Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2012-03-10
RESPUBLİKA BAŞ PROKURORLUÄžU VƏ DAXİLİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT XİDMƏTLƏRİNİN MƏLUMATI
     Respublikada baş verən ağır və xüsusilə ağır cinayətlərin açılması, təqsirkar şəxslərin tutulub məsuliyyətə cəlb edilməsi istiqamətində daxili işlər və prokurorluq orqanları tərəfindən son günlər bir sıra uğurlu əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri həyata keçirilmişdir.

     Xəbər verildiyi kimi, fevralın 28-də Mingəçevir şəhər sakini 77 yaşlı  Əfsər Abdurəhmanovun yaşadığı mənzildə üzərində çoxsaylı xəsarətləri olan meyiti aşkar edilmiş və fakt üzrə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi  ilə cinayət işi  başlanmışdır.   

     Şəhər Prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakinləri  Kamran və Orxan Rüstəmovlar martın 2-də tutularaq istintaqa cəlb edilmişlər. Prosessual araşdırmalar göstərmişdir ki, fevralın 27-də, oğlu Orxanla birlikdə mərhumun yaşadığı mənzilə qarət məqsədi ilə gələn Kamran Rüstəmov gətirdiyi dəmir parçası ilə Əfsər Abdurəhmanova çoxsaylı zərbələr endirməklə onu öldürmüşdür. Onlar evdə olan qızıl-zinət əşyalarını və pensiya kartlarını götürmüş, izi itirmək üçün cinayətin aləti olan dəmir parçasını və istifadə etdikləri əlcəkləri atmış, lakin sonradan həmin əşyalar tapılaraq maddi sübut kimi istintaqa təqdim edilmişdir.

     Başqa bir ağır cinayət hadisəsi Şabran rayonunda törədilmişdir. Fevralın 29-da Sincanboyad kəndi ərazisində rayon sakini Əbil Şükürovun üzərində zorakılıq əlamətləri olan meyiti aşkar olunmuşdur. Bununla əlaqədar Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarışı İdarəsi, rayon Prokurorluğu və  Polis Şöbəsi əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri ilə rayon sakini, əvvəllər məhkum olunmuş Xəyyam Pənahov tutularaq istintaqa cəlb edilmişdir. Müəyyən olunmuşdur ki, o, həmin gün mərhumun Sincanboyad kəndinə getdiyini bilərək, qisas almaq məqsədilə, gecə saat 02.00 radələrində  Əbil Şükürova bıçaqla çoxsaylı xəsarətlər yetirməklə onu öldürmüşdür.

      Hazırda hər iki cinayət işi üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.