Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2012-08-03
Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətinin məlumatı

 
   Avqustun 3-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda prokurorluq orqanları tərəfindən 2012-ci ilin birinci yarımilində «Prokurorluq haqqında» Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və bu məsələnin bölgə müşavirələrində müzakirələrinin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilmişdir.

     Əməliyyat müşavirəsində məruzə ilə çıxış edən Baş prokuror Zakir Qaralov bildirmişdir ki, 2012-ci ilin birinci yarısı bütövlükdə Azərbaycan Respublikası, o cümlədən prokurorluq orqanları üçün uğurlu bir hesabat dövrü olmuşdur. 2003-cü ildən başlayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında reallaşdırılan müasir məzmunlu dövlətçilik siyasətinin məntiqi nəticəsidir ki, iqtisadi inkişaf göstəricilərinə görə dünya dövlətləri arasında və MDB məkanında qabaqcıl mövqelərə çıxan Azərbaycan Respublikası ümumdaxili məhsulun artımına görə liderliyini qoruyub saxlamaqla, yeni infrastrukturların yaradılması, ölkənin və ayrı-ayrılıqda hər bir regionun inkişafını təmin edəcək qlobal sosial-iqtisadi inkişaf proqramlarının həyata keçirilməsi, ölkəmizin beynəlxalq iqtisadi sistemə inteqrasiyası proseslərinin sürətləndirilməsi, son nəticədə isə xalqın həyat səviyyəsinin yüksəldilməsi təmin edilmişdir. Praqmatik və gələcəyə istiqamətləndirilmiş məqsədyönlü siyasət tədbirləri dünyanı bürümüş maliyyə və iqtisadi böhran şəraitində ölkəmizi iqtisadi sarsıntılardan xilas etmiş, qısa müddət ərzində çox böyük və uğurlu nəticələrə nail olunmuş, hüquqi və demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesləri yeni müstəviyə qaldırılmış, dünya birliyinə inteqrasiya prosesləri dönməz xarakter almışdır.  Dövlət başçısı cənab  İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında aparılan müzakirələr Azərbaycan iqtisadiyyatının uğurla inkişaf etdiyini, iqtisadi inkişaf göstəricisinin, valyuta ehtiyatlarının və iqtisadiyyata sərmayə qoyuluşu səviyyəsinin yüksək olduğunu, çoxsaylı yeni iş yerlərinin açıldığını, ölkəmizin, o cümlədən iqtisadiyyatımızın gələcəyinin neft amilindən daha az asılılığını təmin edəcək sahələrin artan templərlə inkişaf etdiyini göstərmişdir. Həyata keçirilən islahatların uğurlu nəticəsidir ki, mötəbər beynəlxalq maliyyə təşkilatları olan dünyanın 3 aparıcı reytinq agentliyi Azərbaycanın kredit reytinqini artırmışdır.

     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən və balanslaşdırılmış xarici siyasətinin məntiqi nəticəsi olaraq Azərbaycan dünyanın 155 ölkəsinin dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmiş və cari ilin may ayının əvvəlindən Şuraya sədrliyi uğurla həyata keçirmişdir. Bu, 20 illik müstəqillik tariximizdə ölkəmizin qazandığı ən böyük nailiyyətdir.

     2012-ci ilin birinci yarımilində Azərbaycan Prokurorluğu digər hüquq mühafizə, məhkəmə, ədliyyə və xüsusi xidmət orqanları ilə əlaqəli şəkildə  ölkəmizdə dayanıqlı ictimai-siyasi sabitliyin qorunması, dövlət maraqlarının müdafiəsi və cinayətkarlığa qarşı kəsərli mübarizənin təşkili, ən əsası isə vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsini təmin etmişdir. Bu gün prokurorluq orqanlarının bütün səyləri icra müddətinin başa çatmasına baxmayaraq, prokurorluğun kollektivi üçün gələcəyə istiqamətləndirilmiş uzunmüddətli proqram xarakterli sənəd kimi qəbul edilən «Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı»nın ümumi prinsiplərinə uyğun islahatların yeni müstəvidə davam etdirilməsinə, «Prokurorluq haqqında» qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin yüksək tələblər səviyyəsində səmərəli təşkilinə, yeni kadr korpusunun formalaşdırılmasına, fəaliyyətimizdə mövcud çatışmazlıqların aradan qaldırılmasına yönəldilmişdir.

