Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2012-03-29
Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərinin məlumatı

     Son günlər müxtəlif kütləvi informasiya vasitələrində bu il martın 1-də Quba şəhərində baş vermiş məlum hadisələrin əsl mahiyyətini təhrif edən, o cümlədən hüquq mühafizə orqanları tərəfindən kütləvi həbslərin aparılması barədə qəsdən heç bir əsası olmayan məlumatlar yayılmaqdadır. Bununla əlaqədar vətəndaşların hüquq mühafizə orqanlarına etdikləri çoxsaylı müraciətlərə aydınlıq gətirmək məqsədilə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi həmin hadisələrin təfərruatları ilə bağlı aşağıdakıları bildirməyi zəruri hesab edir.

     Məlum olduğu kimi, Quba rayon icra hakimiyyətinin başçısı Rauf Həbibovun 2011-ci il noyabrın 22-də sosial məsələlərin müzakirəsinə həsr olunmuş müşavirədə səsləndirdiyi bəzi fikirləri qubalılara hörmətsizlik kimi qəbul edən 1000 nəfərə yaxın sakin 2012-ci il martın 1-də İcra Hakimiyyətinin inzibati binası qarşısında etiraz aksiyası keçirmişdir. Tədbir ilk anlardan asayişin pozulmasına yönəlmədiyi və dövlətçiliyə dəstək xarakteri daşıdığı halda sonradan ayrı-ayrı destruktiv elementlərin təhriki ilə dinc məcradan çıxaraq ictimai qaydanın kobud surətdə pozulması, şəxsi və dövlət əmlakının qəsdən məhv edilməsi, vətəndaşlar üzərində zor tətbiqi ilə müşayiət olunan hərəkətlərə keçmişdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və silah qismində əşyaların istifadəsi ilə törədilmiş əməllər nəticəsində İcra Hakimiyyətinin inzibati binasının şüşələri və orada olan avadanlıqlar sındırılmış, bir neçə yardımçı tikili və başçıya məxsus fərdi yaşayış evi yandırılmış, xidməti vəzifəsini yerinə yetirən 24 polis əməkdaşına xəsarət yetirilmişdir.

     Fakt üzrə həmin gün Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və yə bu cür hərəkətlərdə fəal iştirak etmə) və 186-cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə cinayət işi başlanmış və Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin icraatına verilmişdir.

     Həyata keçirilən tədbirlərlə cinayətdə iştirak etmiş 25 şəxs müəyyən olunaraq istintaqa cəlb edilmişdir. Onlardan yalnız ictimai qaydanın kobud sürətdə pozulmasında, fiziki və hüquqi şəxslərə məxsus əmlakın məhv edilməsində fəal iştirak etmiş yeddi nəfəri, o cümlədən Fərhad Abdurahmanov, Alxas Dənyalov, Səxavət Vaizi, Samir Xanmədov, Xəyyam Yunusov, Zəmistan Əmiraslanov və Səfər Qəribov Cinayət Məcəlləsinin həmin maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmə tərəfindən həbs olunmuşdur.

     Hadisələrin baş vermə səbəblərinin müəyyən edilməsi istiqamətində aparılan istintaq araşdırmaları göstərmişdir ki, Quba şəhər bələdiyyəsinin və rayon bələdiyyələr şurasının sədri Elxan Əliyev 2011-ci il noyabrın 22-də keçirilən müşavirədə videoçəkiliş aparan «Xəyal» müstəqil teleradio şirkətinin icraçı direktoru Vüqar Qonaqovdan icra hakimiyyətinin başçısı Rauf Həbibovun çıxışının qısaldılmış variantını hazırlamağı xahiş etmiş və bunun müqabilində ona 140 manat ödəmişdir.

    Vüqar Qonaqovun tapşırığı ilə şirkətin baş redaktoru Zaur Quliyev və montajçısı İslam Aslanov tərəfindən icra başçısının rayonun bəzi sakinlərinin qanunsuz hərəkətləri barədə söylədiyi fikirlərin ardıcıllığı pozulmaqla, ayrı-ayrı sözləri vətəndaşlarda hiddət doğuran məzmunda birləşdirilməklə süjet hazırlanmışdır. Həmin videomaterial 2011-ci il dekabrın 18-də kompakt diskdə Vüqar Qonaqova təqdim olunmuş və o, diski Elxan Əliyevə vermişdir.

    Bundan əlavə, Əmlak Məsələləri Dövlət Komitəsinin 13 saylı Quba ərazi şöbəsinin məsləhətçisi Zakir Məmmədov icra başçısının çıxışı, eləcə də Rauf Həbibova və onun qohumlarına məxsus ünvanları və ölçüləri göstərilən daşınmaz əmlakın siyahısı və görüntüləri montaj edilməklə hazırlanmış videoçarxı rayondakı «Eniqma» mağazasında audio-video disk satıcısı işləyən Rövşən Məhərrəmova verərək internetdə yaymasını xahiş etmişdir.

     Videoçarx Rövşən Məhərrəmov tərəfindən 2012-ci il fevralın 20-də «odnoklassniki.ru» və «mail.ru» saytlarında yerləşdirilmişdir. Həmin görüntüləri əldə edən rayonun ərzaq malları mağazasının satıcısı Əli Zeynalov onları Quba şəhərindəki «MMM» internet klubunun icarəçisi İmran Mustafayevə vermişdir. Öz növbəsində İmran Mustafayev ikinci qrup əlil olan Mustafa Nurullayevə məxsus loqin və paroldan istifadə etməklə videomaterialı fevralın 21-də «youtube.com» saytına yerləşdirmişdir.                          

   Əmlak Məsələləri Dövlət Komitəsinin 13 saylı Quba ərazi şöbəsinin məsləhətçisi Zakir Məmmədovun mənzilinə keçirilmiş baxış zamanı destruktiv məzmunlu çağırış vərəqələri, Siyəzən rayonu ərazisində gizlətdiyi 3 ədəd disk, «Xəyal» müstəqil teleradio şirkətinə məxsus prosessor və digər dəlillər maddi sübut kimi götürülmüşdür.

   Zakir Məmmədov, habelə Quba şəhər bələdiyyəsinin və rayon bələdiyyələr şurasının sədri Elxan Əliyev, «Xəyal» müstəqil teleradio şirkətinin icraçı direktoru  Zaur Quliyev və baş redaktoru Vüqar Qonaqov Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilmişdir.

     Cinayət işi üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.