Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2012-06-06
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərindən

   İyunun 5-də saat 15 radələrində Suraxanı rayonunda fəaliyyət göstərən «Altun» istirahət mərkəzinin sahibi Asif Əsədullazadənin oğlu Türkel həmin rayonun Yeni Günəşli qəsəbəsində yerləşən «Badi-Kübə» Mənzil-tikinti kooperativinə məxsus binanın qarşısında atasına məxsus ov tüfəngindən atəşlər açaraq MTK-nın sədri Məmmədov Samid Abış oğlunu qəsdən öldürmüş, sonuncunun xalası oğlu, həmçinin MTK-nın təsisçisi Qəmbərov Ədalət Nəcəf oğlunu isə qəsdən öldürməyə cəhd edərək bədən xəsarəti yetirmişdir.

    Fakta görə həmin tarixdə Suraxanı rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış və iş üzrə ibtidai istintaqın davam etdirilməsi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə həvalə olunmuşdur.

     Türkel Əsədullazadə Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur.

     Aparılmış istintaqla müəyyən edilmişdir ki, 2003-cü ildən təsis edilən «Badü-Kubə» Mənzil-tikinti kooperativi alqı-satqı müqaviləsi əsasında 2007-ci ildən Ədalət Qəmbərov tərəfindən alınmışdır. Ə.Qəmbərov kooperativ tərəfindən Yeni Günəşli qəsəbəsində 0.40 ha torpaq sahəsində tikilməkdə olan yaşayış binasının inşaasını davam etdirmişdir. Həmin dövrdə qeyd edilən torpaq sahəsinin, eyni zamanda qonşuluqda yerləşən «Altun» istirahət mərkəzinin sahibi A.Əsədullazadə «Badü-Kubə» MTK-nın təsisçisi Ə.Qəmbərova müraciət edərək MTK-nın əvvəlki sahibi ilə aralarında olan şifahi razılaşmanı xatırladaraq bina tikilib istifadəyə verildikdən sonra həmin ərazinin sahibi kimi ona hazır binadan 3500-4000 kvadrat metr yaşayış sahəsi verilməli olduğunu bildirmişdir. Ə.Qəmbərov kooperativin yeni sahibi kimi bu şərtlə razılaşaraq binanın tikintisini davam etdirmişdir. 2008-ci ilin avqust-sentyabr aylarında binanın tikintisi üçün A.Əsədullazadə tərəfindən əlaqədar təşkilatlardan müvafiq sənədlər alınmadığından Ə.Qəmbərovla aralarında mübahisə yaranmışdır. Ə.Qəmbərov binanın tikintisi ilə bağlı sənədləri tələb etdikdə A.Əsədullazadə həmin sənədləri toplamağı boynundan atmışdır. Bundan sonra Ə.Qəmbərov binanın tikintisi üçün müvafiq sənədləri toplamış və binanın sahəsi 2.000 kvadrat metrlik 13 mənzilin sənədlərini A.Əsədullazadəyə təqdim etmişdir. Həmin vaxtdan başlayaraq A.Əsədullazadə ona verilməli olan payın qalan hissəsini həm məhkəmə yolu ilə, həm də qeyri qanuni üsullarla tələb etmişdir. 

     İstintaqla həmçinin müəyyən olunmuşdur ki, A.Əsədullazadə və Ə.Qəmbərov arasında olan mübahisə ilə əlaqədar Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 145 (qanunsuz azadlıqdan məhrum etmə) və 186.1-ci (əmlakı qəsdən məhv etmə) maddələri ilə ibtidai istintaq aparılaraq icraatı dayandırılmış, həmçinin Nərimanov rayon Polis İdarəsinin İstintaq şöbəsinin icraatında olan 1 iyun 2012-ci il tarixdə Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə başlanmış cinayət işləri mövcuddur.

     Eyni zamanda bildirilir ki,  "Badu-Kübə" MTK-nın vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barəsində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsındən daxil olmuş cinayət işinin istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində aparılır.

     İstintaqla müəyyən edilmişdir ki, "Badu-Kübə" MTK-nın təsisçilərindən olan Əliyev Nəsib Yusif oğlu və Cabbarov Zaur Zeynal oğlu müxtəlif vaxtlarda rəsmi sənədlərdən istifadə etməklə MTK tərəfindən tikintisi başa çatdırılmamış binada mənzilləri 101 vətandaşa təkrarən sataraq 3.883.332 manat məbləğındə pulu, o cümlədən "A.R.&Ko" MMC-nin direktoru Əsədullazadə Asif Yusif oğlu "Badu-Kübə" MTK-nın inşa etdiyi yaşayış binasından mənzilləri 21 vətandaşa təkrarən sataraq 632.538 manat məbləğində pulu aldatma yolu ilə ələ keçirərək külli mıqdarda ziyan vurmaqla dələduzluq etmişlər.

     Nəsib Əliyev, Zaur Cabbarov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə etmə), 313-cü (vəzifə saxtakarlığı), 320.2-ci  (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə, Asif Əsədullazadə isə həmin məcəllənin 178.3.2-ci (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

     Hazırda qeyd edilən cinayət işləri üzrə istintaq davam etdirilməklə, cinayətin digər iştirakçılarının müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi, həmçinin təqsirləndirilən şəxslər tərəfindən cinayət yolu ilə əldə olunmuş əmlakın müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.