Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2012-05-22
Korrupsiyaya qarşı mübarizə sahəsində kompleks tədbirlər davam etdirilir

     Mütəşəkkil cinayətkarlığın  təhlükəli təzahürlərindən olan korrupsiyanın, vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifadə hallarının qarşısının alınması, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması dövlətimizin diqqət mərkəzində olmaqla bu sahədə prokurorluq orqanları tərəfindən ardıcıl, sistemli tədbirlər davam etdirilir.

     Belə ki, Bakı şəhər sakininin Dövlət Arxivinin Bakı filialının direktoru Şükürov Şahsuvar Ağahüseyn oğlunun paytaxtın Xəzər rayonu ərazisində yaşayış evlərinin tikilməsi üçün torpaq sahələrinin ayrılması haqqında sərəncamın təsdiq olunmuş surətinin verilməsinə görə ondan 1.000 manat pul tələb etməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olmuş müraciəti araşdırılmışdır.

     Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Ş.Şükürov 15 may 2012-ci il tarixdə arxivin Bakı şəhəri, Z.Bünyadov küçəsi 3 saylı ünvanda yerləşən inzibati binasındakı xidməti otağında 800 manat pulu vətəndaşdan rüşvət kimi alarkən cinayət başında yaxalanmışdır.

     Həmin pullar hal şahidlərinin iştirakı ilə götürülərək rəsmiləşdirilmişdir.

     Ş.Şükürovun xidməti otağına keçirilmiş baxış zamanı vətəndaşın təqdim etdiyi sorğu və bununla bağlı hazırlanmış sənədlər aşkar edilərək  götürülmüşdür.

     Fakta görə Ş.Şükürov barəsində Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanmışdır. Ş.Şükürov təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

     Bundan başqa, Beyləqan rayon enerji şəbəkəsinin baş mühəndisi Feyziyev Vahid İbrahim oğlunun vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə rayon sakininin elektrik enerjisindən istifadəsi ilə əlaqədar qanunsuzluq hallarına yol verildiyi müəyyən edilmişdir. Belə ki, V.Feyziyevin qanunazidd hərəkətləri barədə Beyləqan rayon sakininin Baş prokuror yanında       Korrupsiyaya qarşı mübarizə idarəsinin "161 - Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılmışdır.

     Müəyyən edilmişdir ki, rayonun Talıbxanlı kənd sakini yaşadığı kəndin ərazisində icarəyə götürdüyü 0,5 ha torpaq sahəsində inşa etdirdiyi tikiliyə enerji sayğacının quraşdırılması üçün texniki şərtin alınmasına görə V.Feyziyevə müraciət etdikdə sonuncu ondan 200 manat rüşvət tələb etmişdir.

     Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində V.Feyziyev 8 may 2012-ci il tarixdə şəbəkənin inzibati binasında xidməti otağında vətəndaşdan 200 manat pulu rüşvət kimi alarkən Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanmışdır.

     V.Feyziyev həmin pulları prokurorluq əməkdaşlarına təqdim etmiş və pullar hal şahidlərinin iştirakı ilə götürülərək rəsmiləşdirilmişdir.

     Törətdiyi cinayət əməlinə görə V.Feyziyev barəsində Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. V.Feyziyev təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

     Digər cinayət işi Xaçmaz rayon Köhnə Xaçmaz kənd bələdiyyəsinin sədri İsrafilov Rəhman Gülağa oğlunun qanunsuz hərəkətləri barədə rayon sakininin Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "161 - Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti əsasında Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə başlanmışdır.

     Belə ki, Rəhman İsrafilov Köhnə Xaçmaz kənd bələdiyyəsinin sədri işləyərkən həmin kənd sakininin istifadəsində olan 0,06 ha torpaq sahəsinin, eləcə də həmin sakinin yaşadığı evin qarşısındakı 0,03 ha torpaq sahəsinin qardaşının adına rəsmiləşdirilməsinə görə vətəndaşdan 1.700 ABŞ dolları məbləğində rüşvət tələb etmişdir.

     Bundan sonra o, həmin puldan 500 ABŞ dollarını almaqla, cinayət əməlini davam etdirərək 14 may 2012-ci il tarixdə tələb etdiyi məbləğin qalan 1.200 ABŞ dollarını xidməti otağında rüşvət kimi alarkən cinayət başında yaxalanmışdır.

     R.İsrafilov təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

     Hazırda qeyd edilən cinayət işləri üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla vətəndaşların pozulmuş hüquqlarının bərpa edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.