Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2012-07-04
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərindən

     Son vaxtlar bəzi kütləvi informasiya vasitələrində "Tolişi Sədo" qəzetinin təsisçisi və baş redaktoru Hilal Məmmədovun peşə fəaliyyəti ilə əlaqədar qanunsuz həbs edilməsi barədə ictimai rəyi çaşdırmaq məqsədi güdən, reallıqdan uzaq olan, təxribat xarakterli məlumatlar yayılmaqdadır.

     Bununla əlaqədar bildiririk ki, Hilal Məmmədovun barəsində cinayət təqibinin başlanması və həbs qətimkan tədbirinin seçilməsi konkret ictimai-təhlükəli əməl törətməsi ilə əlaqədardır. Hilal Məmmədov xarici dövlətlərdən birinin xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilərək Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və ərazi toxunulmazlığı əleyhinə fəaliyyət göstərməsi, milli, irqi, dini nifrət və düşmənçiliyin salınması, habelə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə vətəndaş müraciəti və Daxili İşlər Nazirliyinə daxil olmuş əməliyyat məlumatı əsasında Cinayət-Prosessual Məcəlləsinin və "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Qanunun müddəalarına riayət edilməklə 2012-ci il iyunun 21-də saxlanılmışdır.

     İstintaqla müəyyən edilmişdir ki, uzun illər ərzində jurnalist peşəsinin və mədəniyyət mərkəzinin rəhbəri vəzifəsinin imkanlarından yararlanan H.Məmmədov 1992-ci ildən etibarən İranın xüsusi xidmət orqanının əməkdaşı Əbdoli Əli Həmzəli oğlu tərəfindən məxfi əməkdaşlığa cəlb olunaraq Azərbaycan Respublikasının suverenliyi, dövlət təhlükəsizliyi və ərazi toxunulmazlığı zərərinə fəaliyyət göstərib, bunun müqabilində mütəmadi şəkildə birbaşa maddi vəsait almışdır.

     Verilmiş tapşırıqlar əsasında Hilal Məmmədov respublikamıza qarşı düşmənçilik fəaliyyəti aparmaqda istifadə olunması üçün zəruri məlumatları toplayıb İranın kəşfiyyat qurumuna ötürüb, eləcə də belə məlumatlara malik şəxsləri müəyyənləşdirib həmin təşkilatın nümayəndələri ilə əlaqələndirərək casusluğu ilə dövlətə xəyanət etmişdir.

     Cinayətkar fəaliyyətini davam etdirən H. Məmmədov dövlətin konstitusiya quruluşunun təhlükəsizliyini sarsıtmaq məqsədilə yuxarıda adı çəkilən Əbdoli Əli Həmzəli oğlu və digərləri ilə cinayət əlaqəsinə girərək, qulluq mövqeyindən istifadə etməklə müxtəlif vaxtlarda İranda keçirilən konfranslardakı çıxışlarında, "Səhər-2" televiziya kanalındakı müsahibələrində, "Tolişi Sədo" qəzetində dərc olunmuş məqalələrində və tərcümə etdirərək yaydığı kitablarda respublikamızın ərazisində yaşayan azsaylı xalqların həyatına, mədəniyyətinə, ənənələrinə, tarixinə inam və hörməti sarsıdan fikirlər bildirmiş, aşkar surətdə milli ayrı-seçkiliyin və düşmənçiliyin salınmasına yönələn hərəkətlər etmişdir.

     Hilal Məmmədov saxlanılarkən hal şahidlərinin iştirakı ilə keçirilmiş baxış zamanı üzərində və yaşadığı mənzildə ümumi çəkisi 33,183 qram olan narkotik vasitə - heroin, həmçinin qanunsuz fəaliyyətində istifadə etdiyi kompüter və digər informasiya daşıyıcıları aşkar edilib götürülmüşdür.

     Yuxarıda göstərilənlərə əsasən Hilal Məmmədov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 283.2.2-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və satma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

     İstintaq zamanı Hilal Məmmədovun qanunvericilikdə təsbit olunan hüquqi yardım almaq, müdafiəçiyə malik olmaq, ifadə verməkdən, istintaq hərəkətində iştirakdan imtina etmək hüquqları tam təmin olunmuş, bütün prosessual hərəkətlər müdafiəçisinin iştirakı ilə həyata keçirilmişdir.

     Cinayət işinin mürəkkəb və çox epizodlu olması baxımından istintaqın tamlığının, hərtərəfliliyinin və obyektivliyinin təmin edilməsi məqsədilə Baş Prokurorluğun, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılmaqla təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.