Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2012-10-01
Azərbaycanın prokurorluq orqanlarına dövlət səviyyəsində hərtərəfli diqqət və qayğı göstərilir
     Oktyabrın 1-də Azərbaycan Respublikası Hərbi Prokurorluğunda "1 Oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü" və milli prokurorluğunun yaradılmasının 94-cü ildönümünə həsr olunmuş mərasim keçirilmişdir.
 
     Mərasim iştirakçıları Respublika Hərbi Prokurorluğunun foyesində ulu öndərin büstü önünə əklil qoymuş, gül dəstələri düzmüşlər. 
 
     Sonra peşə bayramı günü münasibətilə prokurorluq əməkdaşlarını təbrik edən hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev qeyd etmişdir ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin tarixi reallığı bərpa edən və prokurorluğun cəmiyyətdə rolu və yeri məsələsinə dövlət səviyyəsində münasibət bildirən 1998-ci il 17 iyul tarixli Sərəncamı ilə hər il oktyabr ayının 1-i prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilməsi bütün prokurorluq əməkdaşları üçün müstəsna əhəmiyyət kəsb edən bir hadisədir. 
 
     Prokurorluğun hər bir əməkdaşında qürur hissi doğuran haldır ki, prokurorluğun sivil və demokratik məzmunda bir dövlət qurumu kimi formalaşması ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarının memarı Heydər Əliyevin dövlətçilik siyasəti, onun gündəlik qayğısı və dəstəyi sahəsində mümkün olmuşdur. 
 
     Xanlar Vəliyev qeyd etmişdir ki, Prezident İlham Əliyev tərəfindən prokurorluq orqanlarına hərtərəfli diqqət və qayğı göstərilir, bu qurumların fəaliyyətinin daha da təkmilləşdirilməsi, əməkdaşların maddi-sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görülür. Prokurorluq orqanlarının müasir dövrün yüksək tələblərinə cavab verən dövlət orqanı səviyyəsinə uyğun təkmilləşdirilməsində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2008-ci il 27 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı" xüsusi əhəmiyyətə malikdir. Azərbaycan Prokurorluğunun tarixində yeni təkmilləşmə və inkişafın, hərtərəfli müasirləşmə dövrünün əsasını qoyan bu proqram ölkənin hüquq sistemində prokurorluğun rolunun artırılması, digər hüquq mühafizə orqanları ilə qarşılıqlı, əlaqəli fəaliyyətin təkmilləşdirilməsi, müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunmaqla mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, bütün istiqamətlər üzrə işin səmərəliliyinin və əməkdaşların peşəkarlığının yüksəldilməsi, habelə yeni nəsil prokurorluq işçilərinin formalaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində konkret tədbirlərin həyata keçirilməsi ilə nəticələnmişdir.
 
    Dövlət proqramının yerinə yetirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının baş prokuroru, birinci dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralovun rəhbərliyi ilə nəzərdə tutulmuş tədbirlərin icrası istiqamətində mühüm işlər görülmüşdür. Dövlət proqramına müvafiq olaraq, Azərbaycanın hərbi prokurorluq orqanlarının strukturunun təkmilləşdirilməsi və fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə Respublika Hərbi Prokurorluğunda kadrlar şöbəsi, Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin tərkibində xüsusi istintaq və maddi texniki təminat şöbələri yaradılmış, dövlətimizin başçısının müvafiq Sərəncamı ilə Zaqatala Hərbi Prokurorluğu yaradılaraq fəaliyyətə başlamışdır.
 
     Bildirilmişdir ki, digər hüquq mühafizə orqanları kimi hərbi prokurorluğun kollektivi də ölkəmizdə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin, Silahlı Qüvvələrdə nizam-intizamın gücləndirilməsi, dövlət müstəqilliyimizin, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi istiqamətində uğurlu nəticələr əldə etmişdir və bundan sonra da bütün mümkün tədbirlər görüləcəkdir. 
 
    Dövlət səviyyəsində göstərilən yüksək qayğının nəticəsi olaraq son illər ərzində Azərbaycan Respublikası Hərbi Prokurorluğunun maddi-texniki bazasının müasir standartlar səviyyəsində daha da möhkəmləndirilməsi sahəsində böyük həcmli işlər görülməklə, bir neçə yeni inzibati binaların tikintisi və əsaslı təmirinin həyata keçirilməsi təmin olunmuşdur. Respublika Hərbi Prokurorluğunun yeni inzibati binasının tikintisi yekunlaşmaq üzrədir. 
 
     Prokurorluğa dövlət səviyyəsində göstərilən qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Respublika Hərbi Prokurorluğun kollektivi adından minnətdarlığını bildirən Xanlar Vəliyev əmin etmişdir ki, Respublika Hərbi Prokurorluğu öz işini prokurorluğa göstərilən etimad səviyyəsində qurmaq üçün bütün zəruri tədbirlərin görülməsini təmin edəcək, dövlətçiliyimizin maraqlarının müdafiəsi işində öz səylərini əsirgəməyəcəkdir.
 
     Mərasimdə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin Kriminalistika şöbəsinin prokuror-kriminalisti ədliyyə baş leytenantı Nihad Şixəliyev çıxış edərək ümummilli lider Heydər Əliyevin və dövlətimizin başçısı İlham Əliyevin prokurorluq orqanlarının fəaliyyətinin daha da müasirləşdirilməsi sahəsində görülmüş işlərdən, prokurorluq işçilərinə, eləcə də gənclərə göstərilən diqqət və qayğıdan danışmışdır. 
 
     Sonda hərbi prokuror Xanlar Vəliyev xidmətdə fərqlənən bir qrup əməkdaşa mükafatlar, müxtəlif medallar, qiymətli hədiyyələr və hərbi rütbələr təqdim etmişdir.