Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2013-06-05
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan

27 sentyabr 2012-ci il tarixdə Bakı şəhər sakini Qurban Məmmədov idarə etdiyi “Toyota RAV-4” markalı avtomaşınla Nəsimi rayonu, Vaqif prospekti 9a saylı ünvanda yerləşən avtodayanacaqda gözətçi işləyən Pərviz Abbasovu vuraraq xəsarət yetirməsi faktı ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. 

İş üzrə zəruri istintaq hərəkətləri yerinə yetirilməklə şahidlər dindirilmiş, müvafiq ekspertizalar, o cümədən məhkəmə-tibb ekspertizası təyin edilərək rəylər alınmış və digər prosessual hərəkətlər aparılmışdır. 

Kifayət qədər əsaslar olduğundan Q.Məmmədov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 263.1-1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ittiham elan edilmişdir. 

İstintaqın gedişində zərərçəkmiş P.Abbasov müraciət edərək Q. Məmmədovun ona hədə-qorxu gələrək istintaqa verdiyi ifadələri dəyişməsini tələb etmiş, əks təqdirdə onu və ailə üzvlərini öldürəcəyi ilə təhdid etməsini bildirmişdir. 

Q.Məmmədov istintaq dövründə ziddiyətli ifadələr verməklə hadisənin mexanizmini dəyişməyə dəfələrlə cəhd etdiyindən, zərərçəkmiş P.Abbasova qanunsuz təsir göstərdiyindən və istintaq orqanının çağırışlarına üzrlü səbəblər olmadan gəlmədiyindən barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. 

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.