Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2013-05-10
Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərindən

Mayın 9-da 2010-cu il təvəllüdlü Mələk Mahmudovanın meyitinin Kürdəmir şəhəri, H.Əliyev prospekti, ev 2/8 nömrəli ünvanda aşkar edilməsi barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Faktla bağlı həmin tarixdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

İstintaq zamanı müəyyən edilmişdir ki, əvvəllər məhkum olunmuş Q.Süleymanov qeyri-rəsmi nikah münasibətlərində olmaqla bir evdə yaşadığı R.Mahmudova ilə mayın 7-də şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı sonuncunu döyərək ona bədən xəsarətləri yetirmişdir. Mayın 8-də R.Mahmudova Q.Süleymanovun yatmasından istifadə edərək evdən qaçıb sonuncu tərəfindən döyülməsi barədə rayon polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmiş, lakin qızını evdən aparmağa imkan tapmamışdır.  Q.Süleymanov R.Mahmudova ilə telefonla əlaqə saxlayaraq barəsində yazdığı şikayəti geri götürməyəcəyi təqdirdə onun azyaşlı qızını öldürəcəyi ilə hədələmiş və həmin gün azyaşlı M.Mahmudova ilə evdə tək qaldıqları şəraitdə sonuncunu qəsdən öldürmək məqsədilə bədəninin müxtəlif nahiyyələrinə sillə, yumruq və təpiklə zərbələr vuraraq onu qəsdən öldürərək hadisə yerindən qaçmışdır.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 10-da Qeyrət Süleymanov cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.

          Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.