Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2013-01-21
BAKI ŞƏHƏR PROKURORLUĞU VƏ BAŞ POLİS İDARƏSİNDƏN

     Xəbər verildiyi kimi, yanvarın 19-da paytaxtın Qaradağ rayonu ərazisindəki "Binə" Ticarət Mərkəzində fəaliyyət göstərən bir qrup şəxs mərkəzin rəhbərliyi tərəfindən əlavə ödənişlərin tətbiqinə etiraz olaraq razılaşdırılmamış aksiya keçirmiş, Bakı-Astara avtomagistralını bağlamaqla nəqliyyatın hərəkətini iflic etmişdir. Onların ictimai qaydanın pozulmasına yönələn hərəkətlərin dayandırılması barədə xəbərdarlığa məhəl qoymayaraq polis əməkdaşlarına qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmələri faktı üzrə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanmışdır.

     Prokurorluq və polis əməkdaşlarından ibarət istintaq qrupu tərəfindən hadisə yerinə, həmin ərazidə xidmət aparan polis əməkdaşlarının xidməti istifadələrində olan avtomaşınlara baxış keçirilmiş, çoxsaylı şahidlər dindirilmiş, məhkəmə-tibbi və digər ekspertizalar təyin edilmiş və təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilmişdir.

     Müəyyən edilmişdir ki, hadisə nəticəsində saat 11:00-dan 11:45-dək avtomagistralda nəqliyyat vasitələrinin normal hərəkəti pozulmuş, Daxili İşlər Nazirliyinə məxsus 11 xidməti avtomobilə ziyan vurulmuşdur.  Müxtəlif dərəcəli bədən xəsarətləri yetirilmiş 19 polis əməkdaşından 6-sı stasionar, 13-ü isə ambulator müalicədədir.

     Cinayət işi üzrə 10 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

     Qanunsuz aksiyada iştirak edənlərdən 30 şəxs barəsində inzibati tənbeh tətbiq edilmişdir.

     Hazırda cinayətin təşkilatçıları və digər iştirakçılarının müəyyən olunması istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.