Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2013-05-31
Daxili İşlər, Fövqəladə Hallar nazirlikləri və Baş Prokurorluğun Mətbuat xidmətlərindən

Mayın 31-də saat 04:34-də İsmayıllı rayon sakini, 1948-ci il təvəllüdlü Ənvər Adıgözəlov istifadəsində olan mobil telefonundan Daxili İşlər Nazirliyinin "102 Zəng Xidməti"nə zəng edərək paytaxtın Nizami rayonundakı "Bağırov körpüsü"nə, Xətai rayonundakı "Xətai körpüsü"nə və Zabrat qəsəbəsinə gedən yoldakı "Sabunçu körpüsü"nə partlayıcı qurğuların yerləşdirilməsini və bu məlumatın ona Asif adlı şəxsin "sms"lə ötürməsini bildirmişdir.

Həmin məlumat əsasında Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri təxirəsalınmaz tədbirlərin görülməsi üçün hüquq mühafizə orqanlarının əməkdaşları ilə dərhal həmin ünvanlara cəlb edilməklə əraziyə baxış keçirmiş və müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Nəticədə qeyd olunan ərazilərdə şübhəli əşya aşkar edilməmişdir.

Ənvər Adıgözəlov barəsində İsmayıllı Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanmışdır.

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Ə.Adıgözəlov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.