Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2013-02-01
Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətinin məlumatı

Fevralın 1-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon və şəhər, ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən 2012-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir.


Kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən Baş prokuror Zakir Qaralov bildirmişdir ki, 2012-ci il Azərbaycan Respublikasının müstəqil inkişaf tarixində görkəmli nailiyyətlərlə yadda qalan və ölkəmizin daha da qüdrətlənməsi ilə nəticələnən  mühüm  bir dövr olmuşdur. Xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf xəttinə müvafiq olaraq, Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında  formalaşdırılmış "Müstəqil inkişafın Azərbaycan modeli" konsepsiyasının məqsədyönlü şəkildə həyata keçirilməsi nəticəsində  ölkə həyatının bütün sahələrində çox böyük yenidənqurma işlərinin və möhtəşəm layihələrin reallaşdırılması, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi, yüksək  sosial-iqtisadi inkişaf göstəricilərinin əldə edilməsi, dünya dövlətləri birliyinə inteqrasiya proseslərini sürətləndirən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda ciddi  addımlar atılması təmin olunmuşdur.

Dövlət başçısının Nazirlər Kabinetinin iclasındakı çıxışından  da  göründüyü kimi, 2012-ci ildə əhalinin pul gəlirləri və  pensiyaların səviyyəsi qaldırılmış, bütün sahələrdə ciddi tərəqqiyə  nail olunmuş, valyuta ehtiyatları  46 milyard dollarlıq həddə çatmış, 117 min yeni iş yeri açılmış, infliyasiyanın, yoxsulluğun və işsizliyin səviyyəsi  əhəmiyyətli dərəcədə  aşağı enmişdir. Ölkəmizdə həyata keçirilən iqtisadi islahatların və əldə edilən nəticələrin dünya miqyasında yüksək dəyərləndirilməsinin və Azərbaycana getdikcə artan marağın sübutudur ki, Davos İqtisadi Forumunun cari ilin aprel ayında Bakıda keçirilməsi qərara alınmışdır. İnsan amilinin ön plana çəkilməsinin və əhalinin ehtiyaclarının ödənilməsi istiqamətində görülən məqsədyönlü tədbirlərin nəticəsidir ki, erməni təcavüzü nəticəsində yurdlarından didərgin düşmüş  20  min  məcburi  köçkün 2012-ci ildə yeni mənzillərlə təmin edilmiş, sovet dövründən qalmış əmanətlərə görə 1 milyon 480 mindən çox vətəndaşa təxminən 564  milyon manat məbləğində kompensasiyalar ödənilmişdir.

Dünya birliyi dövlətlərinin böyük  əksəriyyətinin etimadını qazanmaqla, 155 ölkənin dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına üzv seçilmiş  Azərbaycan ilk dəfə olaraq Şuranın iclaslarına sədrlik etmişdir. Bundan başqa, 2012-ci ilin dekabrında Avropa Olimpiya Komitəsinin Baş Assambleyası tərəfindən 2015-ci ildə birinci Avropa Olimpiya oyunlarının Bakıda keçirilməsi barədə qərarın qəbul edilməsi Azərbaycanın istər qitə, istərsə də dünya miqyasında rolunun və təsir imkanlarının əhəmiyyətli dərəcədə artmasının parlaq göstəricisi olmuşdur.

Xüsusi vurğulanmışdır ki, ölkə Prezidenti - Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində  məqsədyönlü xarici siyasət tədbirləri davam etdirilməklə yanaşı, Milli Ordunun daha da gücləndirilməsi, müasir ordu quruculuğu məqsədlərinə xidmət edən zəruri infrastrukturların yaradılması istiqamətində  böyük işlər  görülmüş, Ermənistanın ümumi büdcəsinin iki milyard dollarlıq həcmdə olduğu bir vaxtda, Azərbaycanda yalnız hərbi sahəyə ayrılan xərclər 3,7 milyard dollarlıq həddə çatmış, 40-dan çox sənaye müəssisəsində 700 növdə  hərbi təyinatlı  məhsulların istehsalı  təşkil edilmişdir.

2013-cü ildə ölkənin həyatında çox mühüm siyasi kampaniya və təleyüklü bir məsələ olan Azərbaycan Respublikası Prezidentinin seçkilərinin  keçirilməsi  ilə əlaqədar  Baş Prokurorluğun əlaqədar struktur qurumları və bütün tabe prokurorluqlar tərəfindən digər hüquq mühafizə orqanları, ilk növbədə  Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri ilə əlaqəli şəkildə azad və demokratik seçkilərin keçirilməsinin əsas şərti kimi Azərbaycan Respublikası ərazisində ictimai-siyasi sabitliyin qorunması və kriminogen durumun stabilləşdirilməsinə yönəldilmiş qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, Azərbaycan vətəndaşlarının öz iradəsini azad ifadə etməsi üçün təhlükəsiz şəraitin yaradılması, mütəmadi olaraq yerlərdə vəziyyət öyrənilməklə aşkar edilmiş problemlərin, o cümlədən dini ekstremizm, seperatçılıq və destruktiv qüvvələrin baş verə biləcək pozucu hərəkətlərinin, digər təhlükəli meyillərin aradan qaldırılması üçün səlahiyyət hədləri daxilində zəruri tədbirlərin görülməsi barədə tapşırıqlar verilmişdir.

