Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2012-08-06
Respublika Hərbi Prokurorluğu və Müdafiə Nazirliyinin Mətbuat xidmətlərindən

     "N" saylı hərbi hissəsinin əsgəri İsgəndərli Pərviz Cahan oğlunun valideynləri kütləvi informasiya vasitələrində və mətbuat konfransındakı çıxışlarında oğullarının xidmət etdiyi hərbi hissənin 4 zabiti tərəfindən döyülərək bədəninin muxtəlif yerlərinin sındırılması, onun qəsdən öldürülməsi və bundan sonra izi itirmək üçün asılması, əsgərlərin daxili orqanlarının satılması, eləcə də orduda digər qanunsuzluqların baş verməsi barədə söylədikləri həqiqəti əks etdirmir.

     "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olmuş əsgər İsgəndərli Pərviz Cahan oğlunun 14 iyul 2012-ci il tarixdə özünü asaraq öldürməsi faktına görə həmin tarixdə Respublika Hərbi Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb və zəruri ilkin istintaq hərəkətləri aparılmışdır.

     İstintaqla müəyyən edilmişdir ki, "N" saylı hərbi hissənin bir neçə əsgəri tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını kobud surətdə pozaraq 2012-ci ilin iyul ayı ərzində əsgər Pərviz İsgəndərlini incidiblər. Nəticədə əsgər Pərviz İsgəndərli 14 iyul 2012-ci il tarixdə özünü asaraq öldürmüşdür.

     Bununla bağlı olaraq əsgərlər Şahin Xudiyevə, Vüsal İskəndərliyə, Vidadi Mustafayevə və Sabir Musayevə 23 iyul 2012-ci il tarixdə Cinayət Məcəlləsinin 182.2.1, 332.3-ci və digər maddələrində nəzərdə tutulan ittihamlar elan edilmiş və hərbi məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir.

     Hazırda baş vermiş hadisənin bütün hallarının tam, hərtərəfli araşdırılması istiqamətində zəruri istintaq hərəkətlərinin icrası davam etdirilir. İstintaqın nəticəsindən asılı olaraq obyektiv və qanuni qərarın qəbul edilməsi və təqsirkar şəxslərin məhkəmə məsuliyyətinə cəlb edilməsi təmin ediləcək.