Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2012-03-27
Baş Prokurorluğun əməkdaşları İtaliyada keçirilmiş təlimdə iştirak etmişlər

     12-16 mart 2012-ci il tarixlərdə İtaliyanın Serakuza şəhərində Avropa Şurasının Şərq Tərəfdaşlığının Düzgün İdarəçilik və Korrupsiyaya qarşı mübarizə layihəsi çərçivəsində həmin qurumun Kriminalistika sahəsində Ali Elmi Tədqiqatlar İnstitutu (ISISC) ilə birgə təşkilatçılığı ilə "İqtisadi və maliyyə cinayətlərinin aşkar edilməsi, istintaqı və kriminallaşdırılması sahəsində standartların müəyyən edilməsi" mövzusunda ixtisaslaşmış regional treninq-seminar keçirilmişdir.

    Ukrayna, Moldova və digər ölkələrin nümayəndə heyətlərinin iştirak etdiyi tədbirdə Bazel İdarəçilik İnstitutunun Əmlakın bərpası üzrə Beynəlxalq Mərkəzinin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının qarşısının alınması sahəsində ixtisaslaşmış ekspertləri tərəfindən seminar iştirakçılarına cinayət yolu ilə əldə edilmiş əmlakın aşkar edilməsi, izlənməsi, üzərinə həbs qoyulması, müsadirəsi, habelə bu sahədə beynəlxalq əməkdaşlıq vasitə və alətləri barədə ətraflı mühazirələr oxunmuş, eyni zamanda qabaqcıl dünya ölkələrinin qeyd olunan sahədə formalaşmış istintaq və məhkəmə təcrübəsi, mövcud qanunvericilik və beynəlxalq standartlar barədə ətraflı fikir mübadiləsi aparılmışdır.

     Tədbir iştirakçıları praktiki tapşırıqların həll olunmasında aktiv iştirak etmiş, habelə interaktiv şəkildə keçirilən təlim zamanı onları maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılmışdır.

     Tədbirdə Azərbaycan Respublikasını Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Orxan İsayev, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin şöbə rəisi Rövşən Əliyev, şöbə prokuroru Rəşid Mahmudov, həmçinin  Sumqayıt Apellyasiya və Xəzər rayon məhkəmələrinin hakimləri təmsil etmişlər.