Bildirilmişdir ki, son dövrlərdə Bakı şəhərində və İsmayıllı rayonunda baş vermiş destruktiv qüvvələrin təsiri altında ölkədə ictimai-siyasi sabitliyin  pozulmasına, vətəndaş qarşıdurması yaradılmasına, hakimiyyət nümayəndələrinə müqavimət göstərilməsində və əmlaka ziyan vurulmasında ifadə olunan qanunsuzluqlara yol verilməsi faktlarına görə başlanmış cinayət işləri üzrə təxirəsalınmaz tədbirlər həyata keçirilməklə bütün təqsirli şəxslərin məsuliyyətə cəlb olunması və belə halların təkrarlanmaması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsi təmin edilir.

Hesabat məruzəsində xüsusi vurğulanmışdır ki, 2012-ci il Azərbaycan Respublikası Prokurorluğu orqanları üçün də uğurlu hesabat dövrü olmuş, digər hüquq mühafizə, ədliyyə və məhkəmə orqanları ilə əlaqəli fəaliyyət göstərilməklə ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan  hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin həyata keçirilməsi təmin olunmuşdur. Bu dövrdə prokurorluq orqanlarının bütün səyləri, ilk növbədə Dövlət başçısının rəhbər göstərişlərindən  irəli gələn vəzifələrin yerinə yetirilməsinə, müasir məzmunlu islahat tədbirlərinin eyni intensivliklə davam etdirilməsinə, fəaliyyət istiqamətləri üzrə işin keyfiyyətinin yüksəldilməsinə, müasir iş metodlarını tətbiq etməyə qadir olan kadr korpusunun formalaşdırılmasına, möhkəm nizam-intizam yaradılmaqla neqativ təzahürlərin vaxtında aradan qaldırılmasını təmin edən işlək nəzarət mexanizminin yaradılmasına istiqamətləndirilmişdir.

Prokurorluq orqanlarının fəaliyyətinin dövlət səviyyəsində  yüksək qiymətləndirildiyi, peşə bayramı ərəfəsində cənab İlham Əliyevin Sərəncamları ilə qanunçuluğun təmin edilməsində, ağır cinayətlərin açılması və istintaqının aparılmasında, məhkəmələrdə dövlət ittihamının müdafiə olunmasında xidmətlərinə görə  prokurorluq orqanlarının 22 əməkdaşının "İgidliyə görə" və "Dövlət qulluğunda fərqlənməyə görə" medalları kimi yüksək dövlət mükafatları ilə təltif edilməsi və 5 əməkdaşa ali xüsusi rütbələrin verilməsi diqqətə çatdırılmışdır.

Müsbət hal kimi qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı" ilə müəyyənləşdirilmiş  prioritet istiqamətlərə uyğun olaraq, prokurorluq orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməklə müasirləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi və işçilərin sosial müdafiəsinin  gücləndirilməsi, yeni elmi-texniki nailiyyətlərdən daha da geniş istifadə olunmasına   yönəldilmiş məqsədyönlü tədbirlər həyata keçirilmişdir.

Belə ki, Baş Prokurorluğun Hüquqi təminat və informasiya idarəsi tərəfindən "Elektron hökumət" layihəsi çərçivəsində "Elektron Sənəd Dövriyyəsi" sisteminin yaradılması və  2012-ci ilin əvvəllərindən etibarən həmin sistemin Baş Prokurorluqda kağız dövriyyəsi ilə paralel olaraq fəaliyyət göstərməsi təmin olunmuş,  Elm-Tədris  Mərkəzi ilə əlaqəli şəkildə "Azərbaycan Respublikasında qeydə alınmış cinayət xarakterli məlumatlar üzrə cinayət təqibinin nəticələrinə dair - Elektron cinayət" İnformasiya Proqramı yaradılmaqla 2012-ci ilin oktyabr ayından bu sistemin Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə və Ağır cinayətlərə dair işlər üzrə istintaq idarələri və bir sıra tabe prokurorluqlarda tətbiqinə başlanılmışdır. "2013-cü ilin Azərbaycan Respublikasında "İnformasiya kommunikasiya texnologiyaları ili" elan edilməsi haqqında"  Dövlət başçısının  Sərəncamından irəli gələn vəzifələrin icrası məqsədilə Baş Prokurorluğun müvafiq Tədbirlər planının təsdiq olunması və nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi barədə tapşırıqlar verilmişdir.

