Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2012-04-20
Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Rusiya Federasiyasının İstintaq Komitəsi arasında informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq genişlənir

     Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Rusiya Federasiyasının İstintaq Komitəsi arasında 28 sentyabr 2010-cu il tarixdə imzalanmış Əməkdaşlıq Proqramı çərçivəsində komitənin əməkdaşlarından ibarət nümayəndə heyəti 16-19 aprel tarixlərində Baş Prokurorluqda olmuşlar.

 

     Prokurorluq orqanlarında müasir informasiya texnologiyalarının tətbiqi sahəsində həyata keçirilən islahatlar, o cümlədən Baş Prokurorluq və tabe prokurorluqlarda sənədlərin elektron mübadiləsini təmin edəcək mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması və sistemin əsas parametrləri və funksionallığı barədə qonaqlara ətraflı məlumat verilmişdir.

 

     Xüsusi qeyd edilmişdir ki, Baş Prokurorluğun Hüquqi təminat və informasiya idarəsinin İnformasiya texnologiyalarının tətbiqi xidməti tərəfindən hazırlanmış "Elektron Sənəd Dövriyyəsi" Proqramına ilkin mərhələdə Baş Prokurorluğun idarə və şöbələrinin, növbəti mərhələdə Respublika Hərbi Prokurorluğunun, Bakı şəhər prokurorluğunun, Bakı şəhərinin rayon prokurorluqlarının, daha sonra isə rayon (şəhər) və ərazi hərbi prokurorluqlarının qoşulması nəzərdə tutulmuşdur. Hazırda Baş Prokurorluğun hər bir idarə və şöbələrində elektron arxivlər yaradılmaqla, sənədlərin elektron dövriyyəsi və idarədaxili mübadiləsinin geniş tətbiq olunması, eyni zamanda Baş Prokurorluq və bütün tabe prokurorluqlar arasında optik kabel vasitəsilə vahid şəbəkənin yaradılması, sistemin fəaliyyətini təmin edə biləcək müasir informasiya texnologiyalarının tətbiqi istiqamətində konkret tədbirlərin həyata keçirildiyi bildirilmişdir.

 

     Nümayəndə heyəti daha sonra Baş Prokurorluğun Elm-Tədris Mərkəzində olmuş, mərkəzin kafedra və laboratoriyalarında istifadə edilən müasir avadanlıqlarla tanış olmuş və onlara prokurorluq işçilərinin nəzəri bilik və peşə hazırlığı səviyyəsinin yoxlanılması məqsədi ilə yaradılmış "İmtahan" sistemi, həmçinin xüsusi məlumatların verilməsi nəzərdə tutulan cinayət xarakterli faktlar barədə operativ məlumatların uçotu üzrə "Xüsusi məlumat" informasiya sistemi barədə məlumat verilmişdir.

 

     Rusiya İstintaq Komitəsinin əməkdaşları Azərbaycan Respublikası Prokurorluğunda müasir informasiya texnologiyalarının tətbiqini yüksək qiymətləndirərək, "Elektron Sənəd Dövriyyəsi" Proqramını təqdirəlayiq addım kimi dəyərləndirmişlər.

 

     İnformasiya texnologiyalarının, o cümlədən "Elektron Sənəd Dövriyyəsi" Proqramının tətbiqi ilə əlaqədar Azərbaycan Prokurorluğunun müsbət iş təcrübəsinin Rusiya İstintaq Komitəsində tətbiqi ilə bağlı ətraflı fikir mübadiləsi aparılmış, həmçinin bu istiqamətdə qarşılıqlı səmərəli əməkdaşlığın inkişafı və davam etdirilməsinə əminlik ifadə olunmuşdur.