Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2013-05-10
Fövqəladə Hallar Nazirliyinin və Baş Prokurorluğun birgə məlumatı

 Mayın  9-da saat 16 radələrində paytaxtın Yasamal rayonu ərazisindəki yaşayış evində yanğın baş verməsi barədə daxil olmuş məlumat əsasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Mühafizə Xidmətinin və Yasamal rayon prokurorluğunun əməkdaşlarından ibarət əməliyyat qrupu tərəfindən ekspertlərin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir.

Müəyyən edilmişdir ki, yanğın Yasamal rayonu Z.Adıgözəlov küşəsində yerləşən 2 mərtəbəli yaşayış evinin 2-ci mərtəbəsindəki  2 ədəd 2 otağlı mənzildə baş vermiş və yanğın nəticəsində hər iki mənzilin cəmi 94 kv.metr ərazisi yanmışdır.

Hadisə yerinə baxış zamanı mənzillərin birindən kirayənişin yaşayan 1949-cu il təvəllüdlü Valentina Korolyovanın və onun nəvəsi 2010-cu il təvəllüdlü Rauf Əhmədovun meyitləri aşkar edilmişdir. Digər  mənzildə  aşkar edilmiş, yanğın nəticəsində müxtəlif  dərəcəli yanıq xəsarətləri almış və tüstüdən zəhərlənmiş 2000-ci il təvəllüdlü Səbinə Baladadaşova, 1992-ci il təvəllüdlü Elvin Bayramov və 1959-cu il təvəllüdlü Seyfulla Hüseynov isə dərhal xəstəxanaya aparılmışlar.

Faktla bağlı Fövqəladə Hallar Nazirliyində Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, iş üzrə müvafiq ekspertizalar təyin edilmişdir.