Bölgə müşavirələrində qaldırılmış təkliflərə və "Azərbaycan Respublikası Prokurorluğu orqanlarında metodik ədəbiyyatın hazırlanması və nəşri Qaydalarına" müvafiq olaraq, fəaliyyətin forma və metodlarının, ayrı-ayrı kateqoriyadan olan cinayətlərin istintaqı metodikasının daha da təkmilləşdirilməsi  məqsədilə 42 metodiki tövsiyənin, o cümlədən Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən "Korrupsiya cinayətləri: aşkar edilməsi, istintaqı və ittihamın müdafiə edilməsi" və Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi tərəfindən "Kriminalistika üzrə metodiki vəsaitlər" adlı topluların  hazırlanması və icraya yönəldilməsi  müsbət hal kimi dəyərləndirilmişdir.

Dövlət başçısı cənab İlham Əliyev tərəfindən 29 dekabr 2012-ci il tarixli Fərmanla təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının  əhəmiyyəti vurğulanmaqla, ölkənin gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi yolunda müstəsna əhəmiyyətə malik olan bu sənədin  icrası ilə əlaqədar prokurorluq orqanları qarşısında  duran vəzifələr,  prokurorluğun gələcək inkişafının əsas istiqamətlərini təşkil edəcək təkliflərin işlənilib hazırlanması və  Konsepsiyada nəzərdə tutulmuş məsələlərdən irəli gəlməklə prokurorluğun fəaliyyətinə uyğun tapşırıqların  yerinə yetirilməsi məsələləri diqqətə çatdırılmışdır.

Xüsusi olaraq vurğulanmışdır ki, korrupsiya qarşı kəsərli və ilk növbədə, profilaktiki yönümlü mübarizənin gücləndirilməsi, bu sahədə fəaliyyətin forma və metodlarının daha da təkmilləşdirilməsi  2012-ci ildə Azərbaycan Respublikası Prokurorluğunun qarşısında duran mühüm vəzifələrdən biri olmuşdur. Korrupsiyaya qarşı mübarizənin Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin prioritet istiqaməti kimi müəyyənləşdirilməsinin nəticəsidir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin çevik strukturunun formalaşdırılması, işçilərin say tərkibi artırılmaqla onların sosial müdafiəsinin gücləndirilməsi, ilk dəfə olaraq, idarəyə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətlərinin verilməsi, eyni zamanda, elektron informasiya ehtiyatlarından real vaxt rejimində istifadə imkanlarının yaradılması və bir sıra digər əhəmiyyətli tədbirlərin həyata keçirilməsi  müsbət uğurlara  gətirib çıxarmışdır.

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən tərəfindən 2012-ci ildə rüşvətlə bağlı, vəzifədən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma və bu xarakterli digər faktlar üzrə 298 şəxs barəsində 170 cinayət işinin istintaqı tamamlanaraq aidiyyəti üzrə baxılması üçün müvafiq məhkəmələrə göndərilmişdir. "161 - Qaynar xətt" əlaqə mərkəzinə daxil olan vətəndaş müraciətləri üzrə çevik tədbirlər görülməklə vəzifəli şəxslərin korrupsioner fəaliyyətləri ilə bağlı 34 cinayət işi başlanmış, idarənin öz imkanları hesabına reallaşdırdığı əməliyyat tədbirləri nəticəsində 32 vəzifəli şəxsin cinayətkar əməlləri ifşa edilmişdir.  Hesabat ilində idarənin korrupsiyaya  qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətindəki fəaliyyəti müsbət qiymətləndirilmişdir.

Diqqətə çatdırılmışdır ki, Nazirlər Kabinetinin 16 yanvar 2013-cü il tarixli iclasında korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin daha da  gücləndirilməsi barədə Dövlət başçısı cənab İlham Əliyevin verdiyi tapşırıqlara müvafiq olaraq, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən   2012-ci ildə əldə olunmuş nailiyyətlər  daha da möhkəmləndirilməklə „Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"na müvafiq olaraq  Azərbaycan Respublikası Prokurorluğuna həvalə edilmiş tapşırıqların keyfiyyətli icrası, qurumun işinin daha da müasirləşdirilməsi, əməkdaşların peşə hazırlığı səviyyəsinin müntəzəm artırılması və yeni informasiya texnologiyalarının  hərtərəfli tətbiqi və görülmüş işlər barədə geniş ictimaiyyətin sistemli şəkildə məlumatlandırılması təmin ediləcəkdir.

