Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2012-10-01
Prokurorluq işçiləri peşə bayramlarını qeyd etmişlər

      Müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin siyasi iradəsinə müvafiq olaraq 1998-ci ildən etibarən peşə bayramı gününü qeyd etmək imkanı əldə edən Azərbaycan Prokurorluğunun kollektivi oktyabrın 1-də milli prokurorluq orqanlarının yaradılmasının 94-cü ildönümünü və peşə bayramını təntənəli şəkildə qeyd etmişdir.


    Bu münasibətlə Baş Prokurorluğun, Respublika Hərbi və Bakı şəhər prokurorluqları orqanlarının kollektivləri oktyabrın 1-də Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmiş, ümummilli liderimizin və Vətənimizin azadlığı uğurunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsini dərin ehtiramla yad etmişlər.


      Sonra Baş Prokurorluqda "1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü" və milli prokurorluğun yaradılmasının 94-cü ildönümünə həsr olunmuş mərasim keçirilmişdir.


    Azərbaycanın dövlət himni səsləndirildikdən sonra baş prokuror Zakir Qaralov peşə bayramı münasibətilə prokurorluq orqanlarında çalışan bütün əməkdaşları, veteranları, onların ailə üzvlərini təbrik etmişdir. Xüsusi vurğulanmışdır ki, Azərbaycan Prokurorluğunun demokratik məzmunda tamamilə yenidən formalaşması, müstəqil dövlətçiliyimizin maraqlarına xidmət edən bir təsisat kimi ən mütərəqqi standartlara uyğun şəkildə təkmilləşməsi və müasirləşməsi məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.


      Azərbaycan Prokurorluğuna dövlət səviyyəsində daim yüksək etimad göstərilir. Prezident İlham Əliyevin oktyabrın 1-də imzaladığı sərəncamlarla prokurorluq əməkdaşlarından beşinin ali xüsusi rütbələrlə, 22 nəfərin isə "İgidliyə görə" və "Dövlət qulluğunda fərqlənməyə görə" medalları ilə təltif olunması bütövlükdə prokurorluğun kollektivinin əməyinə verilən yüksək qiymətdir. Bu münasibət prokurorluq orqanları əməkdaşlarının öz vəzifə borclarına daha məsuliyyətlə yanaşmalarında mühüm rol oynayır.


      Baş prokuror Zakir Qaralovun çıxışında və birinci müavin Rüstəm Usubovun məruzəsində diqqətə çatdırılmışdır ki, Azərbaycanın məhvolma təhlükəsi, müstəqilliyinin yenidən itirilməsi və vətəndaş müharibəsinin başlanması qorxusu ilə üzləşdiyi bir dövrdə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin 1993-cü ilin ikinci yarısından başlayaraq həyata keçirdiyi müdrik dövlətçilik siyasəti nəticəsində bütün digər qurumlarla yanaşı, prokurorluq orqanları da qanun əsasında fəaliyyət göstərən demokratik məzmunlu dövlət təsisatı kimi tamamilə yenidən qurulmuş, dövlətçiliyimizin əsas sütunlarından birinə çevrilmiş, onun dövlətçiliyə sadiq kadr korpusu formalaşdırılmışdır. Ulu öndər Heydər Əliyevin 2000-ci il aprelin 26-da prokurorluq orqanlarının rəhbər işçiləri ilə keçirdiyi görüşdən sonra Azərbaycan Prokurorluğunda hərtərəfli islahatlara başlanılmış, qısa müddətdə fəaliyyət üçün zəruri normativ-hüquqi baza yaradılmış, "Prokurorluq haqqında" Qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə işin səmərəli təşkili, yüksək tələblər səviyyədə çalışmaq bacarığı olan kadr korpusu formalaşdırılmış, mənfi hallara qarşı prinsipial və qətiyyətli mübarizə aparılmaqla ciddi nəzarət mexanizmi yaradılmış, maddi-texniki təminat və işçilərin sosial müdafiəsi beynəlxalq standartlara uyğunlaşdırılmışdır.


      Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursun layiqli davamçısı olduğunu əyani şəkildə bütün dünyaya sübut edən dövlətimizin başçısı İlham Əliyev tərəfindən 2003-cü ildən başlayaraq bu günədək davam edən dövrdə, mütəşəkkil cinayətkarlığın bütün təzahürlərinə qarşı barışmaz və qətiyyətli mübarizə elan edilmiş, ilk növbədə bu sahədə fəaliyyət göstərən hüquq mühafizə, ədliyyə, məhkəmə və xüsusi xidmət orqanları, o cümlədən prokurorluğun işində ciddi qayda-qanun yaradılmış, onların fəaliyyəti müasir tələblər səviyyəsində yeniləşdirilmiş, maddi-texniki bazası möhkəmləndirilmiş və əməkdaşları hərtərəfli dövlət qayğısı ilə əhatə olunması məqsədilə zəruri tədbirlər görülmüşdür. "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı" prokurorluq orqanlarının hərtərəfli yeniləşməsi və işinin təkmilləşməsi yolunda müstəsna əhəmiyyət kəsb etmişdir. Dövlət Proqramının icrası istiqamətində həyata keçirilən tədbirlər nəticəsində, işin və təminatın beynəlxalq standartlar səviyyəsində təşkilinə, qarşılıqlı əlaqəli fəaliyyətin səmərə və kəsərliliyinin artırılmasına, elmi-texniki tərəqqinin imkanlarından geniş istifadə edilməklə müasir informasiya-kommunikasiya sisteminin yaradılmasına, yeni nəsil prokurorluq işçilərinin formalaşdırılmasına, işdə tam şəffaflıq və aşkarlığa nail olunmuşdur.