     Müsbət hal kimi qeyd olunmuşdur ki, prokurorluğun digər hüquq mühafizə, ilk növbədə isə Daxili İşlər və Milli Təhlükəsizlik orqanları ilə əlaqəli birgə fəaliyyətinin nəticəsi olaraq, 2012-ci ilin birinci yarısında kriminogen stabilliyə nail olunmuş və cinayətkarlığın dinamikasında mənfi təzahürlərin qarşısı alınmışdır. Belə ki, əvvəlki hesabat dövrü ilə müqayisədə respublika üzrə qeydə alınmış ümumi və az ağır, o cümlədən qəsdən adam öldürmə, qəsdən adam öldürməyə cəhd və zorlama, quldurluq, soyğunçuluq və oğurluq, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin sayı əhəmiyyətli dərəcədə azalmış, banditizm və cinayətkar birlik yaratma, adamları girov götürmə kimi cinayətlər ümumiyyətlə qeydə alınmamış, törədilmiş 11953 cinayətin 87,0 faizinin açılması təmin edilmişdir. Məqsədyönlü istintaq-əməliyyat tədbirlərinin nəticəsi olaraq, əvvəlki illərdə törədilməklə uzun müddət ərzində bağlı qalan bir çox ağır və xüsusilə ağır cinayətlərin açılması, çoxsaylı cinayətkar dəstələrin zərərsizləşdirilməsi təmin olunmuşdur.

     Cinayətkarlıqla mübarizə sahəsində əsas diqqətin artım tendensiyası müşahidə olunan cinayətlərin profilaktikası istiqamətində həyata keçirilən qabaqlayıcı tədbirlərin səmərəliliyinin yüksəldilməsinə yönəldilməsi, Daxili İşlər Nazirliyinin müvafiq qurumları ilə əlaqəli şəkildə hər bir ərazi vahidi üzrə bu istiqamətdə zəruri tədbirlərin görülməsi, 2012-ci ilin birinci yarımilinin yekunlarına görə və əvvəlki illərdən bağlı qalmış bütün cinayətlər üzrə istintaq və əməliyyat-axtarış tədbirlərinin intensivliyinin artırılması və cəzanın labüdlüyü prinsipinin təmin olunması, o cümlədən, qəsdən adam öldürmə hadisələri ilə əlaqədar  Sumqayıt şəhəri üzrə 2, Mingəçevir şəhəri, Balakən, Xızı, Bakı şəhərinin Suraxanı və Xətai  rayonlarının hər birində 1 belə bağlı cinayətin açılması üçün bütün imkanlardan istifadə olunması barədə tapşırıqlar verilmişdir.

     Baş prokuror hesabat dövründə mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürü kimi korrupsiyaya qarşı kəsərli və yüksələn xətlə mütəmadi mübarizənin təşkili məsələsinin Azərbaycan Respublikası Prokurorluğunun qarşısında duran mühüm vəzifələrdən biri olduğunu xüsusi vurğulamışdır. Dövlət başçısı cənab İlham Əliyevin  siyasi iradəsinə müvafiq olaraq, ölkə səviyyəsində həyata keçirilən tədbirlər nəticəsində fəaliyyəti daha da müasirləşdirilən, ixtisaslaşmış cinayət təqibi orqanı kimi səlahiyyətləri, ştat tərkibi artırılmaqla strukturu təkmilləşdirilən, işçilərinin sosial müdafiəsi əhəmiyyətli dərəcədə gücləndirilən Baş prokuror yanında Korrupsiyaya qarşı  mübarizə idarəsinin fəaliyyəti daha səmərəli və çevik olmuş, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində idarə tərəfindən konkret zəruri tədbirlər həyata keçirilmişdir. Belə ki, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən 2012-ci ilin birinci yarımilində rüşvətlə bağlı, vəzifədən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma və bu xarakterli digər faktlar üzrə 160 şəxs barəsində 82 cinayət işinin istintaqı tamamlanaraq aidiyyəti üzrə baxılması üçün müvafiq məhkəmələrə göndərilmiş, hazırda idarənin icraatında 102 cinayət işi üzrə ibtidai araşdırmalar davam etdirilir. «161 - Qaynar xətt» əlaqə mərkəzinə daxil olan vətəndaş müraciətləri üzrə operativ tədbirlər görülməklə vəzifəli şəxslərin korrupsioner fəaliyyətləri ilə  bağlı  20 cinayət işi başlanmışdır.