2012-ci ildə "Prokurorluq haqqında" qanunda nəzərdə tutulmuş əsas fəaliyyət istiqamətlərindən biri kimi dövlət ittihamının müdafiəsi sahəsində işin düzgün təşkilinə və səmərəliliyinin artırılmasına yönəldilmiş bir sıra real nəticələri olan məqsədyönlü tədbirlərin həyata keçirilməsi, iş metodları mütəmadi təkmilləşdirilməklə dövlət ittihamçılarının hazırlıq səviyyəsinin yüksəldilməsi, yeni informasiya texnologiyalarının imkanlarından səmərəli istifadə olunması, idarə əməkdaşlarının beynəlxalq tədbirlərdə faydalı iştirakı  diqqətə çatdırılmışdır.  Müsbət iş göstəricilərinə nail olunduğuna, əksər cinayət işləri üzrə dövlət ittihamının müdafiəsində peşəkarlıq göstərildiyinə görə bir çox əməkdaşın dövlət təltiflərinə layiq görülməsi, xidmətdə fərqləndirilməsi və vəzifədə irəli çəkilməsi görülən işlərin məntiqi nəticəsi kimi dəyərləndirilmişdir. Hesabat ilində dövlət ittihamının müdafiəsini həyata keçirən prokurorların iştirakı ilə 12.945 şəxs barəsində 10.815 cinayət işi və məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara baxılaraq yekun qərarlar qəbul edilmiş, məhkəmə səhvlərinin aradan qaldırılması üçün məqsədyönlü işlər görülmüşdür. Qeyd edilənlərlə yanaşı bu fəaliyyət istiqaməti üzrə işdə mövcud olan çatışmazlıqların aradan qaldırılması üçün konkret tapşırıqlar verilmişdir.

Azərbaycan Respublikası Prokurorluğu orqanları tərəfindən  2012-ci ildə  vətəndaş müraciətlərinə baxılması və onların qəbulu işinin daha da təkmilləşdirilməsi  istiqamətində zəruri tədbirlər həyata keçirildiyi vurğulanmışdır.  Hesabat ilində bütövlükdə prokurorluq orqanlarına 51 mindən çox, o cümlədən Baş Prokurorluğa 37,3 min ərizə və şikayət daxil olmaqla, onların 18,8 mininin müvafiq qaydada həlli, o cümlədən 2.520 müraciət üzrə vətəndaşların qaldırdığı məsələlər təmin olunmuşdur. Prokurorluq orqanlarında 24,5 mindən çox, o cümlədən şəxsən prokurorlar tərəfindən 11,3 min, Baş Prokurorluqda isə 3.035  vətəndaş qəbul edilmişdir. Prokurorluğun əlaqədar qurumlarından  tələb edilmişdir ki,  müraciətlərə baxılması və vətəndaşların qəbulu  sahəsində  rəhbər vəzifəli və əsas icraçılar olan əməkdaşların məsuliyyətinin artırılması, yeni informasiya texnologiyalarının imkanlarından daha geniş istifadə olunması, müraciətlərə formal yanaşma və süründürməçilik, qəbula gələnlərə biganə münasibət göstərilməsi hallarına son qoyulması təmin olunsun.

Kollegiya iclasında qeyd edilmişdir ki, 2012-ci ildə ədalətli  kadr siyasətinin həyata keçirilməsi istiqamətində məqsədyönlü tədbirlər davam etdirilmiş, şəffaf və obyektiv meyarlar əsasında kadrların seçilib yerləşdirilməsi və vəzifədə irəli çəkilməsi, kadr korpusunun  müsabiqə yolu ilə layiqli hüquqşünaslar hesabına  mütəmadi komplektləşdirilməsi   üçün zəruri tədbirlər görülmüşdür. Hesabat dövründə xidməti fəaliyyətlərində  müsbət iş göstəricilərinə nail olmaqla təşkilatçılıq bacarığı nümayiş etdirmiş  21 əməkdaş, o cümlədən 5 nəfərin ilk dəfə müstəqil rayon prokurorları vəzifələrinə təyin edildiyi, 77 prokurorluq işçisinin yuxarı təsnifatlar üzrə müxtəlif vəzifələrə irəli çəkildiyi, dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq   prokurorluqda qulluğa yeni qəbulun həyata keçirilməsi təmin olunmaqla, müsabiqə nəticələrinə görə müvəffəqiyyət qazanan 47 gənc hüquqşünasın yaxın vaxtlarda vakant vəzifələrə təyinatlarının aparılacağı,  ümumilikdə kadr tərkibinin 52 faizdən çoxunun bu yolla işə qəbul olunan gənclər olduğu  islahatların   uğurlu nəticələri kimi dəyərləndirilmişdir.

