Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2012-09-13
Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətinin məlumatı
     Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən təməli qoyulmaqla və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla reallaşdırılan dövlət gənclər siyasətinə uyğun olaraq prokurorluq orqanlarında müsabiqə yolu ilə işə qəbulun həyata keçirilməsi kadr korpusunun şəffaf prosedurlar əsasında formalaşmasının ən sivil və demokratik yoludur. Bu yolla həyata keçirilən işə qəbul prokurorluğun kadr tərkibinin hərtərəfli biliyə və yüksək mənəvi keyfiyyətlərə malik, dövlətçilik ideyalarına sədaqətləri ilə seçilən gənc mütəxəssislər hesabına komplektləşdirilməsi üçün geniş imkanlar yaratmış, ölkə həyatının bütün sahələrində gənclərin əməyindən hərtərəfli istifadə olunması barədə Dövlət başçısının verdiyi tapşırıqların icrası yolunda mühüm vasitə olmuşdur.

     Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında» Əsasnamənin tələblərinə müvafiq olaraq, 2002-ci ildən başlayaraq keçirilən 10 müsabiqə əsasında prokurorluq işçilərinin təxminən 50 faizini təşkil edən 499 gənc hüquqşünasın işə qəbul edilməsi həyata keçirilən islahatların uğurlu nəticəsidir.

     2012-ci il may ayının 31-də prokurorluq orqanlarına işə qəbul olunmaq  arzusunda olan şəxslər üçün vakant olan 100 ştat vahidi üzrə elan edilmiş  növbəti 11-ci müsabiqənin şərtlərinə cavab verən 461 namizədin (onlardan 54-ü qız) sənədləri qəbul edilmiş və həmin namizədlər müsabiqənin ilkin test imtahanı mərhələsinə buraxılmışlar. Namizədlərin 366-sı Bakı Dövlət Universitetinin, 21-i Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, 48-i Naxçıvan Dövlət Universitetinin, 26-sı isə digər ali təhsil müəssisələrinin məzunlarıdır. Sənədləri qəbul edilmiş namizədlərdən 13 sentyabr 2012-ci ildə keçirilmiş test imtahanında 442 nəfər iştirak etmişdir.

     Baş Prokurorluğun Müsabiqə Komissiyası tərəfindən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birlikdə imtahanın tam aşkarlıq şəraitində, şəffaf və obyektiv prosedurlar əsasında keçirilməsi üçün bütün zəruri tədbirlərin görülməsi təmin edilmişdir. İmtahanı 30-dan artıq hökumət və qeyri-hökumət, beynəlxalq təşkilatlar və kütləvi informasiya vasitələrinin nümayəndələri müşahidə etmişlər.

     İmtahan başa çatdıqdan dərhal sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının inzibati binasında elektron hesablayıcı maşınlar vasitəsi ilə namizədlərin cavab kartları yoxlanılmış və müsabiqənin ikinci mərhələsi-yazılı imtahanda 90 namizədin iştirak etmək hüququ qazandığı müəyyən edilmişdir.

     Nəticələr Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (www.tqdk.gov.az) və Baş Prokurorluğun (www.genprosecutor.gov.azwww.prokurorluq.gov.az) internet saytlarında yerləşdirilmişdir.

     Yazılı imtahanın keçiriləcəyi yer və vaxt barədə mətbuatda və Baş Prokurorluğun internet saytında əlavə məlumat veriləcəkdir.