Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2013-01-06
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərindən

3 yanvar 2013-cü il tarixdə saat 15 radələrində Suraxanı rayonunun Dədə Qorqud qəsəbəsi yaxınlığında, Suraxanı - Hövsan yolunun kənarında selofana bükülmüş vəziyyətdə üzərində zorakılıqla yetirilməyə xarakterik çoxsaylı deşilmiş-kəsilmiş xəsarətləri olan naməlum qadın meyitinin aşkar edilməsi barədə rayon Polis İdarəsinin növbətçi hissəsindən daxil olmuş məlumatla əlaqədar rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş və digər zəruri hərəkətlər yerinə yetirilmişdir.

Faktla bağlı həmin tarixdə Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

İlkin istintaqla müəyyən edilmişdir ki, aşkar olunan meyit 1985-ci il təvəllüdlü Bakı şəhər sakini Nelyubova Yelena Aleksandrovnadır.

Rayon prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin Hövsan qəsəbə sakini 1954-cü il təvəllüdlü Zöhrabov Məmməd Məmməd oğlu tərəfindən törədilməsi müəyyən olunmuş və o, yanvarın 5-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.