Diqqətə çatdırılmışdır ki, prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi istiqamətində ən qəti tədbirlərin görülməsi təmin olunmuşdur. 2012-ci ildə müxtəlif  xətalara yol verdiklərinə  görə 62 əməkdaş intizam qaydasında  cəzalandırılmış, 6 əməkdaş tutduğu vəzifələrdən azad edilmiş, xidmətlə bir araya sığmayan və  prokurorluq işçisinə yaraşmayan, «Azərbaycan Respublikası Prokurorluğu işçilərinin  Etik davranış Kodeksi»nin tələblərini  pozan hərəkətlərə yol verdiklərinə görə 10 əməkdaş prokurorluq orqanlarından xaric olunmuşdur. Həmçinin, səlahiyyət hədləri daxilində Respublika Hərbi prokurorunun əmrləri ilə 21 əməkdaş intizam məsuliyyətinə cəlb edilmişlər. 2013-cü ildə də xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi istiqamətində zəruri tədbirlərin eyni prinrsipiallıqla davam etdirilməsi, bütün rəhbər vəzifəli şəxslər  tərəfindən möhkəm nizam-intizam yaradılmasına yönəldilmiş müvafiq təşkilati və digər işlərin görülməsi barədə tapşırıqlar verilmişdir.

Xüsusi vurğulanmışdır ki, Azərbaycan Respublikası Prokurorluğunun digər hüquq mühafizə, ədliyyə və məhkəmə orqanları, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri ilə qarşılıqlı əlaqəli birgə fəaliyyəti, həyata keçirilmiş qətiyyətli və profilaktiki tədbirlər nəticəsində əvvəlki hesabat dövrü ilə müqayisədə 2012-ci ildə respublika üzrə qeydə alınmış ağır və xüsusilə ağır, o cümlədən şəxsiyyət əleyhinə olan, oğurluq, soyğunçuluq, quldurluq, hədə-qorxu ilə tələb etmə və xuliqanlıq  cinayətlərinin sayı əhəmiyyətli dərəcədə azalmış, banditizm və cinayətkar birlik yaratma kimi cinayətlər ümumiyyətlə qeydə alınmamış, törədilmiş 21.897 cinayətin 86,2 faizinin açılması təmin edilməklə bu göstərici 3,3 faiz yaxşılaşmışdır. Eyni zamanda, əvvəlki illərdə törədilməklə bağlı qalan 379, o cümlədən 81 ağır və xüsusilə ağır cinayətin açılması, habelə çoxsaylı  ağır cinayətlər törətmiş 191 cinayətkar qrup və  9  mütəşəkkil dəstənin zərərsizləşdirilməsi təmin olunmuşdur. Qabaqlayıcı tədbirlərin imkanlarından səmərəli istifadə olunmasının nəticəsidir ki, əhalinin hər min nəfərinə düşən cinayətlərin sayı azalaraq 236-ya bərabər olmuş, qrup halında, o cümlədən əvvəllər məhkum olunmuş şəxslərdən ibarət qruplar tərəfindən, ailə münaqişəsi zəminində  və odlu silahın tətbiqilə  törədilən cinayətlərin sayı azalmışdır.  

Eyni zamanda, qəsdən adam öldürmə və adam öldürməyə cəhd cinayətlərinin açılması və istintaqının təşkili  işində kifayət qədər  müsbət nəticələr əldə olunmuşdur.  Məqsədyönlü istintaq-əməliyyat tədbirlərinin həyata keçirilməsi ilə keçmiş illərdə törədilməklə uzun müddət ərzində bağlı qalan cinayətlərin, o cümlədən  Suraxanı və Cəlilabad rayon prokurorluqlarının birgə səyi nəticəsində 15 il bundan əvvəl, 1997-ci ildə itkin düşmüş V.Abdullayevin qəsdən öldürüldüyü və təqsirkar şəxs müəyyən edilmişdir.

2012-ci ildə Bakı şəhər prokurorluğu orqanları tərəfindən də səlahiyyət hədləri daxilində "Prokurorluq haqqında" qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəli təşkilinə və digər hüquq mühafizə orqanları ilə birlikdə cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsinə yönəldilmiş bir sıra  məqsədyönlü tədbirlər görülmüşdür. Həyata keçirilmiş tədbirlərin nəticəsidir ki, hesabat ilində bir çox  cinayətlərin  sayının azalmasına və onların açılması üzrə göstəricilərin yaxşılaşdırılmasına, habelə keçmiş illərdə törədilməklə bağlı qalan 252 cinayət üzrə  təqsirkar şəxslərin müəyyənləşdirilməsinə nail olunmuş, ibtidai araşdırmaya prosessual rəhbərliyin səmərəliliyi artırılmaqla, həm şəhər prokurorluğnun İstintaq idarəsi tərəfindən, həm də tabe rayon prokurorluqlarında bir çox ağır cinayətlərin peşəkarlıq səviyyəsində  istintaq olunması təmin edilmişdir.

