Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2013-06-07
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərindən

Respublikanın hüquq mühafizə orqanları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində daha bir ağır cinayətin qısa müddət ərzində açılması təmin edilmişdir. 

Xəbər verildiyi kimi, iyunun 5-də saat 19.00 radələrində paytaxtın Azərbaycan prospektindəki 23 saylı binanın 21-ci mənzilində "Göyçay Kərpicsan" Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru, Türkiyə Respublikasının vətəndaşı Mehmet Alimin üzərində zorakılıq əlamətləri olan meyiti aşkar olunmuşdur. 

Dərhal prokurorluq və polis orqanlarının əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir. 

Fakta görə Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır. 

Keçirilmiş təxirəsalınmaz tədbirlərlə qətlin Bakı şəhər sakini Rasim Məmmədov tərəfindən törədildiyi müəyyən edilib və o, tutularaq istintaqa cəlb olunmuşdur. 

İlkin istintaqla müəyyən edilmişdir ki, Rasim Məmmədov Mehmet Alimi şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı sonuncunun ofisində bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirmişdir. 

Hazırda iş üzrə istintaq davam etdirilir.