Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2012-12-11
Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətinin məlumatı

     
Dekabrın 11-də Baş Prokurorluqda  Ümumilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş  anma mərasimi keçirilmişdir.

     Mərasim iştirakçıları əvvəlcə Baş Prokurorluğun inzibati binasının foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoymuşlar.

     Mərasimdə çıxış edən Baş prokuror Zakir Qaralov diqqətə çatdırmışdır ki, Azərbaycan Respublikasının 1969-cu ildən başlamaqla 30 ildən artıq bir dövrü əhatə edən ən yeni tarixi, bu dövr ərzində müstəqil dövlət kimi ölkəmizin və xalqımızın taleyi, ölkə həyatının bütün sahələrində əldə edilmiş möhtəşəm nailiyyətlər Heydər Əliyev dahi şəxsiyyətinin adı, onun müdrik dövlətçilik siyasəti ilə bağlı olmuşdur. «Azərbaycan tarixinin Heydər Əliyev dövrü» kimi qiymətləndirilən bu zaman kəsiyi ərzində Ulu Öndər tərəfindən görülən böyük işlərin məntiqi nəticəsidir ki, bu gün xalqımız müstəqil, demokratik və hüquqi bir dövlətdə yaşamaq xoşbəxtliyini əldə etmiş, öz layiqli və hərtərəfli təminatlı gələcəyinin bütün əsaslarını yaratmış, ən başlıcası isə siyasi və iqtisadi müstəqilliyinə nail olmuşdur.

     Xüsusi olaraq vurğulanmışdır ki, Azərbaycan Respublikasının tarixinə sabitlik və inkişaf dövrü  kimi düşən 1993-2003-cü illər ərzində Heydər Əliyev tərəfindən müstəqil dövlətçiliyimizin əsasları yaradılmış, dövlətçiliyimizin ideoloji əsası kimi Azərbacançılıq məfkurəsi formalaşdırılmış, bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan yeni iqtisadi münasibətlər bərqərar edilmiş, Azərbaycan Respublikasının yeni Konstitusiyası qəbul edilməklə hüquqi dövlət quruculuğu yolunda inamlı addımlar atılmış, demokratik və ümumbəşəri dəyərlərə əsaslanan vətəndaş cəmiyyətinin qurulması istiqamətində böyük işlər görülmüşdür.

     Ulu öndər Heydər Əliyevin Azərbaycanın təbii ehtiyatlarından ölkənin milli maraqları naminə səmərəli istifadə edilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin nəticəsi olaraq, ölkə iqtisadiyyatı və bütövlükdə ölkənin gələcəyi üçün həlledici amil olan «Əsrin müqaviləsi»nin imzalanması ilə Azərbaycanın dünyada analoqu olmayan sürətli inkişaf üçün hərtərəfli zəmin yaradılmışdır. Azərbaycanı bütün dünyaya tanıdan bu müqavilə irimiqyaslı xarici investisiyaların ölkəyə axını üçün böyük stimul oldu, ölkəmizin dünya iqtisadiyyatına hərtərəfli inteqrasiyasının əsasını qoydu.

     
Diqqətə çatdırılmışdır ki, müstəqil Azərbaycan Respublikasının mühüm dövlət təsisatlarından olan prokurorluq orqanlarının  yenidən formalaşmasına görə, ilk növbədə, Ulu Öndər Heydər Əliyev şəxsiyyətinə borcludur. Azərbaycan Respublikası Prokurorluğunun dövlətçiliyimizin maraqlarına xidmət edən sivil və demokratik bir qurum kimi formalaşması ölkəmizdə aparılan hərtərəfli məhkəmə-hüquq islahatlarının memarı olan Heydər Əliyevin dövlətçilik siyasəti, onun gündəlik qayğı və dəstəyi nəticəsində mümkün olmuşdur. 2003-cü ildən etibarən Azərbaycan prokurorluğu orqanlarına dövlət səviyyəsində göstərilən etimad və diqqət Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və prokurorluğa hərtərəfli qayğı göstərilir. Milli Prokurorluğun inkişaf tarixində hərtərəfli müasirləşdirmə və təkmilləşdirmə dövrünün əsasını qoyan Dövlət başçısı tərəfindən təsdiq edilmiş «Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı»na uyğun olaraq, həyata keçirilən tədbirlər insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi, digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqəli fəaliyyətin təkmilləşdirilməsi, prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması və əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi üçün üçün böyk imkanlar yaratmışdır.