Kollegiya iclasında qeyd edilmişdir ki,  Azərbaycan Prokurorluğu orqanlarında istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin səmərəliliyi və keyfiyyətinin artırılması istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər bu sahədə müsbət iş göstəricilərinin əldə edilməsi ilə nəticələnmişdir. Belə ki, Prokurorluq, Daxili İşlər, Ədliyyə, Vergilər və Fövqəladə Hallar nazirlikləri, Dövlət Gömrük Komitəsi və Sərhəd Xidmətinin istintaq qurumları tərəfindən hesabat dövründə 16.550 cinayət işinin istintaqı yekunlaşdırılmaqla, ittiham aktları təsdiq olunan 9.430 iş aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilmiş, bütün istintaq orqanları üzrə müddət pozuntusu ilə istintaq olunma faizi 8,1-ə bərabər olmuş,  cinayət işləri üzrə  maddi ziyanın ödətdirilməsində səmərəli tədbirlər həyata keçirilmişdir. Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi tərəfindən istintaqı tamamlanmış işlər üzrə vurulmuş 1,9  milyon manat ziyanın real ödəmə və əmlak üzərinə həbs qoyulması yolu ilə 100 faiz ödətdirilməsi təmin olunmuşdur. İstintaq üzərində prokuror nəzarətinin gücləndirilməsinin nəticəsi olaraq, hesabat ilində 318 cinayət işi üzrə icraata xitam verilməsi və 1.258 icraatın dayandırılması barədə qanunsuz və əsassız qərarlar ləğv edilmiş, qanunsuzluq hallarının aradan qaldırılması və təqsirli  əməkdaşların  cəzalandırılması məqsədilə 793 təqdimat verilmişdir.

Xidməti vəzifələrinin icrasına vicdanlı münasibət nümunəsi göstərən Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin əməkdaşları  tərəfindən bir sıra xüsusilə ağır və ağır cinayətlərin, habelə böyük ictimai rezonans doğuran hadisələrin yüksək peşəkarlıq səviyyəsində istintaq olunması, təqsirkar şəxslərin layiq olduqları məsuliyyətə cəlb edilmələri təmin olunmuşdur. Buna misal olaraq,  ötən il martın 1-də Quba şəhərində bir qrup şəxs tərəfindən ictimai qaydanın kobud şəkildə pozulmasına səbəb olan hərəkətlərin təşkili, özgə əmlakının qəsdən zədələnərək məhv edilməsi, 20 iyul 2012-ci ildə Bakı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş vermiş yanğın hadisəsi faktları üzrə   başlanmış cinayət işləri üzrə  həyata keçirilmiş  istintaq hərəkətləri göstərilmişdir. Eyni zamanda, 3 dekabr 2011-ci il tarixdə Siyəzən rayonu ərazisində  Elvin Vəliyevin və 19 may 2012-ci ildə Şamaxı rayonunda  Akim Əfəndiyevin meyitlərinin aşkar edilməsi və çoxsaylı digər qəsdən adam öldürmə cinayətləri üzrə idarə əməkdaşları tərəfindən keyfiyyətli istintaq aparılması və qanunauyğun tədbirlərin görülməsi təmin olunmuşdur. 

Təqdirəlayiq hal kimi diqqətə çatdırılmışdır ki, şəxsiyyət əleyhinə cinayətlərə qarşı mübarizə işinin düzgün təşkilinin nəticəsi olaraq, Sumqayıt şəhərinin Corat qəsəbəsində R.Rzayevanın qəsdən öldürülməsi, Mingəçevir şəhərində Pərvin Beydullayevin öldürülməsi və onun bacısı Pərvanənin öldürülməsinə cəhd göstərilməsi, Masallı rayonunun «Viləş» su kanalı ərazisində cinsi zorakılığa məruz qalmaqla sonradan boğulub öldürülmüş Nuray Ağayevanın meyitinin aşkarlanması, Qax rayonunun Alatəmir kəndində Sakmelaşvilinin və Abşeron rayonunun Saray qəsəbəsində Şamo Məmmədovun meyitlərinin aşkar edilməsi  faktları üzrə  peşəkar istintaq hərəkətləri həyata keçirilmişdir.

