Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2012-04-24
Azərbaycan və Ukrayna prokurorluq orqanları arasında əməkdaşlıq məsələləri müzakirə olunmuşdur

     Aprelin 24-də Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov ölkəmizdə səfərdə olan Ukrayna Prokurorluğunun Hərbi prokurorluqlar Baş idarəsinin rəisi Yuriy Viytevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

     Azərbaycan və Ukrayna arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın daha da dərinləşməsi və inkişaf etdirilməsində ölkələrimizin maraqlı olmaları və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən söhbət açan Baş prokuror, qonaqlara ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində Azərbaycan prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan mütərəqqi qanunvericilik aktlarının, prokurorluğun, o cümlədən hərbi prokurorluğun fəaliyyəti üçün zəruri hüquqi bazanın yaradılması, prokurorluq orqanlarında müasirləşmə prosesinin həyata keşirilməsi və köklü islahatların aparılması, eyni zamanda kadr siyasətində ciddi dönüşün yaradılması və şəffaflığın təmin edilməsi, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin fəaliyyəti, həmçinin respublika Hərbi Prokurorluğu orqanlarının strukturu, fəaliyyət istiqamətləri və qarşıda duran vəzifələr barədə ətraflı məlumat vermişdir.

     Respublikamızda aparılan məhkəmə-hüquq islahatları barədə məlumatlı olduğunu bildirən Yuriy Viytev hər iki ölkənin Hərbi prokurorluqları arasında əməkdaşlığın perspektivlərinin müzakirəsi, iş təcrübəsi və məlumat mübadiləsinin, həmçinin istintaq işinin effektivliliyinin artırılması məqsədilə qarşılıqlı səfərlərin həyata keçirilməsinin zəruriliyini  vurğulamış, eyni zamanda təmsil etdiyi təşkilatın Azərbaycanla əlaqələrin inkişafına  böyük önəm verdiyini xüsusi qeyd etmişdir.

     Görüşdə hərbi prokurorluq orqanları arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsinin zəruriliyi vurğulanmış, tərəfləri maraqlandıran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılmışdır.

     Qəbulda Ukraynanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Nişşenko və Respublika Hərbi prokuroru Xanlar Vəliyev iştirak edirdilər.