Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2012-03-01
BAŞ PROKURORLUÄžUN VƏ DAXİLİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT XİDMƏTLƏRİNİN M Ə L U M A T I

     Quba rayon icra hakimiyyətinin başçısı Rauf Həbibovun ötən il noyabrın 22-də sosial məsələlərin müzakirəsinə həsr olunmuş müşavirədə səsləndirdiyi bəzi fikirləri qubalılara hörmətsizlik kimi qəbul edən 1000 nəfərə yaxın sakin  2012-ci il martın 1-də, saat 10:00 radələrində İcra Hakimiyyətinin inzibati binası qarşısında etiraz aksiyası keçirmişlər.

     Aksiya ilk dəqiqələrdən asayişin pozulmasına yönəlmədiyi və dövlətçiliyə dəstək xarakteri daşıdığı halda, sonradan tədbirə qatılmış ayrı-ayrı destruktiv elementlərin təhriki ilə dinc məcradan çıxaraq ictimai qaydanın kobud surətdə pozulması, şəxsi və dövlət əmlakının qəsdən məhv edilməsi, vətəndaşlar üzərində zor tətbiqi ilə müşayiət olunan hərəkətlərə keçmişdir. Cəmiyyətə açıqca  hörmətsizlik ifadə edən və silah qismində əşyaların istifadəsi ilə törədilmiş hərəkətlər nəticəsində İcra Hakimiyyətinin birinci və ikinci mərtəbələrinin şüşələri və orada olan avadanlıqlar sındırılmış, bir neçə yardımçı tikinti və başçıya məxsus fərdi yaşayış evi yandırılmışdır. Hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmayan ayrı-ayrı aksiya iştirakçıları xidməti vəzifəsini yerinə yetirən 3 polis əməkdaşına həyat və sağlamlıq üçün təhlükəli olan xəsarətlər yetirmişlər.

     Hüquqazidd əməllərin miqyasının genişlənməməsi, rayon sakinlərinin konstitusion hüquqlarının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis və Daxili Qoşun qüvvələrinin gördüyü qanuni tədbirlərlə asayiş bərpa olunmuş, vəziyyət nəzarətə götürülmüşdür.

     Azərbaycan Respublikası Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin rəhbərliyindən və digər məsul əməkdaşlarından ibarət olan heyət hadisə yerinə gəlmişdir.

     Fakt üzrə Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmış, istintaq aparılır.