Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2012-09-17
Bakı şəhər Prokurorluğunun məlumatı

     Sentyabrın 16-da saat 15 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən «Araz Avia» (Binə) ticarət mərkəzində dəm qazından kütləvi zəhərlənmə hadisəsi baş vermişdir.

     Dərhal hadisə yerinə  Prokurorluq, Daxili İşlər, Səhiyyə və digər qurumların əməkdaşları gəlmiş, zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir.

     İlkin araşdırmalarla müəyyən edilmişdir ki, həmin tarixdə səhər saatlarında ticarət mərkəzində elektrik enerjisinin dayandırılması səbəbindən bəzi mağaza sahibləri tərəfindən obyektlərin enerji təmini məqsədilə istifadələrində olan generator qurğuları işə salınmışdır. Həmin qurğulardan yaranan dəm qazının təsirindən satıcı və alıcılardan ibarət 146 nəfər səhhətlərinin  pisləşməsi ilə əlaqədar dərhal Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilmişlər. Xəstəxanada onlara ilkin tibbi yardım göstərilərək evlərinə buraxılmışlar. Hadisə nəticəsində ölüm faktı qeydə alınmamışdır.

     Fakta görə Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanmış, iş üzrə müvafiq ekspertizalar, o cümlədən hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi və məhkəmə-təhlükəsizlik texnikası ekspertizaları təyin edilmişdir.  

     Hazırda  cinayət işi üzrə Bakı şəhər prokurorluğunun İstintaq idarəsində istintaq davam etdirilir.