və dağıdılması, azərbaycanlı əsir və girovlara dəhşətli işgəncələr verilməsi, beynəlxalq humanitar hüquqla mühafizə olunan mülki və digər şəxslərlə amansız rəftar etmə, azərbaycanlıları milli bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürməklə soyqırımı, habelə sülh və insanlıq əleyhinə törədilmiş başqa ağır və xüsusilə ağır cinayətlərin araşdırılması məqsədilə yaradılmış birgə istintaq-əməliyyat qrupu tərəfindən istintaq olunan cinayət işi üzrə azərbaycanlılara qarşı soyqırımı, deportasiya və digər ağır cinayətlər törətmiş erməni və digər millətlərdən olan 287 şəxs haqqında təqsirləndirilən şəxs qismində cəlb etmə qərarı çıxarılmış, barələrində məhkəmələr tərəfindən həbs qətimkan tədbiri seçilməklə axtarış elan olunması üçün müvafiq sənədlərin aidiyyəti dövlət orqanlarına göndərilməsi təmin edilmişdir.

     Hərbi Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin xüsusi istintaq şöbəsində erməni silahlı birləşmələri tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlərin istintaqı ilə əlaqədar aparılan cinayət işi üzrə istintaq-əməliyyat tədbirlərinin davam etdirildiyi bildirilmişdir.

     Tədbirdə qeyri-hökumət təşkilatlarının nümayəndələri çıxış edərək azərbaycanlılara qarşı erməni silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqına və bəşəriyyət əleyhinə yönəldilmiş bu ağır cinayətə beynəlxalq miqyasda hüquqi-siyasi qiymətin verilməsinin, həmçinin onun təşkilatçıları və icraçılarının layiqincə cəzalandırılması istiqamətində davamlı və ardıcıl iş aparılmasının vacibliyini xüsusi vurğulamışlar.

     Brifinqdə kütləvi informasiya vasitələri nümayəndələrinin sualları ətraflı cavablandırılmışdır.