Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2012-07-12
Bakı şəhər prokurorluğunun məlumatı

     İyulun 10-da Yasamal rayon sakini, əvvəllər məhkum olunmuş Abbasov Hafis Məmmədağa oğlunun yaşadığı mənzildə sərxoş vəziyyətdə ailə üzvlərini öldürməklə hədələməsi barədə Daxili İşlər Nazirliyinin "102" xidmətinə daxil olmuş məlumat əsasında rayon Polis İdarəsinin əməkdaşları H.Abbasovun qanunazidd davranışlarının qarşısının alınması üçün həmin ünvana gəlmişlər. Polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayan H.Abbasov onları qəsdən həyatdan məhrum etmək məqsədilə cibində olan bıçaqla hücum etməklə polis əməkdaşları  E.Məmmədov və M.Mehdiyevə müxtəlif dərəcəli xəsarətlər yetirmiş, lakin bıçağın qırılması və polis əməkdaşlarının ona fəal müqavimət göstərmələri səbəbindən cinayət əməlini başa çatdıra bilməmişdir.

     Daha sonra H.Abbasov qanunazidd hərəkətlərini davam etdirərək rayon Polis İdarəsinin əməkdaşlarının çağırışı ilə köməyə gələn DİN-in Çevik Polis Alayının əməkdaşları, həmçinin tibbi yardım göstərilməsi üçün çağırılmış Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının işçilərini də öldürməklə hədələyərək evindən götürdüyü mətbəx bıçağı ilə yenidən hücum edib polis əməkdaşı Yusif Rzayevə xəsarətlər yetirmişdir.  Polis əməkdaşları tərəfindən zərərsizləşdirilən H.Abbasov cinayət əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməmişdir. 

     Fakta görə Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.3,  29, 120.2.7 və 29, 120.2.10-cu (qəsdən adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanmışdır.

     H.Abbasov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona  Cinayət Məcəlləsinin qeyd edilən maddələrində nəzərdə tutulan ittiham elan edilmiş və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

     Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.