Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2013-02-04
Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərindən

Ağdaş şəhər sakini Elsəvər Məmmədovun ötən il dekabrın 3-də idarə etdiyi VAZ-2106 markalı 10 EK 970 dövlət nömrə nişanlı avtomobillə evdən çıxaraq geri qayıtmaması faktı ilə əlaqədar dekabrın 29-da Baş Prokurorluqda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaqın aparılması Ağdaş rayon prokurorluğuna tapşırılmışdır.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində E.Məmmədovun Şamaxı rayon sakinləri Oqtay Mürsəlov və Vasif Soltanov tərəfindən qətlə yetirildiyi müəyyən edilmişdir.

Araşdırmalarla həmçinin o da müəyyən edilmişdir ki, E.Məmmədov tanışı O.Mürsəlovun vasitəsilə ayrı-ayrı şəxsləri işə düzəltmək üçün sonuncuya 2012-ci ilin oktyabr ayında İsmayıllı rayonunda 7.500 manat pul vermişdir. Dekabrın 3-də saat 16.00 radələrində isə Ağdaş rayonundakı evindən çıxaraq yenidən onunla görüşmək məqsədi ilə Qəbələ-İsmayıllı istiqamətində yola düşmüşdür. Görüşdən sonra O.Mürsəlov tanışı V.Soltanovla qabaqcadan cinayət əlaqəsinə girərək tamah məqsədilə Elsevər Məmmədovu Şamaxı rayonunun Dilənçilər kəndi ərazisində boğaraq qətlə yetirmiş və meyiti Pirqulu kəndi ərazisində basdırmışlar. E.Məmmədova məxsus VAZ-2106 markalı avtomobili isə Qaradağ rayonunun Müşviqabad qəsəbəsi ərazisində gizlətmişlər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki şəxs şübhəli şəxs qismində tutulmuşdur. Onlar ilkin dindirmə zamanı törətdikləri cinayəti tam etiraf etmiş və meyiti basdırdıqları, avtomobili gizlətdikləri yerləri göstərmişlər. Meyit basdırıldığı yerdən çıxarılmış və iş üzrə məhkəmə-tibb və digər zəruri ekspertizalar təyin edilmişdir.

Baş vermiş cinayət hadisəsi üzrə bütün halların tam, hərtərəfli və obyektiv araşdırılması məqsədi ilə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.