     Dövlət başçısının siyasi iradəsinə müvafiq olaraq, Baş Prokurorluğun əlaqədar struktur qurumları və bütün tabe prokurorluqlar, ilk növbədə, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən korrupsiya hallarına qarşı mübarizənin gücləndirilməsi, bu neqativ təzahürlərin qarşısının alınması və onları doğuran səbəblərin aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsi  barədə tapşırıqlar verilmişdir.

     Diqqətə çatdırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2009-cu il tarixli «Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında» Fərmanının, həmin fərmanın icrası ilə əlaqədar prokurorluq orqanlarının vəzifələrini müəyyənləşdirən Baş Prokurorluq üzrə müvafiq əmrin icrası istiqamətində bir sıra tədbirlərin həyata keçirilməsi  təmin edilmiş, daxil olmuş bütün müraciətlər üzrə mütəxəssislərin cəlb edilməsi və mütəxəssislərin iştirakı barədə qərarlar qəbul edilməklə yoxlamaların keçirilməsi təmin olunmuşdur.

     Ölkəmizdə  uğurla reallaşdırılan dövlət gənclər siyasətinə və ölkə həyatının bütün sahələrində gənclərin əməyindən hərtərəfli istifadə olunması barədə Dövlət başçısının verdiyi  tapşırıqlara müvafiq olaraq Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş «Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında» Əsasnaməyə uyğun prokurorluq orqanlarında müsabiqə yolu ilə işə qəbulun həyata keçirilməsi kadr korpusunun şəffaf prosedurlar əsasında formalaşmasının ən  demokratik yolu kimi öz müsbət nəticələrini vermiş, artıq bu yolla daimi qulluğa qəbul edilənlər prokurorluq işçilərinin 51%-ni təşkil edir və onlar çox səmərəli fəaliyyət göstərirlər. Bu istiqamətdə işlər davam etdirilməklə, Respublika Baş Prokurorluğu tərəfindən 2012-ci il iyunun 5-də vakant olan 100 ştat vahidi üzrə yeni müsabiqə elan olunmuş və ilin sonuna qədər prokurorluğa qulluğa qəbulun həyata keçirilməsi təmin olunacaqdır. Baş Prokurorluğun Müsabiqə komissiyasına və  Kadrlar idarəsinə tapşırıq verilmişdir ki,  müsabiqənin ən yüksək tələbkarlıq, prinsipiallıq və şəffaflıq şəraitində keçirilməsi və namizədlər sırasından prokurorluqda işləməyə layiq olanların ədalətli seçiminin aparılması təmin olunsun.

     Əməliyyat müşavirəsində qeyd edilmişdr ki, 2012-ci ilin birinci yarımilində istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin səmərəliliyinin artırılması, bu sahədə mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində görülən tədbirlər də öz müsbət nəticələrini vermiş, istintaq fəaliyyətini həyata keçirən prokurorluq, Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Vergilər və Fövqəladə Hallar nazirlikləri, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin müvafiq qurumlarının fəaliyyəti daha da səmərəli olmuşdur. Peşəkar istintaq və əməliyyat-axtarış tədbirlərinin nəticəsində cəmiyyətin maraq dairəsində olan, keçmiş illərdə törədilməklə uzun müddət ərzində bağlı qalan bir sıra ağır və xüsusilə ağır cinayətlərin açılması təmin edilmişdir.