      Korrupsiyaya qarşı mübarizə sahəsində işin düzgün təşkilinə Prezident İlham Əliyev tərəfindən dövlət səviyyəsində göstərilən yüksək diqqətin nəticəsidir ki, ixtisaslaşdırılmış qurum kimi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin fəaliyyəti üçün əlverişli şərait yaradılmış, əməkdaşların sayı əhəmiyyətli dərəcədə artırılmaqla çevik fəaliyyəti təmin etməyə qadir yeni struktur formalaşdırılmış, MDB məkanında, habelə Azərbaycan tarixində ilk dəfə olaraq, bu quruma əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi səlahiyyəti verilmiş, işçilərin sosial müdafiəsinin gücləndirilməsi və s. tədbirlər korrupsiya hallarının qarşısının alınması və onları doğuran səbəblərin aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlərin səmərəliliyini daha da artırmış, profilaktiki fəaliyyət və preventiv təsir imkanları daha da gücləndirilmişdir. 

      Dövlətimizin başçısının siyasi iradəsinə və onun rəhbərliyi altında reallaşdırılan dövlət gənclər siyasətinin tələblərinə müvafiq olaraq, mütərəqqi və şəffaf prosedurlar əsasında prokurorluğun kadr korpusunun yeniləşdirilməsi istiqamətində məqsədyönlü işlər görülmüşdür. 2002-ci ildən başlayaraq keçirilən 10 müsabiqə yolu ilə qulluğa qəbulun tətbiqi nəticəsində işə götürülən 499 gənc hüquqşünas prokurorluğun kadr korpusunun 50 faizdən çoxunu təşkil edir. "Elektron hökumət" layihəsi çərçivəsində prokurorluq orqanlarında "Elektron Sənəd Dövriyyəsi" Proqramı yaradılmış, 2012-ci ilin yanvar ayından Baş Prokurorluğun bütün struktur qurumlarında bu proqramın səmərəli tətbiqinin həyata keçirilməsinə başlanmışdır. "Azərbaycan Respublikasında qeydə alınmış cinayət xarakterli məlumatlar üzrə cinayət təqibinin nəticələrinə dair" ("Elektron Cinayət") informasiya sistemi yaradılmışdır.


      Son illərdə Azərbaycan Respublikasının qazandığı möhtəşəm nailiyyətlər ona dəlalət edir ki, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə reallaşdırılan dövlətçilik siyasəti gələcəyə istiqamətləndirilmiş, balanslaşdırılmış və hərtərəfli ölçülüb-biçilmiş, yalnız xalqa xidmətə yönəldilmiş və öz gücünü ulu öndər Heydər Əliyev irsindən almışdır. Bu siyasətin nəticəsidir ki, 155 dövlətin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilən Azərbaycan Respublikası bir ay ərzində dünyanın bir nömrəli təşkilatında Şuranın iclasına sədrlik etmişdir.


      Tədbirdə qəti əminlik ifadə olunmuşdur ki, dövlətçiliyə sadiqliyini əməli fəaliyyəti ilə sübuta yetirmiş prokurorluğun kollektivi və fəal vətəndaşlıq mövqeyində olan hər bir əməkdaş Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsində və yeni məzmunlu mütərəqqi islahatların reallaşdırılması istiqamətində xidmət göstərəcək, ictimai-siyasi sabitliyin və milli maraqlarımızın cinayətkar qəsdlərdən qorunması, cinayətkarlığa qarşı mübarizə və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi istiqamətində zəruri tədbirlərin görülməsini təmin edəcəklər.


      Çıxışlardan sonra xidmətdə fərqləndiklərinə görə mükafatlandırılmış prokurorluq əməkdaşlarına baş prokuror Zakir Qaralov tərəfindən "Prokurorluğun fəxri işçisi" döş nişanı, Fəxri fərmanlar, qiymətli hədiyyələr və rütbə dərəcələri təqdim edilmişdir.

      Mərasimin yekununda Azərbaycan Respublikası Prokurorluğunun kollektivi adından Prezident İlham Əliyevə müraciət qəbul edilmişdir.