Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2012-11-28
Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətinin məlumatı

Azərbaycan Prokurorluğu orqanları tərəfindən mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiya cinayətlərinə qarşı kəsərli və qətiyyətli mübarizə tədbirləri davam etdirilir. Son günlər Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən vəzifəsindən sui-istifadə edən şəxslərin müəyyən edilərək ifşa olunması istiqamətində əməliyyat tədbirləri həyata keçirilmişdir.

Belə ki, Abşeron rayon sakini Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "Qaynar xətt" əlaqə mərkəzinə müraciət edərək,  işlədiyi ticarət obyektinə elektrik sayğacının quraşdırılması və həmin obyektin elektrik şəbəkəsinə qoşulması ilə əlaqədar texniki şərtin verilməsi müqabilində  Xırdalan Elektrik Şəbəkəsinin mühəndisi Yavər Hüseynovun ondan 500 manat pul tələb etməsi barədə məlumat vermişdir.

Həmin məlumat əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Y.Hüseynov noyabrın 26-da saat 16 radələrində Bakı Metropoliteninin «Memar Əcəmi» stansiyasının yaxınlığında müraciət müəllifindən 500 manat miqdarında rüşvət alarkən cinayət başında yaxalanmışdır.

Y.Hüseynovun üzərinə baxış keçirilərkən şikayətçinin prokurorluğa müraciəti üzrə əvvəlcədən protokolla rəsmiləşdirilmiş pul əskinazlarının seriya nömrələri ilə eynilik təşkil edən 500 manat pul və iş üçün əhəmiyyət kəsb edən digər sənədlər aşkar edilərək götürülməklə prosessual qaydada rəsmiləşdirilmişdir.

Bundan başqa Ucar rayon sakininin arvadına əlillik dərəcəsinin təyin edilməsi üçün ondan rüşvət tələb edilməsi barədə müraciəti üzrə də təxirəsalınmaz tədbirlər həyata keçirilərək, cinayəti törətmiş şəxs ifşa edilərək məsuliyyətə cəlb olunmuşdur.

Belə ki, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat nəticəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 36 №-li Tibbi Sosial Ekspert Komissiyasının sədri vəzifəsində işləyən İslam Bayramov komissiyanın Ucar şəhərində yerləşən inzibati binasındakı iş otağında rayon sakininə əlillik təyin olunması ilə əlaqədar 2.000 manat məbləğində rüşvət alarkən cinayət başında yaxalanmışdır.

Hər iki fakt üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində başlanmış cinayət işləri üzrə Yavər Hüseynov və İslam Bayramov rüşvət almağa görə cinayət məsuliyyəti nəzərdə tutan Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir.