Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2012-09-18
Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərindən

     Məlumat verildiyi kimi sentyabrın 17-də saat 17:00 radələrində Sumqayıt şəhərində yerləşən "Azərbaycan Məişət Malları" Açıq Səhmdar Cəmiyyətinin ərazisində insan ölümünə səbəb olan yanğın hadisəsi baş vermişdir.

 

     Yanğının qarşısını almaq məqsədilə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 150-dən çox canlı qüvvəsi və 45 texnikası, həmçinin 2 yanğınsöndürən helikopteri dərhal hadisə yerinə cəlb edilmiş və görülmüş tədbirlər nəticəsində səhər saat 4:00 radələrində yanğın tam söndürülmüşdür.

 

      Üzərlərinə texniki və yanğın təhlükəsizliyi, eləcə də əmək mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxslər tərəfindən bu qaydaların pozulması insan ölümünə və digər ağır nəticələrə səbəb olduğundan fakta görə Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) və 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarının pozulması) maddələri ilə cinayət işi başlanmışdır.

 

     Hadisə yerinə Fövqəladə Hallar və Ədliyyə nazirliklərinin ekspertlərinin iştirakı ilə baxış keçirilmiş, oradan qaynaq işlərində istifadə edilmiş qaynaq aparatları, kəsici alətlər və iş üçün əhəmiyyət kəsb edən digər əşyalar götürülmüşdür.

 

      Qaynaq işləri aparan Sumqayıt şəhər sakinləri Babayev Sabir Kərim oğlu, Səfərəliyev Əbülfət Əziz oğlu və Piriyev Piri Xuduş oğlunun meyitləri  müayinə olunmaları üçün məhkəmə-tibb ekspertizasına təqdim olunmuşdur.

 

     Hadisənin qarşısını alarkən yanğının söndürülməsində iştirak edən Fövqəladə Hallar Nazirliyinin 7 əməkdaşı, eləcə də həmin müəssisədə işləyən 3 nəfər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılmışdır. Onlardan 8-i ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılmış, 2 nəfərin isə müalicəsi hazırda davam etdirilir.

 

     İş üzrə zəruri və təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilmiş, o cümlədən məhkəmə-yanğın-texniki, məhkəmə-tibbi və digər ekspertizalar təyin olunmuş, çoxsaylı şahidlər dindirilmişdir.

 

     İlkin istintaqla müəyyən edilmişdir ki, "Azərbaycan Məişət Malları" ASC-yə məxsus dəmir çənlərdə cəmiyyətin 3 əməkdaşı tərəfindən qaynaq işləri aparılarkən partlayış baş vermişdir. Alov daha sonra içərisində əvvəllər kimyəvi maddələr saxlanılmış dəmir çənləri də əhatə edərək ətrafa yayılmışdır.

 

     İşin mürəkkəbliyi nəzərə alınaraq istintaq qrupu yaradılmış və hazırda cinayət işi üzrə Sumqayıt şəhər prokurorluğunda istintaq davam etdirilir.