Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2013-05-26
Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu Mətbuat xidmətlərinin məlumatı

Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Həmişəyev Cavid Zaməddin oğlunun paytaxtın Nərimanov rayonu, Həsən Əliyev küçəsi, ev 92, mənzil 8-də meyiti aşkar edilmişdir. 

Dərhal rayonun hüquq mühafizə orqanları hadisə yerinə gələrək, hadisə yerinə və meyitə məhkəmə-tibbi ekspertin iştirakı ilə baxış keçirilmiş, meyitin üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik 19 xəsarət aşkar edilmişdir. 

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) və 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddələri ilə Nərimanov rayon prokurorluğunda cinayət işi başlanmışdır. 

Aparılan ilkin istintaq-əməliyyat tədbirləri nəticəsində C. Həmişəyevə məxsus 90 NU-363 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil və həmçinin şəxsi əşyalarının olmadığı müəyyən edilmişdir. 

Daxili işlər və prokurorluq orqanları əməkdaşlarının birgə həyata keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində həmin avtomobil gecə saat 2:00 radələrində Bakının 20 Yanvar dairəsi yaxınlığında saxlanılmışdır. 

Avtomobildə olan Bağırlı Türkan Sudef qızı, Ərəbov Yasin Mərkəz oğlu və Məmmədov Koroğlu Yusif oğlu tutularaq istintaqa cəlb edilmişlər. Onlar ilkin ifadələrində C.Həmişəyevi tamah məqsədilə qətlə yetirdiklərini etiraf etmişlər. 

Avtomobilə baxış keçirilərkən oradan C.Həmişəyevin şəxsi əşyaları, sənədləri, Koroğlu Məmmədovun cinayəti törədən zaman geyindiyi paltarları, avtomobildə olan 600 manat, şalvarının cibindəki 70 manat pul K.Məmmədov və Y.Ərəbovdan aşkar edilərək götürülmüşdür. C.Həmişəyevin qətlə yetirilməsində istifadə olunan iki ədəd bıçaq Buzovna qəsəbəsindəki Ç.Mustafayev küçəsi, dalan 10-da zibillik ərazidən aşkar edilərək maddi sübut kimi götürülmüşdür. 

Hazırda cinayət işi üzrə təxirəsalınmaz istintaq hərəkətləri davam etdirilir.