Kollegiya iclasında, görülmüş müsbət işlərlə yanaşı, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil  olunmaqla, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsində, cinayətkar hərəkətlər nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş zərərin ödənilməsi, vətəndaş müraciətlərinə baxılması və onların qəbulu ilə əlaqədar işin təşkilində yol verilən çatışmazlıqların qısa müddətlər ərzində aradan qaldırılması üçün konkret tapşırıqlar verilmişdir. Baş Prokurorluğun əlaqədar struktur qurumları və müvafiq tabe prokurorlar tərəfindən daxili işlər orqanları ilə əlaqəli şəkildə 2012-ci ilin nəticələrinə görə artımı müşahidə olunan cinayətlərin profilaktikası istiqamətində zəruri tədbirlərin görülməsi, eyni zamanda, cəzanın labüdlüyü prinsipinin təmin edilməsi məqsədilə, bağlı qalmış cinayətlərin açılması və təqsirkar şəxslərin layiq olduqları məsuliyyətə cəlb olunması üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyi diqqətə çatdırılmışdır. 2011-ci illə müqayisədə  bağlı qalan qəsdən adam öldürmə cinayətlərinin sayının əhəmiyyətli dərəcədə azalmasına baxmayaraq, Baş Prokurorluğun müvafiq qurumları və əlaqədar tabe prokurorlara tapşırıq verilmişdir ki,   hesabat ilinin nəticələrinə görə bağlı qalmış 8 belə cinayətin, o cümlədən Bakı şəhərinin Yasamal, Ağdaş, İmişli, Balakən, Xızı, Şəmkir və Şəki rayonları, habelə Sumqayıt şəhərinin hər birində 1 fakt olmaqla açılması istiqamətində zəruri tədbirlərin görülməsi   təmin edilsin.

              Dövlət başçısı cənab İlham Əliyevin  27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı»nın  tələblərindən irəli gələn və Baş Prokurorluğun əsas icraçılardan biri kimi nəzərdə tutulduğu vəzifələrin yerinə yetirilməsi, bu məsələ ilə əlaqədar təsdiq olunmaqla icraya yönəldilmiş Baş Prokurorluğun xüsusi Tədbirlər planında nəzərdə tutulmuş tapşırıqların müəyyən edilmiş müddətlər ərzində və keyfiyyətli icrasının təmin olunması barədə göstərişlər verildi. Habelə, ölkəmizin öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərdən irəli gələn və  «Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında» 22 may 2012-ci il tarixli qanuna uyğun qaydada konkret icra mexanizmləri müəyyənləşdirilən vəzifələrdən biri kimi həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin olunması, onlara qarşı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftara yol verilməsinin qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi tarşırıldı.

Kollegiya iclasında vurğulanmışdır ki, son illərin statistik göstəricilərinin müqayisəsinə  görə  ölkənin  kriminogen durumunda narahatçılıq doğuran problemlərdən biri  yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətlərinin və bu hadisələr nəticəsində ölən və yaralananların sayının yüksək olması  hesab edilməlidir.  Əminlik ifadə olunmuşdur ki, yol nəqliyyat hadisələrinin baş vermə səbəblərinin aradan qaldırılması, bu hadisələrlə bağlı aparılan təhqiqat, istintaq və ekspertizalar zamanı yol verilən korrupsiya və digər sui-istifadə hallarının qarşısının alınması və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması işində  Prezident cənab İlham Əliyev tərəfindən 26 dekabr 2012-ci il tarixdə imzalanmış «Yol nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında» Sərəncam müstəsna rol oynayacaqdır.

Diqqətə çatdırılmışdır ki, yol nəqliyyat hadisələrinin təhqiqatında və istintaqında qanunların icrasına, açılması təmin edilməmiş ölümlə nəticələnən yol nəqliyyat hadisələri ilə bağlı istintaq və əməliyyat-axtarış hərəkətlərinin həyata keçirilməsinə nəzarətin gücləndirilməsi, yol nəqliyyat hadisələri ilə bağlı aparılan təhqiqat, istintaq və ekspertizalar zamanı qanun pozuntularına yol verən şəxslərin məsuliyyətə cəlb edilməsinin təmin olunması barədə Baş Prokurorluğa verilmiş  tövsiyələrin icrasının təmin edilməsi  ilə bağlı müvafiq  əmr hazırlanmaqla icraya yönəldilmiş,  məsələnin aktuallığı nəzərə alınmaqla, əlaqədar qurumlar tərəfindən  bu sahədə istintaq və məhkəmə təcrübəsinin ümumiləşdirilməsi, istintaq və dövlət ittihamının müdafiəsi üzrə tədbirlərin səmərəliliyinin yüksəldilməsi, açılmamış qalan hadisələr üzrə əməliyyat-axtarış işlərinin intensivliyinin artırılması, hadisə yerindən qaçan sürücülər barəsində müvafiq qətimkan tədbirinin seçilməsi və cəza təyini məsələlərinin həllində tələbkarlığın yüksəldilməsinin təmin olunması barədə tapşırıqlar verilmişdir.

