Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2012-12-11
Respublika Hərbi Prokurorluğunun Mətbuat xidmətinin məlumatı

     Dekabrın 11-də Azərbaycan Respublikası Hərbi Prokurorluğunda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anma mərasimi keçirilmişdir. Mərasim iştirakçıları əvvəlcə Hərbi Prokurorluğun inzibati binasının foyesində ulu öndər Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri düzmüş, ümummilli liderimizin unudulmaz xatirəsini dərin ehtiramla yad etmişlər.

     Tədbirdə Respublika Baş prokurorunun müavini, Respublikanın hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xalqımız qarşısındakı əvəzolunmaz xidmətlərindən danışmış, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barədə ətraflı məlumat vermişdir.

     Ədliyyə general-leytenantı Xanlar Vəliyev vurğulamışdır ki, şərəfli və mənalı ömür yolunun 34 ilini ölkəmizin rəhbəri kimi xalqının tərəqqisinə həsr etmiş ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını yaratmış, xalqı həqiqi müstəqilliyə qovuşduraraq ictimai şüurda əbədiyaşarlıq hüququ qazanmışdır. Azərbaycan xalqının ən parlaq simalarından biri olan qüdrətli şəxsiyyət Heydər Əliyevin siyasi obrazı millətimizin dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin çox qiymətli təcəssümüdür. Tarixin ən sərt sınaqlarından keçməklə əxz etdiyi milli dövlətçilik ənənələrini məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi altında vahid sistem halına salaraq özünütəsdiq imkanı qazanmış xalqımız, həm də müstəqil dövlətdə yaşamaq və özünü idarə etmək haqqını qorumağı bacarmışdır.
Xanlar Vəliyev bildirmişdir ki, Heydər Əliyevin dahiliyi, siyasi idarəçilik təcrübəsi, klassik və çağdaş mənada dövlətçiliyin təməl prinsiplərinə dərindən bələd olması və siyasi fəaliyyəti boyu həmin prinsiplərə istinad etməsi bu fenomen şəxsiyyətin uzaqgörənliyini, müdrikliyini, ekstremal vəziyyətlərdə doğru qərar qəbul etmək bacarığını və qələbələrini şərtləndirən amillərdəndir. Ümummilli lider, müdrik və dahi şəxsiyyət Heydər Əliyevin əziz və parlaq xatirəsi qədirbilən Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.

     Diqqətə çatdırılmışdır ki, müstəqil Azərbaycanın mühüm dövlət təsisatlarından biri olan milli prokurorluq orqanları bugünkü inkişaf səviyyəsinə görə, ilk növbədə, ulu öndər Heydər Əliyev şəxsiyyətinə borcludur. Azərbaycan Respublikasının Prokurorluğunun dövlətçiliyimizin maraqlarına xidmət edən sivil və demokratik bir qurum kimi formalaşması ölkəmizdə aparılan hərtərəfli məhkəmə-hüquq islahatlarının memarı olan Heydər Əliyevin dövlətçilik siyasəti, onun gündəlik qayğı və dəstəyi nəticəsində mümkün olmuşdur.

     Daha sonra ulu öndərimiz Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda hüquqi islahatların uğurlu davam etdirildiyini vurğulayan hərbi prokuror, bu gün dövlətimizin başçısının Azərbaycanın iqtisadi və sosial inkişafına, ölkədə sülhün, təhlükəsizliyin, əmin-amanlığın qorunmasına verdiyi misilsiz töhfələrdən bəhs etmişdir. Xüsusilə vurğulanmışdır ki, Prezident İlham Əliyevin həyata keçirdiyi dövlətçilik siyasəti ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf konsepsiyasının reallaşdırılmasını və doğma Azərbaycanımızın hərtərəfli tərəqqisini təmin edir.

     Tədbirdə Bakı Hərbi Prokurorunun müavini, ədliyyə polkovnik-leytenantı Müşviq Məmmədov çıxış edərək dahi rəhbərimizin doğma Azərbaycanımızın tərəqqisi naminə gördüyü möhtəşəm işlərdən, gənclərə göstərdiyi diqqət və qayğıdan danışmış, ölkəmizdə demokratik məzmunlu hüquqi islahatların Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun davam etdirildiyini vurğulamışdır.

     Mərasimə yekun vuran Xanlar Vəliyev əmin etmişdir ki, Hərbi Prokurorluğun kollektivi ulu öndərimiz Heydər Əliyevin dövlətçilik ideyalarına həmişə sadiq qalacaq, müstəqilliyimizin, ictimai-siyasi sabitliyin və əmin-amanlığın hər cür cinayətkar qəsdlərdən qorunması istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən dövlətçilik tədbirlərində həmişə yaxından iştirak edəcəkdir.