     Əldə edilmiş müsbət iş göstəriciləri ilə yanaşı, məhkəmələr tərəfindən bir sıra cinayət işlərinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorlara qaytarılması, müstəntiqlər və prokurorlar barəsində xüsusi qərarların çıxarılması hallarının mövcudluğu bu fəaliyyət istiqaməti üzrə qüsur kimi dəyərləndirilməklə, onların aradan qaldırılması, cinayət təqibinin həyata keçirilməsi ilə əlaqədar insan hüquq və azadlıqlarının real təmini üçün zəruri tədbirlərin görülməsi, mövcud nəzarət mexanizminin daha da təkmilləşdirilməsi barədə  tapşırıqlar verilmişdir.

     Nazirlər Kabinetinin cari il iyulun 11-də keçirilmiş iclasında Dövlət başçısı cənab İlham Əliyevin elektron sistemə keçidin zəruriliyi barədə verdiyi göstərişlərə müvafiq olaraq, yeni informasiya texnologiyalarının hərtərəfli tətbiqi və Mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması istiqamətində görülən işlər müsbət dəyərləndirilməklə, Baş prokuror tərəfindən  prokurorluq orqanlarında yaradılmış «Elektron sənəd dövriyyəsi» sisteminin daha da təkmilləşdirilməsi və texniki imkanlarının artırılması, mərhələ-mərhələ Bakı şəhər prokurorluğu orqanları və respublika ərazisində yerləşən tabe rayon və şəhər prokurorluqlarının bu sistemə qoşulması, video-konfrans rejimində bütün tabe struktur qurumlarla əlaqələrin yaradılması, «Elektron cinayət» informasiya sisteminin yaradılması üzrə tədbirlərin yekunlaşdırılması və bu sistemin tətbiqinə başlanılması istiqamətində zəruri  tapşırıqlar  verilmişdir.

     Əməliyyat müşavirəsində xüsusi olaraq qeyd edilmişdir ki, hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə prinsipiallığın yüksəldilməsi təmin olunmuşdur. Belə ki, 2012-ci ilin birinci yarımilində müxtəlif xətalar törətdiklərinə görə 45 prokurorluq əməkdaşı cəzalandırılmaqla, onlardan 9 nəfəri prokuror və müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiklərinə və «Azərbaycan Respublikası Prokurorluğu işçilərinin Etik davranış Kodeksi»nin tələblərini kobud şəkildə pozduqlarına görə prokurorluq orqanlarından xaric edilmiş, 3 nəfəri tutduğu vəzifədən azad olunmuş, 37 əməkdaş şiddətli töhmət, töhmət və irad növündə intizam məsuliyyətinə cəlb edilmişdir. Eyni zamanda, tabeçilikdə olan əməkdaşlara münasibətdə tələbkarlıqları zəruri səviyyədə olmayan, fəaliyyətlərində cəza tətbiqi üçün əsas olan qanunsuzluqlara yol verən 20 rayon prokuroru intizam məsuliyyətinə cəlb edilmişdir. Tələb edilmişdir ki, bütün struktur qurumlarda, tabe rayon və şəhər prokurorluqlarında, ilk növbədə xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi, tapşırılan işə görə əməkdaşların məsuliyyət hissinin və neqativ təzahürlərə münasibətdə prinsipiallığın artırılması üçün ən qəti tədbirlər görülsün.

     Vətəndaş müraciətlərinə baxılması və onların qəbulu işinin düzgün təşkili  məqsədilə həyata keçirilən islahat tədbirlərinin nəticəsi olaraq, yeni normativ-hüquqi bazanın yaradılması və sahəvi strukturun təkmilləşdirilməsinin  öz müsbət nəticələrini verdiyi qeyd edilməklə, vətəndaşların müraciətlərinə qayğı ilə yanaşılması və onların haqlı tələblərinin həlli istiqamətində zəruri tədbirlərin görüldüyü diqqətə çatdırılmışdır. 2012-ci ilin birinci yarımilində Azərbaycan Respublikası Prokurorluğu  orqanlarında 23,8 mindən çox, o cümlədən Baş Prokurorluqda 17,0 min ərizə və şikayətə baxıldığı, prokurorluq orqanlarında 12,5 mindən çox, o cümlədən Baş Prokurorluqda isə 1535 vətəndaşın  qəbul edildiyi  göstərilmişdir.

