Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2012-11-16
Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətinin məlumatı

     Noyabrın 16-da prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan şəxslər üçün vakant olan 100 ştat vahidi üzrə elan edilmiş işə qəbulun növbəti yazılı imtahan mərhələsi keçirilmişdir.

     
Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müsabiqə yolu ilə işə qəbulun həyata keçirilməsi kadr korpusunun şəffaf prosedurlar əsasında formalaşmasının ən sivil və demokratik yolu olmaqla bərabər, həm də xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən təməli qoyularaq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla reallaşdırılan dövlət gənclər siyasətinə tam uyğun şəkildə aparılır. 2002-ci ildən başlayaraq prokurorluğa işə qəbulun bu yolla həyata keçirilməsi kadr tərkibinin hərtərəfli biliyə və yüksək mənəvi keyfiyyətlərə malik, dövlətçilik ideyalarına sədaqətləri ilə seçilən gənc mütəxəssislər hesabına komplektləşdirilməsi üçün geniş imkanlar yaratmış, ölkə həyatının bütün sahələrində gənclərin əməyindən hərtərəfli istifadə olunması barədə Dövlət başçısının verdiyi tapşırıqların icrası yolunda mühüm vasitə olmuşdur.

     2012-ci il mayın 31-də prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan şəxslər üçün vakant olan 100 ştat vahidi üzrə elan edilmiş  növbəti 11-ci müsabiqənin şərtlərinə cavab verən 461 namizədin (onlardan 54-ü qız) sənədləri qəbul edilmiş və həmin namizədlər müsabiqənin ilkin test imtahanı mərhələsinə buraxılmışdır. Onlardan 13 sentyabr 2012-ci il tarixdə keçirilən test imtahanında 442 nəfər iştirak etmiş və 90 nəfər müvəffəqiyyət qazanaraq, növbəti yazılı imtahan mərhələsində iştirak etmək hüququ əldə etmişdir. Yazılı imtahan namizədlərin müvafiq qanun və digər normativ hüquqi aktları tətbiq etmək qabiliyyətinin müəyyən olunması məqsədi daşıyır.

     Baş Prokurorluğun Müsabiqə Komissiyası tərəfindən imtahanın tam aşkarlıq şəraitində, şəffaf və obyektiv prosedurlar əsasında keçirilməsi üçün bütün zəruri tədbirlərin görülməsi təmin edilmişdir. İmtahanı 30-a yaxın hökumət və qeyri-hökumət, beynəlxalq təşkilatlar və kütləvi informasiya vasitələrinin nümayəndələri müşahidə etmişlər.

     "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları"na müvafiq olaraq yazılı imtahan işləri "ikiqat yoxlama" üsulu ilə Baş Prokurorluğun Müsabiqə Komissiyası və dəvət olunmuş mütəxəssislər tərəfindən yoxlanıldıqdan sonra ümumi nəticə Baş Prokurorluğun internet saytında (www.genprosecutor.gov.az) yerləşdiriləcəkdir.

     Müsabiqənin növbəti mərhələsi olan müsahibənin keçiriləcəyi yer və vaxt barədə mətbuatda və Baş Prokurorluğun internet saytında əlavə məlumat veriləcəkdir.