     Xüsusi vurğulanmışdır ki, cənab İlham Əliyevin 2003-cü ildən etibarən Dövlət başçısı kimi fəaliyyəti Heydər Əliyev ideyalarının yaşaması və onların reallaşdırılması istiqamətində görülən işlər bu dahi şəxsiyyətin unudulmaz xatirəsinin əbədiləşdiləşdirilməsinin və döğma Azərbaycanımızın hərtərəfli tərəqqisinin bariz göstəricisidir. Bu gün bütövlükdə ölkəmizin, eyni zamanda hər bir bölgənin hərtərəfli sosial-iqtisadi inkişafına nail olunmuş, demokratik vətəndaş cəmiyyətinin daha da təkmilləşdirilməsi istiqamətində inamlı addımlar atılmış, ümumbəşəri dəyərlərə sadiqliyini sübut edən Azərbaycanda yeni məzmunlu mütərəqqi islahatlar daha da dərinləşdirilmiş, dünya dövlətləri birliyinə inteqrasiya proseslərini sürətləndirən ölkəmiz regionun aparıcı dövləti statusunu özündə saxlamış, enerji layihələrinin reallaşdırılması istiqamətində böyük işlər görülmüşdür. Nazirlər Kabinetinin cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Dövlət başçısı cənab İlham Əliyevin nitqində göstərildiyi kimi, ölkə iqtisadiyyatı uğurla inkişaf etmiş, bütün makroiqtisadi göstəricilər yüksək səviyyədə olmuş, iqtisadi sahədə aparılan düşünülmüş siyasət qlobal iqtisadi maliyyə böhranı şəraitində Azərbaycan uğurlu iqtisadi inkişafını, ümumi daxili məhsulun əhəmiyyətli artımını təmin etmiş, nəzərdə tutulmuş bütün proqramlar uğurla icra edilmişdir. Həyata keçirilmiş böyük quruculuq işləri və mütərəqqi islahatların nəticəsidir ki, əldə edilmiş uğurlar beynəlxalq maliyyə qurumları tərəfindən yüksək dəyərləndirilmiş, Davos İqtisadi Forumunun rəqabət qabiliyyətliliyi göstəricisi üzrə tərtib olunan siyahısında Azərbaycan dünya miqyasında 46-cı, MDB məkanında isə 1-ci yerdə qərarlaşmışdır.

     Azərbaycan Respublikasının dünya dövlətləri birliyində öz layiqli yerini tutması istiqamətində Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında yürüdülən düşünülmüş xarici siyasət nəticəsində ölkəmizin dünyanın 155 dövlətinin dəstəyi ilə  Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi xüsusi vurğulanmışdır.

     
Heydər Əliyev ideyalarının ardıcıl surətdə reallaşdırılmasının və Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət tədbirlərinin nəticəsi olaraq, cari ilin dekabrın 8-də Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının 2015-ci ildə ilk Avropa Olimpiya oyunlarının Azərbaycanda keçirilməsi  haqqında  qərar qəbul etməsi ölkəmizin böyük uğuru kimi dəyərləndirilmişdir.

     Anma mərasiminin iştirakçıları və Azərbaycan Respublikası Prokurorluğunun kollektivi adından Dövlət başçısı cənab İlham Əliyev əmin edilmişdir ki, Ulu Öndər Heydər Əliyevin ideyalarına və onun formalaşdırdığı siyasi kursa sadiq olan prokurorluğun kollektivi bütün səylərini dövlət müstəqilliyinin və milli maraqların, ölkəmizdə ictimai-siyasi sabitliyin hər cür cinayətkar qəsdlərdən qorunmasına səfərbər edəcəkdir

     Mərasimin sonunda Ulu Öndərin xatirəsinə həsr olunmuş «Vətənə, xalqa həsr edilən ömür» adlı film nümayiş etdirilmişdir.