Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2012-11-27
AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Baş Prokurorluqda olmuşlar

     Noyabrın 27-də Baş prokuror Zakir Qaralov AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt Font de Mora və Cozef Debono Qrex ilə görüşmüşdür.

     Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın uğurla inkişaf etdiyini bildirən Baş prokuror ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində Prezident cənab İlham Əliyev tərəfindən imzalanan mütərəqqi qanunvericilik aktlarının, o cümlədən prokurorluğun fəaliyyəti üçün zəruri hüquqi bazanın yaradılması, prokurorluq orqanlarında müasirləşmə prosesinin davam etdirilməsi və köklü islahatların aparılması, eyni zamanda kadr siyasətində ciddi dönüşün yaradılması və şəffaflığın təmin edilməsi barədə ətraflı məlumat vermişdir.

 

     Açıq Hökumətin təşviqinə və Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planlarının təsdiq edilməsini, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılmasını, həmçinin cari il oktyabrın 8-də Strasburqda Avropa Şurasının mənzil qərargahında təşkilatın "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında Konvensiya"sına Əlavə Protokolun müvafiq bəyanatla imzalanması mərasimində iştirakını  diqqətə çatdıran Baş prokuror insan hüquqlarının qorunması istiqamətində aparılan işlər, o cümlədən "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" çərçivəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi ilə əlaqədar konkret işlərin görüldüyünü xüsusi vurğulamışdır.

 

     Azərbaycan Respublikasına növbəti səfərindən məmnunluğunu ifadə edən həmməruzəçilər əlaqələrimizin müxtəlif istiqamətlərdə uğurlu inkişafını, ölkəmizin Avropa Şurası ilə əməkdaşlığını təqdir etmiş, məhkəmə-hüquq sistemində aparılan islahatlara maraq göstərərək, insan haqlarının müdafiəsinin daha da gücləndirilməsi üzrə fikirlərini bildirmişlər.

 

      Görüşdə Azərbaycan Respublikası ilə bağlı hazırlanacaq hesabat məruzəsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.