Kollegiya iclasında Azərbaycan Respublikasının Silahlı Qüvvələri və bütün hərbi birləşmələrdə qanunçuluğun təmin olunması və hərbi nizam-intizamın möhkəmləndirilməsi, cinayətkarlığa və qanun pozuntularına qarşı mübarizənin gücləndirilməsi istiqamətində Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun öz səlahiyyətləri daxilində səmərəli fəaliyyət göstərdiyi, işin düzgün təşkili, xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirildiyi, mövcud strukturun təkmilləşdirilməsi və fəaliyyətin müasirləşdirilməsi, yeni informasiya texnologiyalarının tətbiqi istiqamətində  məqsədyönlü işlərin  görüldüyü diqqətə çatdırılmışdır. Dövlət əmlakının mənimsənilməsi, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi istiqamətində bir sıra səmərəli tədbirlərin həyata keçirildiyi, o cümlədən, 2011-ci illə müqayisədə hesabat ilində 121 fakt və ya 44 faiz çox korrupsiya  və  rüşvətxorluq  cinayətləri aşkarlandığı, müstəqil şöbə statusunda fəaliyyət göstərən Xüsusi istintaq şöbəsində qanunsuz erməni silahlı birləşmələri tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətlərinin istintaqı ilə əlaqədar görülən məqsədyönlü işlər barədə məlumat verilmişdir.

Bildirilmişdir ki, 2012-ci il Naxçıvan Muxtar Respublikası Prokurorluğu orqanları üçün də uğurlu bir hesabat dövrü olmuş, digər əlaqədar dövlət təsisatları ilə qarşılıqlı birgə fəaliyyətin nəticəsi olaraq, Muxtar Respublika ərazisində cinayətkarlığa qarşı kəsərli mübarizə aparılması və istiqamətlər üzrə səmərəli tədbirlərin həyata keçirilməsi  təmin edilmişdir. Ötən il ərzində qeydə alınmış cinayətlərin sayının 31 faiz azalması  və onların hamısının, habelə keçmiş illərdə törədilməklə bağlı qalan 34 hadisənin açılması təmin edilmiş, digər istiqamətlər üzrə işin təşkilində də müsbət iş göstəricilərinə  nail olunmuşdur. Prokurorluğun qayğılarına dövlət səviyyəsində diqqətin nümunəsidir ki, hesabat  ilində Naxçıvan şəhər və  Babək rayon prokurorluqları üçün   müasir standartlara cavab verən yeni inzibati binalar tikilib  istifadəyə verilmişdir.

Azərbaycan Respublikasının beynəlxalq nüfuzu və dünya dövlətləri ilə qarşılıqlı əlaqələri daha da artmaqla mühüm diplomatik uğurların əldə edilməsi, ölkəmizin mövqelərinin dünya miqyasında və regionda möhkəmləndirilməsi ilə xarakterizə olunan 2012-ci ildə prokurorluq orqanlarının beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində bir sıra əhəmiyyətli tədbirlərin həyata keçirilməsi təmin olunmuş, ölkəmizin tərəfdaş olduğu öhdəliklərdən irəli gələn məsələlərin, o cümlədən hüquqi yardım və ekstradisiya  ilə əlaqədar vəzifələrin vaxtında və keyfiyyətli  icrasına yönəldilmiş müvafiq işlərin görüldüyü diqqətə çatdırılmışdır.

Baş prokurorun müavini - Respublika Hərbi prokuroru Xanlar Vəliyev, Naxçıvan Muxtar Respublikasının prokuroru Səbuhi Şahverdiyev, Bakı şəhər prokuroru Əziz Seyidov, Baş Prokurorluğun Hüquqi təminat və informasiya idarəsinin rəisi Natiq Hüseynov və digər natiqlərin  çıxışlarında 2012-ci il ərzində görülmüş işlər barədə ətraflı məlumatlar verilməklə, «Prokurorluq haqqında» qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə fəaliyyətin səmərəliliyinin daha da artırılması, prokurorluq orqanlarının işinin müasir məzmunda təkmilləşdirilməsinə  yönəldilmiş konkret təkliflər irəli sürülmüşdür.

Kollegiya iclasına  yekun vuran Baş prokuror Zakir Qaralov ümidvar olduğunu bildirmişdir ki, Azərbaycan Respublikası Prokurorluğunun  kollektivi və hər bir əməkdaş  ölkəmizdə reallaşdırılan böyük quruculuq işlərində öz səlahiyyətləri daxilində yaxından iştirak etməklə, digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə bütün uğurlarımızın əsas təminatçısı kimi ölkədə formalaşdırılmış dayanıqlı ictimai-siyasi sabitliyin və əmin-amanlığın, dövlət maraqlarımızın hər cür cinayətkar qəsdlərdən qorunması, cinayətkarlığa qarşı qətiyyətli mübarizənin təşkili, vətəndaş cəmiyyətinə xas olan demokratik dəyərlərin  etibarlı müdafiəsi işində öz xidmətlərini göstərəcəkdir.