     Eyni zamanda, müraciətlər üzrə natamam və qeyri-obyektiv yoxlamalar aparılması, süründürməçilik hallarına yol verilməsi, əsassız qərarlar qəbul edilməsi, vətəndaşlara müraciətləri üzrə formal və səthi cavabların verilməsi, qəbullarının keçirilməsi qaydalarının pozulması kimi çatışmazlıqların hələ də mövcud olduğu nəzərə alınmaqla, bütün struktur qurumların rəhbərləri və tabe prokurorlardan müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin daha da təkmilləşdirilməsi, bu sahədə bütün neqativ halların təxirəsalınmadan aradan qaldırılması, yeni informasiya texnologiyalarının imkanlarından daha geniş istifadə edilməsi tələb olunmuşdur.

     Diqqətə çatdırılmışdır ki, prokurorluq orqanları tərəfindən 2012-ci ilin birinci yarımilində görülmüş işlərin vəziyyəti təsdiq edilmiş qrafikə uyğun olaraq bölgələr üzrə keçirilən əməliyyat müşavirələrində müzakirə edilmiş, Baş prokurorun müavinləri və Kollegiya üzvlərinin sədrliyi, Baş Prokurorluğun rəhbər heyətinin və tabe şəhər və rayon prokurorluqlarının əməkdaşlarının iştirakı ilə Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhərləri, Ağsu, Tərtər və Masallı rayonlarında bölgələr üzrə, habelə Azərbaycan Respublikası Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarında keçirilmiş geniş əməliyyat müşavirələrində hesabat dövründə görülmüş işlərin real vəziyyəti, mövcud nöqsanlar və çatışmazlıqların yaranma səbəbləri hərtərəfli və prinsipial təhlil edilmiş, «Prokurorluq haqqında» Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılması, prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da yüksəldilməsi üçün konkret tədbirlər müəyyənləşdirilmişdir. Əməliyyat müşavirələrində qaldırılan və işin səmərəliliyinə mənfi təsir göstərən problemlərin aradan qaldırılması və həlli vacib məsələlərin tənzimlənməsi istiqamətində qarşıda duran konkret vəzifələr müəyyənləşdirilmiş və Baş Prokurorluğun əlaqədar struktur qurumlarına müvafiq tapşırıqlar verilmişdir.

     Əməliyyat müşavirəsində 2012-ci ilin birinci yarımilində prokurorluq orqanları tərəfindən görülmüş işlər və bu məsələnin bölgə müşavirələrində müzakirə nəticələri barədə Baş prokurorun birinci müavini Rüstəm Usubov məruzə etmişdir. Müzakirələrdə çıxış edən Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev rəhbərlik etdiyi qurumun fəaliyyətinin təkmilləşdirilməsi və korrupsiya hallarına qarşı mübarizə sahəsində görülən işlər, Hüquqi təminat və informasiya idarəsinin rəisi Natiq Hüseynov yeni informasiya texnologiyalarının tətbiqi ilə əlaqədar həyata keçirilən tədbirlər barədə müşavirə iştirakçılarına məlumat vermişlər.

     Əməliyyat müşavirəsində inam ifadə olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən yeni məzmunlu dövlətçilik siyasətini hərtərəfli dəstəkləyən prokurorluq orqanlarının kollektivi müstəqil dövlətçiliyimizin maraqlarının və insan hüquqları və azadlıqlarının müdafiəsini, cinayətkarlığa qarşı yeni müstəvidə qətiyyətli mübarizə aparılmasını, xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsini, ən əsası işin prokurorluğa dövlət səviyyəsində göstərilən etimada layiq səviyyədə təşkili üçün səlahiyyət hədləri daxilində bütün zəruri tədbirlərin görülməsini təmin edəcəkdir.