Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2016-03-29
Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətinin məlumatı

     Bəzi kütləvi informasiya vasitələrində Xaçmaz şəhər sakini, "Arzu"  Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçisi və direktoru Nəcimə Babayevanın qəsdən öldürülməsi faktına görə başlanmış cinayət işinin ibtidai istintaqının obyektiv aparılmaması və cinayəti törətmiş şəxsin tutulmamasına etiraz olaraq mərhumun qızı,  Quba rayon sakini Təranə Həbibovanın intihar etməsi barədə həqiqətə uyğun olmayan informasiyalar dərc edilmişdir.

     Qeyd edilənlər tərəfimizdən qəti şəkildə təkzib olunur və bildiririk ki, 15 sentyabr 2010-cu il tarixdə, "Arzu"  MMC-nin təsisçisi və direktoru Nəcimə Babayevanın yaşadığı evdə qəsdən öldürülməsi faktı üzrə Xaçmaz rayon prokurorluğu tərəfindən həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

     Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları dərhal Xaçmaz rayonuna ezam olunmuş və rayon prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yeri və meyitə baxış keçirimiş, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar müəyyən edilərək götürülmüşüdür.

     20 sentyabr 2010-cu il tarixdə iş üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılmışdır.

     İstintaqla müəyyən edilmişdir ki, 2010-cu il sentyabrın 15-də saat 08:45-də Nəcimə Babayeva xadimə Məlahət Məmmədova ilə mobil telefonla əlaqə saxlayaraq, sonuncunu onlara gəlib mənzildə təmizlik işləri aparmasını xahiş etmişdir. Məlahət Məmmədova saat 10:35-də Nəcimə Babayevanın yaşadığı ünvana gəlmiş, həmin vaxt evin həyət darvazasının qapısı açıq olduğundan evə daxil olmuş və birinci mərtəbədə mətbəxdə Nəcimə Babayevanın meyitini görərək qışqırıb küçəyə qaçmışdır. Bu zaman evin ikinci mərtəbəsində yatan Nəcimə Babayevanın qızı Gülnara Həbibova yuxudan duraraq birinci mərtəbəyə düşmüş və mətbəxdə anasının meyitini görmüşdür.

     Cinayət işi üzrə məhkəmə-tibbi, məhkəmə-tibbi-bioloji, məhkəmə-daktiloskopik və məhkəmə-genetik ekspertizaları keçirilməklə müvafiq rəylər alınmışdır. Cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyənləşdirilməsi istiqamətində müxtəlif fərziyyələr ətrafında, o cümlədən Nəcimə Babayevanın təsisçisi olduğu müəssisədə ticarətlə məşğul olan, eləcə də tabeliyində işləyən şəxslər tərəfindən öldürülməsi, ticarət mərkəzinin fəaliyyəti ilə əlaqədar onunla münaqişəsi olan şəxslər tərəfindən qisas məqsədilə törədilməsi, N.Babayeva ilə ədavəti olan qonşular, əvvəllər məhkumluğu olan şəxslər tərəfindən törədilməsi və sair fərziyyələr irəli sürülməklə kompleks istintaq-əməliyyat tədbirləri həyata keçirilmiş, 250-dən artıq şahid dindirilmişdir.

     Mərhumun övladları Fuad və Gülnarə Həbibovlar iş üzrə Azərbaycan Respublikasının Baş prokuroru, Baş Prokurorluğun idarə rəisləri, Baş Prokurorluğun idarə prokuroru tərəfindən mütəmadi olaraq, həmçinin cinayət işinin istintaqını aparan müstəntiq tərəfindən hər həftə qəbul edilmişdir.

    27 sentyabr 2010-cu il tarixdə cinayət işi üzrə istintaq və əməliyyat-axtarış tədbirlərinin vəziyyəti Baş prokurorun birinci müavini, Baş prokurorun köməkçisi, istintaq qrupunun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin əməliyyat qrupunun üzvlərinin iştirakı ilə müzakirə edilmiş, cinayətin açılması üçün bütün fərziyyələr üzrə intensiv  əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır.

     1 oktyabr 2010-cu il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən istintaqın vəziyyəti barədə kütləvi informasiya vasitələrinə məlumat verilmişdir.

     Hazırda cinayətin açılması istiqamətində Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində tam və hərtərəfli istintaq-əməliyyat tədbirləri davam etdirilir.

     28 mart 2012-ci il tarixdə saat 09:00 radələrində Nəcimə Babayevanın 1963-cü il təvəllüdlü qızı, Quba rayon sakini Təranə Həbibovanın Xaçmaz rayonunda bacısının yaşadığı binanın 5-ci mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə əlaqədar hadisə yeri və meyitə rayon prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertin iştirakı ilə baxış keçirilmişdir. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yüksək rütbəli vəzifəli şəxsləri dərhal Xaçmaz rayonuna ezam olunmuşlar.

     Fakta görə həmin tarixdə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmışdır. İlkin araşdırmalarla müəyyən edilmişdir ki, mərhum T.Həbibova qohumunun yas mərasimində iştirak etmək üçün Xaçmaz rayonuna bacısının evinə gəlmiş və hələlik istintaqa məlum olmayan səbəblərdən intihar etmişdir.

     Hazırda cinayət işi üzrə ibtidai araşdırma Baş prokurorun şəxsi nəzarətinə götürülməklə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində davam etdirilir.