Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2012-05-07
Hərbi Prokurorluqda "Heydər Əliyev hüquqi dövlət quruculuğunun və müstəqil dövlətimizin yaradıcısıdır" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir

    Mayın 7-də Azərbaycan Respublikası Hərbi Prokurorluğunda ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş "Heydər Əliyev hüquqi dövlət quruculuğunun və müstəqil dövlətimizin yaradıcısıdır" mövzusunda elmi-praktik konfransı keçirilmişdir.
     Konfrans iştirakçıları əvvəlcə Hərbi Prokurorluğun inzibati binasında ulu öndər Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoymuş, ümummilli liderin nurlu xatirəsini dərin ehtiramla yad etmişlər.
      Azərbaycan Respublikası baş prokurorunun müavini - hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev konfransda məruzə ilə çıxış etmişdir. O, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın müdrik oğlu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, görkəmli dövlət xadimi Heydər Əliyevin müasir Azərbaycanın tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu islahatlar barədə ətraflı məlumat vermişdir.
      Xanlar Vəliyev xüsusi vurğulamışdır ki, şərəfli və mənalı ömür yolunun böyük bir hissəsini xalqının tərəqqisinə həsr etmiş ulu öndərimiz Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını yaratmış, xalqı həqiqi müstəqilliyə qovuşduraraq ictimai şüurda əbədiyaşarlıq hüququ qazanmışdır. Azərbaycan xalqının ən parlaq simalarından biri olan qüdrətli şəxsiyyət Heydər Əliyevin siyasi obrazı millətimizin dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin təcəssümüdür. Tarixin ən sərt və çətin sınaqlarından keçməklə əxz etdiyi milli dövlətçilik ənənələrini məhz Heydər Əliyevin rəhbərliyi ilə vahid sistem halına salaraq özünütəsdiq imkanı qazanmış xalqımız, həm də müstəqil dövlətdə yaşamaq və özünü idarə etmək haqqını qorumağı bacarmışdır.
      Bildirilmişdir ki, ulu öndər Heydər Əliyevin gərgin və məqsədyönlü fəaliyyəti nəticəsində bu gün ölkəmiz inkişaf etmiş dünya dövlətləri sırasında öz layiqli yerini tutmuşdur.
Həyata keçirilən mütərəqqi və beynəlxalq standartlara uyğun islahatlar nəticəsində ölkəmizdə demokratik və hüquqi dövlət qurulmuş, iqtisadi müstəqilliyə nail olunmuş, xalqımızın xoşbəxt gələcəyi üçün bütün təminatlar yaradılmış, dönməz ictimai-siyasi sabitlik və əmin-amanlıq bərqərar olmuş, qanunçuluğun aliliyinə əsaslanan sivil vətəndaş cəmiyyəti formalaşdırılmışdır.
      Məruzəçi daha sonra qeyd etmişdir ki, prokurorluq orqanlarının dövlətçiliyimizin maraqlarına, qanunun aliliyinə, insan və vətəndaş hüquqlarının müdafiəsinə xidmət edən sivil və demokratik bir quruma çevrilməsi, onun fəaliyyətinin hərtərəfli təminatı üçün qanunverici, maddi və sosial bazanın yaradılması ümummilli lider Heydər Əliyevin siyasi iradəsinin bəhrəsidir.
      Ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin respublikamızda hüquqi islahatları uğurlu davam etdirməsini vurğulayan hərbi prokuror, bu gün dövlətimizin başçısının Azərbaycanın iqtisadi və sosial inkişafına, ölkədə sülhün, təhlükəsizliyin, əmin-amanlığın qorunmasına verdiyi misilsiz töhfələrdən bəhs etmişdir. Xüsusilə vurğulanmışdır ki, Prezident İlham Əliyevin yeritdiyi dövlətçilik siyasəti ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf konsepsiyasının reallaşdırılmasını və doğma Azərbaycanımızın hərtərəfli tərəqqisini təmin edir.
      Daha sonra Hərbi prokurorluqlarda İstintaqa nəzarət şöbəsinin prokuroru Emin Musayev və Silahlı qüvvələrdə qanun pozuntuları barədə məlumatların araşdırılması şöbəsinin prokuroru Cavid Xəlilov çıxış edərək ulu öndərin Azərbaycanın tərəqqisi istiqamətindəki fəaliyyətindən, Ali Baş Komandan, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlardan, gənclər siyasətinin əhəmiyyətindən danışmışlar.
      Mərasimə yekun vuran ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirmişdir ki, Hərbi Prokurorluğun kollektivi ulu öndər Heydər Əliyevin dövlətçilik ideyalarına həmişə sadiq qalacaq, müstəqilliyimizin, ictimai-siyasi sabitliyin və əmin-amanlığın hər cür cinayətkar qəsdlərdən qorunması istiqamətində Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dövlətçilik tədbirlərində yaxından iştirak edəcəkdir.
      Mərasimin sonunda Hərbi Prokurorluğun xidmətdə fərqlənən bir qrup əməkdaşına hərbi rütbələr verilmişdir.